Azərbaycan və Qazaxıstan arasında tibbi təhsil sahəsində əməkdaşlığın inkişafı çərçivəsində Cənubi Qazaxıstan Tibb Akademiyasının V kurs tələbələri Azərbaycan Tibb Universitetində (ATU) tədris və praktiki təcrübə proqramında iştirak ediblər. Proqram ATU-nun Patologiya kafedrasında və Patoloji Anatomiya Birliyinin Məhkəmə-Tibbi Ekspertiza şöbəsində təşkil olunub.
Universitetdən Aztibb.az-a verilən xəbərə görə, təcrübə müddətində ATU-nun Patologiya kafedrasının dosenti İlahə Kərimova tərəfindən tələbələr üçün mühazirələr təqdim edilib. Kafedranın müəllimi, tibb üzrə fəlsəfə doktoru Arzu İbişova isə autopsiya və seksion müayinə mərhələləri, makroskopik və histopatoloji preparatların hazırlanması, eləcə də toxuma nümunələrinin götürülməsi üzrə praktiki məşğələlər aparıb.
Qazaxıstanlı tələbələrə rəqəmsal patologiya, atalığın təyini, şəxsiyyətin genetik identifikasiyası və məhkəmə-tibbi ekspertizada genetik analizin rolu barədə ətraflı məlumat verilib. Nəzəri biliklərin praktiki məşğələlərlə möhkəmləndirilməsi gələcək həkimlərin peşəkar bacarıqlarının və elmi dünyagörüşünün inkişafına töhfə verib.
Beynəlxalq tədris proqramı çərçivəsində tələbələr ATU-da təhsil alan digər xarici tələbələrlə birlikdə dərslərdə və praktiki məşğələlərdə iştirak ediblər. Bu proses onların yeni dostluqlar qurmasına, bilik və təcrübə mübadiləsi aparmasına, həmçinin Azərbaycan və Qazaxıstanın tarixi və mədəni bağlılıqları ilə daha yaxından tanış olmasına imkan yaradıb.
Təşəbbüs Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) də öz töhfəsi ilə diqqət çəkir. Belə ki, bu əlaqələr DİM üzrə 4-cü məqsəd – Keyfiyyətli təhsil və 17-ci məqsəd – Məqsədlər naminə tərəfdaşlıq ilə uzlaşır. Beynəlxalq akademik mübadilənin genişləndirilməsi, müasir tibbi biliklərin paylaşılması və təhsil müəssisələri arasında əməkdaşlığın gücləndirilməsi bu məqsədlərin həyata keçirilməsinə xidmət edir. Bundan əlavə, layihə tələbələrin nəzəri və praktiki hazırlığının artırılması ilə yanaşı, Azərbaycan və Qazaxıstan arasında mövcud olan qardaşlıq münasibətlərinin akademik müstəvidə daha da möhkəmləndirilməsinə, gələcəkdə birgə elmi və tədris təşəbbüslərinin inkişafına mühüm töhfə verir.

