"Birinci vitse-prezident Mehriban xanım Əliyevanın və Prezident İlham Əliyevin təşəbbüsü ilə sentyabrın 1-dən qüvvəyə minəcək olan bu qərarı çox müsbət qiymətləndirirəm.
Tibb işçilərinin əməkhaqlarının artırılması səhiyyə sisteminin inkişafı baxımından olduqca əhəmiyyətli və müsbət addımdır. 1 sentyabr 2026-cı ildən TƏBİB sistemində tətbiq olunan yeni əməkhaqqı qaydalarının 72 212 tibb işçisini əhatə etməsi və əməkhaqqı fonduna əlavə 189 milyon manat vəsaitin ayrılması dövlətin səhiyyə işçilərinin əməyinə və sosial rifahına verdiyi önəmin göstəricisidir. Bəzi kateqoriyalar üzrə artımın 135 faizə qədər olması isə xüsusilə diqqətəlayiqdir.
Tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi ilk növbədə onların həyat keyfiyyətinə birbaşa təsir edir. Həkim, tibb bacısı və digər səhiyyə əməkdaşları böyük məsuliyyət, yüksək psixoloji gərginlik və uzun iş saatları şəraitində çalışırlar. Onların əməyinin daha layiqli şəkildə qiymətləndirilməsi həm maddi rifahın yaxşılaşmasına, həm də peşəyə olan motivasiyanın və iş məmnunluğunun artmasına səbəb ola bilər.
Hesab edirəm ki, əməkhaqqı artımının ən mühüm nəticələrindən biri ixtisaslı tibb kadrlarının ölkədə saxlanmasına və xaricə həkim axınının azalmasına töhfə verməsi ola bilər. Bu gün dünyada tibb mütəxəssisləri üçün geniş əmək bazarı mövcuddur və həkimlər öz bilik və bacarıqlarına daha yüksək qiymət verilən ölkələrdə çalışma imkanlarını nəzərdən keçirirlər. Azərbaycanda əməkhaqlarının aşağı olması və peşəkar inkişaf imkanlarının məhdudluğu da bəzi tibb mütəxəssislərinin xaricdə işləməyə üstünlük verməsinə təsir edən amillərdəndir.
Bu baxımdan, tibb işçilərinin əməkhaqlarının artırılması yalnız onların sosial vəziyyətinin yaxşılaşdırılması deyil, eyni zamanda ölkənin tibbi kadr potensialının qorunması baxımından strateji addımdır. Ölkədə yaxşı həkim yetişdirmək üçün illərlə təhsil, böyük maliyyə və insan resursları tələb olunur. Hazırda həmin mütəxəssislərin ölkədə qalması və öz biliklərini Azərbaycan səhiyyəsinin inkişafına yönəltməsi çox vacibdir.
Lakin hesab edirəm ki, əməkhaqqı artımı səhiyyə sistemində kadrların saxlanılması üçün vacib şərt olsa da, yeganə şərt deyil. Bununla yanaşı, tibb işçilərinin peşəkar inkişafı, müasir tibbi texnologiyalara çıxışı, iş şəraitinin yaxşılaşdırılması, ədalətli karyera imkanları, ixtisaslaşma və davamlı tibbi təhsil imkanları da gücləndirilməlidir. Xüsusilə regionlarda çalışan həkimlərin sosial və peşəkar imkanlarının artırılması ayrıca diqqət tələb edir.
Əməkhaqqının yüksəldilməsi səhiyyə xidmətlərinin keyfiyyətinə də dolayı və birbaşa təsir göstərə bilər. Daha motivasiyalı və sosial baxımdan daha təminatlı tibb işçisi öz peşəsinə daha böyük diqqət ayıra, davamlı təhsil və ixtisasartırmaya daha çox imkan tapa bilər. Bu isə uzunmüddətli perspektivdə tibbi xidmətlərin keyfiyyətinin, pasiyent məmnunluğunun və səhiyyə sisteminə olan ictimai etimadın yüksəlməsinə xidmət edə bilər.
Eyni zamanda, əməkhaqqı sisteminin şəffaf, ədalətli və nəticəyə əsaslanan olması vacibdir. Tibb işçisinin əməyinin, məsuliyyətinin, ixtisasının, iş yükünün və xidmət göstərdiyi sahənin xüsusiyyətlərinin düzgün qiymətləndirilməsi əməkhaqqı siyasətinin əsas prinsiplərindən biri olmalıdır.
Xüsusilə nadir xəstəliklər, xroniki xəstəliklər və yüksək ixtisaslaşmış tibbi xidmət tələb edən sahələrdə çalışan mütəxəssislərin hazırlanması və ölkədə saxlanılması xüsusi əhəmiyyət daşıyır. Çünki belə sahələrdə mütəxəssis çatışmazlığı pasiyentin vaxtında və keyfiyyətli tibbi xidmət almasına birbaşa təsir edə bilər.
Ümumilikdə, tibb işçilərinin əməkhaqlarının artırılmasını Azərbaycan səhiyyəsinin insan resurslarına qoyulan mühüm investisiya kimi qiymətləndirirəm. Güclü səhiyyə sistemi ilk növbədə güclü, motivasiyalı və sosial cəhətdən qorunan tibb işçisi deməkdir. Tibb işçisinin rifahına qoyulan investisiya əslində pasiyentin sağlamlığına və ölkənin gələcək səhiyyə potensialına qoyulan investisiyadır.
Bu addımın davamlı olması, əməkhaqqı artımlarının mütəmadi şəkildə nəzərdən keçirilməsi və bununla yanaşı tibb işçiləri üçün daha yaxşı iş, təhsil, ixtisaslaşma və peşəkar inkişaf imkanlarının yaradılması Azərbaycanın səhiyyə sisteminin daha dayanıqlı və keyfiyyətli inkişafına mühüm töhfə verə bilər".
Kistik Fibroz Xəstələrinə Yardım İctimai Birliyi və Nadir Xəstəlliklər Təşkilatları İttifaqının təsisçi sədri Səadət Bayramova

