İlon Mask: Görmə qabiliyyətini bərpa etməyə yönəlmiş beyin implantı sınaqlara hazırdır
04.11.2026 11:44

İlon Maskın rəhbərlik etdiyi “Neuralink” şirkəti görmə qabiliyyətini itirmiş insanların görmə funksiyasını bərpa etməyə yönəlmiş “Blindsight” adlı beyin implantının texniki hazırlanmasının başa çatdığını açıqlayıb. Hazırda şirkət texnologiyanın insanlar üzərində sınaqdan keçirilməsi üçün ABŞ-nin Qida və Dərman Administrasiyasının (FDA) müvafiq icazəsini gözləyir.

Aztibb.az “Neuralink"ə istinadən xəbər verir ki, bu barədə İlon Mask sosial şəbəkə hesabında məlumat verib.

İ.Maskın sözlərinə görə, texnologiya gələcəkdə hətta anadangəlmə görmə qabiliyyəti olmayan insanlara da görmə imkanı yarada bilər. Bu, layihənin əsas hədəflərindən biri kimi təqdim olunur.

“Blindsight” əvvəlki beyin-kompüter interfeyslərindən fərqli mexanizmlə işləyir. Qurğu beyindən siqnalları oxumaq əvəzinə, vizual məlumatları birbaşa beynin görmə qabığına ötürmək üçün nəzərdə tutulub. Bunun üçün kameradan əldə edilən görüntülər elektrik impulslarına çevrilərək xüsusi implant vasitəsilə beynin görmə mərkəzinə çatdırılır. Beləliklə, sistem gözləri və görmə sinirini keçərək vizual məlumatın birbaşa beyinə ötürülməsini hədəfləyir.

Qeyd edək ki, 2024-cü ilin sentyabrında ABŞ-nin FDA qurğuya “sıçrayış xarakterli tibbi cihaz” (Breakthrough Device) statusu verib. Bu status ciddi xəstəliklərin müalicəsi və diaqnostikası üçün nəzərdə tutulan perspektivli texnologiyaların qiymətləndirilməsi prosesini sürətləndirməyə imkan verir. Lakin həmin status cihazın təhlükəsizliyinin və effektivliyinin təsdiqlənməsi, yaxud onun istifadəsinə və satışına icazə verilməsi demək deyil.

Hazırda “Blindsight” implantının insan üzərində tətbiqinə başlanılması barədə rəsmi təsdiqlənmiş məlumat yoxdur. Şirkətin əvvəlki açıqlamalarına əsasən, texnologiya heyvanlar üzərində sınaqdan keçirilib. 2025-ci ilin ortalarına olan məlumatlarda meymunlardan birinin implantı üç il ərzində daşıdığı bildirilirdi.

İlon Mask daha əvvəl lazımi tənzimləyici icazələr alındıqdan sonra implantın ilk dəfə insana yerləşdirilməsi əməliyyatının 6-12 ay ərzində həyata keçirilə biləcəyini açıqlamışdı.

Bununla belə, mütəxəssislər qeyd edirlər ki, beynin görmə mərkəzinə vizual məlumatların ötürülməsi təbii görmənin tam bərpası ilə eyniləşdirilməməlidir. Belə texnologiyaların real imkanları yalnız klinik sınaqlar nəticəsində, xüsusilə təhlükəsizlik, effektivlik və əldə edilən görüntülərin keyfiyyəti qiymətləndirildikdən sonra müəyyən edilə bilər.

Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Respublika Klinik Xəstəxanası qeydiyyatçı vakansiyası elan edir
Ağcabədidə arı sancması nəticəsində anafilaktik şok keçirən pasiyent sağlamlığına qovuşub
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
                  İnsultdan sonra nitqdə qeyri-adi dəyişiklik - Beyin dil bacarıqlarına təsir edir?                      
Səhiyyə nazirinin müavini İtaliyada beynəlxalq səviyyəli görüşdə iştirak edib
 Milli Onkologiya Mərkəzdə Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı müşavirə keçirilib   
 Mərkəzi Gömrük Hospitalının Poliklinika şöbəsində geniş spektrli tibbi xidmətlər göstərilir   
30 ildən çox dondurulmuş embriondan doğulan körpə artıq bir yaşındadır
“Qızıl yaşlar” təşəbbüsündə fəallıq göstərən könüllülər təltif olunub
Tədris Cərrahiyyə Klinikasında xəstəyə uğurla laparoskopik xolesistektomiya əməliyyatı icra olunub
 Respublika Klinik Xəstəxanasında qida borusu törəməsi ilə bağlı uğurlu əməliyyat    
Sinir sistemi sağlamlığı həyat keyfiyyətininin vacib bir hissəsidir
Gecə ürəkdöyünmə ilə oyanmaq hansı səbəblərdən qaynaqlana bilər?
Gigiyena qaydalarına əməl olunması məktəb və digər kollektivlərdə infeksiyaların yayılmasının qarşısının alınmasında əhəmiyyətlidir
 Təcili tibbi yardım briqadasının üzvləri təltif olunublar