Azərbaycan Tibb Universitetinin (ATU) nümayəndə heyəti Belarus Dövlət Tibb Universitetinin (BDTU) 105 illik yubileyinə həsr olunmuş təntənəli tədbirlərdə iştirak edir. Minsk şəhərində keçirilən yubiley mərasimlərində ATU-nun prorektorları Mahir Səfərov və Nizami Adilov universiteti təmsil edirlər.
Bu barədə Aztibb.az-a ATU-dan məlumat verilib.
Bildirilib ki, yubiley proqramı çərçivəsində “Tibbin aktual məsələləri” Respublika konfransı, XX yubiley beynəlxalq ixtisaslaşdırılmış “Belarus Stomatologiyası” (BELARUSDENT) sərgisi və XII Belarus Beynəlxalq Stomatoloji Konqresi təşkil olunub. Beynəlxalq Stomatoloji Forum çərçivəsində keçirilən tədbirlər elmi nailiyyətlərin müzakirəsi, müasir texnologiyaların təqdimatı və mütəxəssislər arasında təcrübə mübadiləsinə xidmət edir.
ATU-nun tərbiyə işləri üzrə prorektoru, tibb üzrə fəlsəfə doktoru, ortopedik stomatologiya kafedrasının dosenti Mahir Səfərov XII Belarus Beynəlxalq Stomatoloji Konqresinin “Stomatologiyanın aktual məsələləri” elmi sessiyasında "Dental implantasiya fəsadlarının yayılması, müalicəsi və profilaktikası problemi"nə dair məruzə ilə çıxış edib.
Aktuallığı ilə diqqət çəkən məruzədə qeyd olunub ki, müasir dental implantların yüksək sağqalma göstəricilərinə baxmayaraq, periimplantat mukozit pasiyentlərin 35–55 faizində, periimplantit isə 22–27 faizində müşahidə olunur. Bu ağırlaşmaların sürətli inkişaf xüsusiyyəti erkən diaqnostika və risk amillərinin vaxtında aradan qaldırılmasını zəruri edir. 180 pasiyentin iştirakı ilə aparılan təhlildən danışan ATU rəsmisi qeyd edib ki, araşdırma ağız boşluğunun qeyri-düzgün gigiyenası ilə iltihabi ağırlaşmalar arasında birbaşa əlaqəni üzə çıxarıb. Ağırlaşma müşahidə olunan pasiyentlərin yarıdan çoxunun aşındırıcı tərkibli, o cümlədən ağardıcı diş pastalarından istifadə etdiyi müəyyənləşdirilib. Həmçinin pasiyentlərin 70 faizinin implantlara qulluq qaydaları barədə həkimdən yetərli məlumat almadığı aşkarlanıb. Qanaxma zamanı özbaşına müalicəyə əl atılması isə sümük toxuması itkisinin ağırlaşmasına səbəb olan amillərdən biri kimi diqqətə çatdırılıb.
Məruzəsində implantoloji müalicənin uzunmüddətli uğuruna da toxunan prorektor bildirib ki, bu, yalnız implantın keyfiyyətindən deyil, həm də düzgün gigiyenik qulluqdan və pasiyentlərin məlumatlılığından asılıdır. Bu baxımdan, hər bir pasiyentə implantlara qulluq qaydaları ətraflı izah edilməli, xüsusi qeyri-abraziv gigiyena vasitələrinin istifadəsi tövsiyə olunmalıdır.
Məruzədə periimplantat xəstəliklərin profilaktikasında həkim-pasiyent əməkdaşlığının, maarifləndirmənin və müntəzəm stomatoloji nəzarətin əhəmiyyəti ön plana çəkilib.
Qeyd edək ki, Beynəlxalq Stomatoloji Forum hər il dünyanın 11 ölkəsini təmsil edən iştirakçıları bir araya gətirir. Forumda Azərbaycan, Belarus, Hindistan, İran, Çin, Qırğızıstan, Türkiyə, Tanzaniya, Özbəkistan, Rusiya və Cənubi Koreyanın nümayəndələri iştirak edirlər.

