Azərbaycan Tibb Universitetinin (ATU) rektoru, professor Gəray Gəraybəyli Niderland Krallığının nüfuzlu elmi və ali təhsil müəssisələrindən biri olan Erasmus Universiteti Tibb Mərkəzinin (Erasmus MC) nümayəndə heyəti ilə görüşüb.
Bu barədə Aztibb.az-a ATU-dan məlumat verilib.
Bildirilib ki, Erasmus MC-nin Qastroenterologiya və Hepatologiya laboratoriyasının rəhbəri, Avropa Tədqiqat Şurasının (ERC) qrant mükafatçısı, professor Maykel Peppelenboşun başçılıq etdiyi nümayəndə heyəti ilə keçirilən görüşdə iki ali təhsil və elmi-tədqiqat müəssisəsi arasında əməkdaşlığın inkişaf perspektivləri geniş müzakirə olunub.
Görüşdə ATU-nun rektoru, professor Gəray Gəraybəyli universitetin beynəlxalq əlaqələrinin genişləndirilməsi, aparıcı xarici ali təhsil və elmi-tədqiqat mərkəzləri ilə dayanıqlı tərəfdaşlıqların qurulmasının strateji prioritetlərdən biri olduğunu diqqətə çatdırıb.
Müasir dövrdə tibb elmi və tibbi təhsilin inkişafının beynəlxalq elmi əməkdaşlıq, qabaqcıl təcrübə və innovativ yanaşmaların mübadiləsini, eləcə də birgə tədqiqat təşəbbüslərinin həyata keçirilməsini aktuallaşdırdığını vurğulayan rektor bu baxımdan, Erasmus Universiteti Tibb Mərkəzi ilə əlaqələrin qurulmasının xüsusi əhəmiyyət daşıdığını qeyd edib.
Rektor bildirib ki, ATU beynəlxalq akademik inteqrasiyanın gücləndirilməsini yalnız institusional əlaqələrin genişləndirilməsi kimi deyil, həm də universitetin elmi potensialının artırılması, tədqiqat infrastrukturunun inkişafı, gənc alimlərin beynəlxalq elmi mühitə inteqrasiyası və tibbi təhsilin keyfiyyətinin yüksəldilməsi baxımından mühüm imkan kimi qiymətləndirir.
Professor Maykel Peppelenboş da çıxışında qeyd edib ki, ATU ilə əməkdaşlığın konkret elmi istiqamətlər və birgə təşəbbüslər əsasında inkişaf etdirilməsi hər iki tərəf üçün qarşılıqlı faydalı nəticələr vəd edir. Xüsusilə qastroenterologiya, hepatologiya, transplantologiya və regenerativ təbabət sahələrində təcrübə mübadiləsi, birgə tədqiqatların təşkili və gənc tədqiqatçıların elmi laboratoriyalarda fəaliyyətinin dəstəklənməsi perspektivli əməkdaşlıq istiqamətləridir.
Daha sonra Erasmus MC-nin beynəlxalq əlaqələr üzrə baş müşaviri Raoul Tan mərkəzin beynəlxalq əməkdaşlıq strategiyası, elmi-tədqiqat siyasəti, beynəlxalq tərəfdaşlıq mexanizmlərinə dair təqdimatla çıxış edib. Təqdimatda beynəlxalq elmi şəbəkələrin formalaşdırılması, institusional tərəfdaşlıqların inkişafı və birgə tədqiqat təşəbbüslərinin dəstəklənməsi məsələlərinə xüsusi diqqət yetirilib.
Görüş çərçivəsində Azərbaycan Tibb Universitetinin fəaliyyətini əks etdirən təqdimat videosu da nümayiş olunub. Qonaqlara universitetin tədris və klinik infrastrukturu, elmi-tədqiqat istiqamətləri, həyata keçirilən layihələr, beynəlxalq əlaqələri, akademik mühiti və elmi potensialı barədə ətraflı məlumat verilib.
Təqdimatlardan sonra tərəflər arasında konkret əməkdaşlıq mexanizmləri, prioritet elmi istiqamətlərin müəyyənləşdirilməsi, akademik və tədqiqatçı mübadiləsinin təşkili, eləcə də gələcək birgə layihələrin reallaşdırılması imkanları ətrafında fikir mübadiləsi aparıblar.

