Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
01.09.2026 16:49

Sağlam qidalanma ictimai səhiyyə sisteminin ən səmərəli profilaktika alətidir; o, xroniki patologiyaların qarşısını almaqla səhiyyə sisteminin yükünü yüngülləşdirir. Qida təhlükəsizliyinin və rasional qidalanmanın təmin olunması isə yalnız fərdin deyil, birbaşa cəmiyyətin bioloji davamlılığının və milli genofondun qorunması məsələsidir.

 

Aztibb.az-ın xəbərinə görə, ictimai səhiyyənin əsas məqsədi xəstəlikləri müalicə etmək deyil, onların yaranma riskini minimuma endirməkdir. Bu nöqteyi-nəzərdən, əhalinin elmi əsaslara söykənən qidalanma mədəniyyətinə yiyələnməsi dövlətin səhiyyə strategiyasında və xalqın sağlamlığının təmin olunmasında həlledici rola malikdir.

 

Əhalinin düzgün və keyfiyyətli qidalanması ictimai sağlamlığın təməl daşı olmaqla, cəmiyyətin aktiv əmək potensialını artırır və xəstəliklərin sosial-iqtisadi fəsadlarını kəskin azaldır.

 

Bədəninə sağlamlıq, yoxsa xəstəlik yükləyirsən?

Bu gün qidalanma mədəniyyətinin formalaşdırılması gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyasıdır.

 

Çoxumuz qidalanmağı sadəcə aclığı yatırmaq vasitəsi kimi görürük. Lakin qəbul etdiyimiz hər tikə ilə bədənimizə ya sağlamlıq, ya da xəstəlik yükləyirik. Müasir şəhər həyatı, “fast-food” və oturaq həyat tərzi bizi hər gün yanlış seçimlər etməyə vadar edir.

 

Bəs nə etməli? Cavab düşündüyünüzdən də sadədir: düzgün miqdar: Hətta ən faydalı qida belə normadan artıq istehlak edildikdə orqanizmdə balans pozulur. Rəngli boşqab: süfrənizdə müxtəlif tərəvəzlərə, tam taxıllara və zeytun yağına geniş yer ayırın. Trans yağları isə rasionunuzdan tamamilə çıxarın. Təmiz su: qazlı, şirin və enerji içkilərini təbii bitki çayları və gündə ortalama 1.5–2 litr təmiz su ilə əvəzləyin.

 

Gələcək övladlarınızın, hətta nəvələrinizin sağlamlıq kodu sizin əlinizdədir

Ən sarsıdıcı fakt odur ki, bu gün necə qidalanmağınız epigenetik mexanizmlərlə gələcək övladlarınızın və hətta nəvələrinizin sağlamlıq kodunu yazır. Çox vaxt elə düşünürük ki, yanlış qidalanmaq və ya rejimə əməl etməmək sadəcə bizim özümüzə ziyan vurur, çəkimizi artırır və ya yorğunluq yaradır. Hakbuki mütəmadi olaraq istehlak etdiyimiz “fast-food” məhsulları, qazlı və şirin içkilər, enerji işkiləri, duzlu və trans yağlı yeməklər genetik kodumuza birbaşa təsir edir. Bu isə gələcəkdə övladlarımıza və hətta nəvələrimizə piylənməyə, şəkərli diabetə, həmçinin immun zəifliyinə meyillilik kimi ötürülür. Xroniki yanlış qidalanma vərdişləri növbəti nəsillərdə piylənmə, metabolik pozuntular və immun  zəifliyinə genetik meyillilik yaradır.

 

Deməli, sağlam qidalanmaq sadəcə bir pəhriz deyil, bütöv bir nəslin bioloji sağlamlığını qorumaq missiyasıdır. Unutmayın ki, sağlam qidalanma müvəqqəti pəhriz deyil, ömür boyu davam edən həyat tərzidir.

 

Dəyiş, dəyişdir!

Cəmiyyət olaraq kütləvi şəkildə keyfiyyətsiz qidalandıqda xəstəliklərin sayı artır, ümumi immun sistemimiz zəifləyir. Bunun qarşısını almaq üçün gündəlik həyatımızda nələri dəyişməliyik? Etiket oxumaq mədəniyyətini formalaşdırmalıyıq. Marketdən məhsul alarkən son istifadə tarixinə, tərkibindəki inqrediyentlərə, şəkər və duzun miqdarına mütləq diqqət yetirin. Gigiyena qaydalarına xüsusi diqqət yetirilməlidir. Ev şəraitində çiy və bişmiş qidaları soyuducuda ayrı saxlanılmalıdır ki, qida mənşəli zəhərlənmələrin qarşısı alınsın.

