Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında keçirilən I Türk Dövlətləri Endouroloji Konqresi və Azərbaycan Endouroloji Cəmiyyətinin III Konqresi çərçivəsində tələbələrin peşəkar bilik və praktiki bacarıqlarının inkişafına yönəlmiş təlim təşkil olunub.
Bu məlumat Aztibb.az-a universitetdən verilib.
ATU-nun II Müalicə-profilaktika fakültəsinin dekanı, dosent İsrail Məhərrəmbəylinin və Azərbaycan Endouroloji Cəmiyyətinin sədri Rauf Nağıyevin təşəbbüsü, “Karl Storz” şirkətinin birgə təşkilatçılığı ilə tələbələr üçün “Prostat vəzinin transuretral rezeksiyası” mövzusunda praktiki “Hands-on Training” kursu keçirilib.
Təlimdə II Müalicə-profilaktika fakültəsinin VI kurs tələbələri Eldar Baxşəliyev, Mirmahmud Əliyev, Nəzirə Nuriyeva, Lalə Qasımzadə və V kurs tələbəsi Rüfət Həsənli iştirak ediblər.
Tələbələr müasir endouroloji müdaxilə üsullarını yaxından müşahidə edib, mütəxəssislərin rəhbərliyi altında praktiki bilik və bacarıqlarını inkişaf etdirmək imkanı qazanıblar.
Bu qəbildən olan praktiki təlimlər gələcək həkimlərin müasir tibbi texnologiyalar və innovativ cərrahi metodlarla tanış olması, nəzəri biliklərinin klinik təcrübə ilə möhkəmləndirilməsi və peşəkar kompetensiyalarının formalaşmasında əhəmiyyətli rol oynayır. Digər tərəfdən, ATU-da təşkil olunan təlim Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədlərinin reallaşdırlmasına də xidmət edir. Belə ki, təşəbbüs ilk növbədə 4-cü DİM – Keyfiyyətli təhsil üzrə hədəflə uzlaşmaqla, tələbələrin müasir, innovativ və praktiki əsaslı tibbi təhsil imkanlarına çıxışını dəstəkləyir. Növbəti hədəf - 3-cü DİM – Sağlamlıq və rifah məqsədinə də töhfə verən bu təlim gələcək həkimlərin peşəkar hazırlığının gücləndirilməsi, müasir tibbi xidmətlərin inkişafı və əhalinin sağlamlığının qorunmasına xidmət edir. Eyni zamanda universitet, peşəkar tibb cəmiyyəti və özəl sektor arasında əməkdaşlığa əsaslanan bu təşəbbüs 17-ci DİM – Məqsədlər naminə tərəfdaşlıq məqsədinin prinsiplərini əks etdirir.
ATU-da bu istiqamətdə həyata keçirilən oxşar təşəbbüslər də ümumilikdə müasir tibbi təhsilin inkişafına, tələbələrin praktiki hazırlığının gücləndirilməsinə və dayanıqlı səhiyyə sisteminin formalaşmasına verilən töhfənin nümunəsidir.

