ATU-da orqan donorluğu və transplantasiyanın aktual məsələləri müzakirə olunub  
03.11.2026 15:21

Azərbaycan Tibb Universitetində (ATU) Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin və Azərbaycan Ürək-damar Cərrahları Cəmiyyətinin birgə təşkilatçılığı ilə elmi-praktik konfrans keçirilib.

 

Bu barədə Aztibb.az-a ATU-dan xəbər verilib.

 

Bildirilib ki, “İnsanların yaşamaq şansı sənin əlindədir!” devizi altında təşkil olunan tədbirdə orqan donorluğu və transplantasiya sahəsinin inkişaf perspektivləri, mövcud imkanlar və bu istiqamətdə maarifləndirmənin əhəmiyyəti müzakirə olunub.

 

Konfransda çıxış edən ATU-nun Elmi işlər üzrə prorektoru, professor Məlahət Sultan tədbirin “Transplantat 360” həftəsi çərçivəsində keçirildiyini və bu təşəbbüsün ilk mərhələsinin Azərbaycan Tibb Universitetindən başladığını diqqətə çatdırıb. O, tədbirin təşkilinə görə Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin rəhbərliyinə, Azərbaycan Ürək-damar Cərrahları Cəmiyyətinin fəxri sədri, professor Kamran Musayevə və digər təşkilatçılara təşəkkürünü bildirib, iştirakçılara uğurlar arzulayıb.

 

Səhiyyə Nazirliyi yanında Orqan Donorluğu və Transplantasiya üzrə Koordinasiya Mərkəzinin sədri Yeganə Abbasova isə çıxışında ölkəmizdə orqan donorluğu və transplantasiya sisteminin formalaşması və inkişaf mərhələləri haqqında məlumat verib.

 

O, orqan transplantasiyasının inkişafında süni tənəffüs texnologiyalarının tətbiqinin, beyin ölümü diaqnozunun düzgün müəyyənləşdirilməsinin və donorluq sisteminin təşkilinin mühüm rol oynadığını qeyd edib. Bildirib ki, Qafqazda ilk ürək transplantasiyası əməliyyatının Azərbaycanda həyata keçirilməsi bu sahədə uzun illər ərzində aparılan sistemli işlərin nəticəsidir.

 

Mərkəzin sədri 2022-ci ildə Vahid İnformasiya Bazası haqqında Əsasnamənin təsdiqlənməsindən sonra ölkədə orqan transplantasiyası sahəsində vahid rəqəmsal sistemin yaradılmasına başlanılmasını da diqqətə çatdırıb. Qeyd olunub ki, vahid informasiya sistemi vasitəsilə böyrək, qaraciyər, ürək, buynuz qişa və sümük iliyi transplantasiyasını gözləyən pasiyentlərin növbəliliyi mərkəzləşdirilmiş və şəffaf qaydada təşkil olunur.

 

Azərbaycan Ürək-damar Cərrahları Cəmiyyətinin fəxri sədri, professor Kamran Musayev çıxışında ürək transplantasiyası sahəsində ölkəmizdə əldə olunan nailiyyətlərə toxunub.

O bildirib ki, ürək transplantasiyasına həsr olunan həftə Azərbaycanda bu əməliyyatın icrasına başlanmasının birinci ildönümü münasibətilə təşkil edilib. Ötən ilin oktyabr ayının sonunda ölkəmizdə və Qafqaz regionunda ilk dəfə ürək transplantasiyası əməliyyatının həyata keçirilməsi səhiyyə tariximizdə mühüm hadisə olub. Həmin vaxtdan etibarən Mərkəzi Klinikada dörd ürək transplantasiyası əməliyyatı icra edilib. 

 

Professor vurğulayıb ki, transplantasiyanın uğurla həyata keçirilməsi üçün cərrahi müdaxilə ilə yanaşı, beyin ölümü diaqnozunun vaxtında və düzgün qoyulması, eləcə də orqan donorluğu sisteminin inkişafı xüsusi əhəmiyyət daşıyır.

 

K.Musayev tələbələrin bu sahədə fəal mövqe tutmasının, cəmiyyətdə maarifləndirmə işinə töhfə verməsinin və donorluq mədəniyyətinin təşviqində nümunə göstərməsinin vacibliyini qeyd edib.

 

Çıxışında orqan transplantasiyasına ehtiyacı olan şəxslərin sayına da toxunan K.Musayev Koordinasiya Mərkəzində müxtəlif orqanların transplantasiyasını gözləyən 1500-dən çox xəstənin qeydiyyatda olduğunu bildirib. O, bu faktın orqan donorluğunun təşviqinin nə qədər vacib olduğunu bir daha göstərdiyini vurğulayıb.

 

Konfransda ilahiyyat üzrə fəlsəfə doktoru Əhməd Niyazov da çıxış edərək orqan donorluğunun mənəvi və dini aspektlərindən danışıb.

 

İnsan həyatını xilas etməyi mənəviyyatın ali təzahürlərindən biri kimi dəyərləndirən Ə.Niyazov İslamın mərkəzində insan həyatının və onun qorunmasının dayandığını bildirib. O, orqan transplantasiyasının dini baxımdan əhəmiyyətinə toxunaraq mövzu ilə bağlı fikirlərini iştirakçılarla bölüşüb.

 

Elmi-praktik konfrans öz işini ürək transplantasiyasına dair təlimlə davam etdirib.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Respublika Klinik Xəstəxanası qeydiyyatçı vakansiyası elan edir
Ağcabədidə arı sancması nəticəsində anafilaktik şok keçirən pasiyent sağlamlığına qovuşub
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
Vətən müharibəsi şəhidinin məzarı ziyarət olunub
                  İnsultdan sonra nitqdə qeyri-adi dəyişiklik - Beyin dil bacarıqlarına təsir edir?                      
 Milli Onkologiya Mərkəzdə Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı müşavirə keçirilib   
Səhiyyə nazirinin müavini İtaliyada beynəlxalq səviyyəli görüşdə iştirak edib
Tez-tez nəcis ifrazı istəyi proktitin əlaməti ola bilər
 Mərkəzi Gömrük Hospitalının Poliklinika şöbəsində geniş spektrli tibbi xidmətlər göstərilir   
Dəmir yolu vağzalında keçirilən tibbi aksiyada 250 nəfər oftalmoloji müayinədən keçirilib
Yeni Klinika reabilitasiya xidmətlərini Almaniya təcrübəsi əsasında inkişaf etdirir
Hərəkət azadlığının bərpası peşəkar yanaşmadan başlayır
30 ildən çox dondurulmuş embriondan doğulan körpə artıq bir yaşındadır
Donor orqanların bioloji yaşı dəyişə bilər – Harvard tədqiqatı