 

Uşaqları enerji içkiləri və rəngli qazlı məhsullardan uzaq tutun, onları təmiz su içməyə vərdiş edin. Keyfiyyətli karbohidratlara, ağ çörək və rafinə olunmuş un məhsulları əvəzinə yulaf, qarabaşaq və tam taxıl məhsullarına üstünlük verin.

 

Rasionda yüksək qlikemik indeksli şirniyyatları təbii meyvələrlə, ağ un məhsullarını isə lif və mikronutrientlərlə zəngin tam taxıllı alternativlərlə əvəz etmək vacibdir. Qida rasionunuzda fitonutrient müxtəlifliyini təmin edin. Gündəlik qidalanmada yaşıl, qırmızı və narıncı tərəvəzlərin yer alması bədəni müxtəlif antioksidantlar, esensial vitaminlər və mineral komplekslərlə təchiz edərək hüceyrə səviyyəsində bərpa proseslərini sürətləndirir.

 

Zərərli qidalanmadan uzaqlaş, faydalı vərdişləri dayanıqlı həyat tərzinə çevir!

 

Ultra-emal olunmuş və paketlənmiş qidalardan imtina edin. Sənaye üsulu ilə hazırlanmış çipslər, emal olunmuş ət məhsulları (kolbasa, sosiska), süni qatqılı hazır souslar, şəkərli qazlı və enerji içkiləri yüksək miqdarda trans yağlar və kimyəvi konservantlar ehtiva edir. Bu növ məhsullar orqanizmdə toksiki yük yaradır. Sağlamlığın qorunması üçün minimum emal görmüş, təbii və ev şəraitində hazırlanmış qidalara üstünlük verilməlidir. Maye balansını tənzimləyin. Gün ərzində fərdin bədən çəkisinə uyğun olaraq (orta hesabla 1.5–2 litr) təmiz içməli suyun qəbulu vacibdir. Çay, qəhvə və digər kofeinli içkilər diuretik təsir göstərərək bədəndən maye itkisinə səbəb olur. Kifayət qədər su qəbulu isə dərinin regenerasiyasını təmin edir, detoksifikasiya proseslərini optimallaşdırır və metabolizmi sürətləndirir.

 

Sağlam termiki emal metodlarından istifadə edin. Qidaların bol yağda qızardılması zərərli kanserogen maddələrin yaranmasına və tərkibindəki faydalı nutrientlərin parçalanmasına yol açır. Qidaların bioloji dəyərini qorumaq üçün onları sobada bişirmək, buxarda və ya qaynadaraq hazırlamaq həzm sistemini qoruyur və makroelement itkisinin qarşısını alır.

 

Rasional qidalanma yüksək maliyyə tələb edən pəhriz proqramları demək deyil - o, insanın sağlamlığını qorumaq, iş qabiliyyətini yüksək saxlamaq və ömrünü uzatmaq üçün lazım olan bütün qida maddələrini düzgün miqdarda, nisbətdə və rejimdə qəbul etməkdir. Bu isə zərərli qidalanma vərdişlərini elmi cəhətdən əsaslandırılmış faydalı vərdişlərlə əvəzləmək və bunu dayanıqlı həyat tərzinə çevirmək deməkdir.

 

Özünüzün və ailənizin sağlamlığı bu gün etdiyiniz kiçik və doğru seçimlərdən asılıdır. Unutmayın ki, gündəlik kiçik addımlarla həm özümüzün, həm də gələcək nəsillərimizin sağlamlığını sığortalaya bilərik!

 

 

ÇOX OXUNANLAR
İnsan orqanizmi hansı səbəbdən iki əsas mərhələdə qocalır - Alimlər müəyyənləşdiriblər
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Tibb işçilərinin əməkhaqlarının artırılmasına QHT sədrindən münasibət
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
Anestezioloq-reanimatoloq Emil Muradov -
Ümumi cərrah Mübariz Mahmudov evində ziyarət edilib
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər
 Saatlı RMX-da tanınmış cərrah Əhədağa Soltanovun 75 illik yubileyi qeyd edilib   
Laçında “Hiperqlikemik və hipoqlikemik komalar zamanı yardım” mövzusunda təlim keçirilib
Müasir neyrocərrahiyyə yanaşmalarını daim izləyən və peşəkar inkişafını davam etdirən həkim - Toğrul Qasımlı
Şirvanda daha bir mürəkkəb travmatoloji əməliyyat uğurla icra olunub
TƏBİB beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində görüşləri davam etdirir
Yüksəkixtisaslı anestezioloq-reanimatoloq Xəyal Məmmədov - Həkimlərimizi tanıyaq!
8 saatlıq mikrocərrahi əməliyyat - Səhiyyə Nazirliyinin həkimləri 3 yaşlı uşağın qopmuş əlini bərpa etdi