Azərbaycan Tibb Universitetində (ATU) I kurs rezidentləri ilə görüş keçirilib.
Bildirilib ki, görüşdə ATU-nun Rezidentura və magistratura departamentinin rəhbəri, dosent İlhamə Mustafayeva rezidentura təhsilinin təşkili, yenilənmiş təhsil proqramları, rotasiyalar və elmi-tədqiqat fəaliyyətinin əhəmiyyəti barədə məlumat verib.
O, rezidentlərin təhsil prosesinin səmərəli təşkili üçün kuratorlar, kafedra müdirləri və klinik təlim üzrə məsul şəxslər arasında koordinasiyanın vacibliyini vurğulayıb. Həmçinin rotasiyaların elektron qaydada izlənilməsi modulunun tətbiqi, əlavə ixtisas və xarici rotasiya imkanları barədə danışıb.
Çıxışda rezidentlərin təhsil proqramları və vəzifə təlimatları ilə tanış olmalarının, hüquq və öhdəliklərini bilmələrinin, əmək intizamına riayət etmələrinin vacibliyi diqqətə çatdırılıb. Həmçinin elmi-tədqiqat fəaliyyətinin rezidenturanın ilk kursundan formalaşdırılmasının vacibliyi, müasir elmi ədəbiyyatın, tədqiqatların və klinik protokolların mütəmadi izlənilməsinin peşəkar inkişafda mühüm rolu diqqətə çatdırılıb.
Görüşdə rezidentlərin təhsil və klinik fəaliyyət zamanı qarşılaşdıqları çətinliklərin müəyyənləşdirilməsi məqsədilə hazırlanmış sorğunun əhəmiyyətindən də danışılıb. Bildirilib ki, sorğu rezidentlərin təklif və ehtiyaclarının öyrənilməsinə, mövcud çatışmazlıqların aradan qaldırılmasına və təhsil prosesinin keyfiyyətinin artırılmasına xidmət edir.
Sonda rezidentlərin sualları cavablandırılıb, təhsil prosesi və rotasiyalarla bağlı müraciət və təklifləri dinlənilib.
Qeyd edək ki, maarifləndirici görüş rezidentlərin akademik və peşəkar səriştələrinin inkişafı, elmi-tədqiqat fəaliyyətinə təşviqi və keyfiyyətli ixtisas hazırlığının təmin edilməsi baxımından BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) prioritetləri ilə uzlaşır. Xüsusilə, DİM 4 – Keyfiyyətli təhsil çərçivəsində ömürboyu öyrənmə, peşəkar bilik və bacarıqların təkmilləşdirilməsi, DİM 3 – Sağlamlıq və rifah çərçivəsində isə yüksəkixtisaslı tibb mütəxəssislərinin hazırlanması və səhiyyə xidmətlərinin keyfiyyətinin yüksəldilməsi istiqamətlərinə töhfə verir. Eyni zamanda, tədris və klinik fəaliyyətin elektron monitorinqi, hesabatlılıq və şəffaflıq mexanizmlərinin təşviqi DİM 16 – Sülh, ədalət və güclü institutlar məqsədinin institusional səmərəlilik prinsiplərini dəstəkləyir.

