COVID-19 ölümlərinin səbəblərini göstərən "ölüm xəritəsi" hazırlanıb
25.07.2026 11:26

Tənəffüs xəstəlikləri üzrə mütəxəssis, professor Şevket Özkaya rəhbərlik etdiyi araşdırma çərçivəsində təxminən 15 min COVID-19 xəstəsi üzərində aparılan qiymətləndirmələr əsasında xəstəliklə əlaqədar ölüm səbəblərini əks etdirən "ölüm xəritəsi" hazırladıqlarını bildirib.

 

Aztibb.az "Yeni Şafak" nəşrinə istinadən yazır ki, ekspertin sözlərinə görə, əldə edilən nəticələr gələcəkdə baş verə biləcək oxşar pandemiyalara qarşı mühüm elmi istiqamət göstərəcək.

 

Professor Şevket Özkaya qeyd edib ki, COVID-19 digər tənəffüs yolu viruslarından fərqli mexanizmlə ölümə səbəb olur.

 

"Belə ölümcül pandemiyada insanların hansı səbəblərdən həyatını itirdiyini araşdırmaq istəyirdik. Digər virusların yaratdığı ağciyər zədələnmələrini müalicə edə bildiyimiz halda, COVID-19 pnevmoniyası niyə bu qədər uzunmüddətli və ölümcül olurdu? Gələcəkdə bu və buna bənzər epidemiyalar zamanı necə davranmalı olduğumuzu müəyyənləşdirmək və ölümlərin qarşısını almaq məqsədilə təxminən 15 min COVID-19 xəstəsi üzərində ölüm xəritəsi hazırlamağı qarşıya məqsəd qoyduq", – deyə o bildirib.

 

COVID-19 ağciyərlərdə fərqli zədələnmə yaradır

 

Professor Şevket Özkaya vurğulayıb ki, COVID-19-un ağciyərlərdə yaratdığı zədələnmə digər tənəffüs yolu viruslarından əhəmiyyətli dərəcədə fərqlənir.

 

"Qrip və RSV kimi digər tənəffüs yolu virusları əvvəlcə yuxarı tənəffüs yollarına daxil olur, daha sonra ağciyərlərə yayılaraq infeksiya yaradır. Müvafiq müalicə nəticəsində bu infeksiyalar adətən bir neçə gün ərzində nəzarət altına alınır. Lakin müəyyən etdik ki, COVID-19 tamamilə fərqli mexanizmlə ölümə səbəb olur. Bu virus digər viruslar kimi yalnız infeksiya yaratmır. Hüceyrəyə daxil olduqdan sonra yaranan sitokin fırtınası nəticəsində ağciyərlərdə infeksiyadan daha çox güclü iltihabi zədələnmə baş verir və ağciyər toxuması mexaniki şəkildə dağılır. Buna görə də yalnız infeksiyaya qarşı aparılan müalicə xəstəliyi məhdudlaşdıra bilmədi, müalicəyə cavab zəif oldu və xəstəlik uzandıqca ölüm göstəriciləri artdı", – deyə professor bildirib.

 

Professor Şevket Özkayanın sözlərinə görə, bir çox xəstədə sitokin fırtınası ağciyərlərdə ciddi fiziki zədələnmələrə səbəb olub.

 

"Bir çox pasiyentdə sitokin fırtınası zamanı qan plazmasının toksik və dağıdıcı təsiri nəticəsində ağciyərlər demək olar ki, mexaniki olaraq parçalanırdı. Bunun nəticəsində 'pnevmomediastinum' və 'pnevmotoraks' adlandırılan, bir növ ağciyər cırılması halları müşahidə olunurdu."

 

O bildirib ki, xəstələrin böyük bir hissəsində ağciyərlərin kapilyar damarları iltihabi və kimyəvi təsirlər nəticəsində zədələndiyi üçün verilən oksigen qana keçə bilmirdi. Nəticədə pasiyentlər oksigen çatışmazlığından həyatlarını itirirdilər.

 

"Sağ qalan xəstələr isə vaxtında tətbiq edilən iltihabəleyhinə müalicə sayəsində həyatda qala bildilər", – deyə professor əlavə edib.

 

Araşdırmanın nəticələri gələcək pandemiyalar üçün əhəmiyyət daşıyır

 

Professor Şevket Özkaya vurğulayıb ki, əldə edilən nəticələr gələcəkdə baş verə biləcək oxşar virus epidemiyalarına hazırlıq baxımından böyük əhəmiyyət kəsb edir.

 

"Artıq bu və buna bənzər virusları daha yaxşı tanıyırıq və gələcəkdə yarana biləcək epidemiyalara qarşı daha hazırlıqlıyıq", – deyə o bildirib.

Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib