Azərbaycan Tibb Universitetinin (ATU) II Daxili xəstəliklər kafedrasının doktorantı Ayan Məmmədova Amerika Tiroid Assosiasiyası (American Thyroid Association – ATA) tərəfindən təqdim edilən elmi qrantı qazanaraq assosiasiyanın illik beynəlxalq elmi konfransında iştirak edib.
ATU-dan Aztibb.az-a bildirilib ki, doktorantın “Qreyvs xəstəliyi və toksik adenoma zamanı radioaktiv yod terapiyasından sonra metabolik ağırlaşmanın proqnozlaşdırılması üçün çoxparametrli risk modeli” adlı elmi işi ATA tərəfindən “Outstanding Trainee Abstract” fəxri sertifikatı və xüsusi mükafat nişanı ilə təltif olunub.
Tədqiqat radioaktiv yod terapiyasından sonra metabolik pisləşmə ağırlaşmanın qiymətləndirilməsi və fərdiləşdirilmiş müalicə strategiyalarının təkmilləşdirilməsi istiqamətində elmi-praktik əhəmiyyət daşıyır.
Bu nailiyyət Azərbaycan Tibb Universitetinin gənc tədqiqatçılarının beynəlxalq elmi platformalarda uğurlu təmsilçiliyinin və Azərbaycan tibb elminin beynəlxalq səviyyədə tanınmasının mühüm göstəricilərindən biridir.

