Bu iki sadə göstərici ürək xəstəliyi riskinizi əvvəlcədən müəyyən edə bilər - TƏDQİQAT
13.11.2026 07:41

Həyat sadəcə rəqəmlərdən ibarət deyil. Lakin müasir dövrdə bəzən elə təsəvvür yaranır ki, hər şey rəqəmlərlə ölçülür. Biz artıq daşınan texnologiyalar, sağlamlıq göstəricilərinin izlənilməsi və hər şeyi optimallaşdırmaq meylinin geniş yayıldığı bir dövrdə yaşayırıq.

Cəmi bir neçə kiçik elektron cihazın köməyi ilə insan, demək olar ki, özünü canlı elektron cədvələ çevirə bilər.

Aztibb.az "Science Focus" nəşrinə istinadən yazır ki, yeni texnologiya sayəsində qanda oksigen səviyyəsini, tənəffüs tezliyini, qlükoza miqdarını, REM yuxusunu (sürətli göz hərəkətləri mərhələsi), dəri temperaturunu, ürək ritminin dəyişkənliyini, bədən tərkibini və bir çox digər biomarkerləri saatbasaat izləmək mümkündür.

İstəsəniz, qidalanmanızı, əhvalınızı, menstrual dövrünüzü, hətta bağırsaq fəaliyyətinizi belə nəzarətdə saxlaya bilərsiniz.

Əlbəttə, bütün bunların məqsədi əlimizdə olan məlumatlardan istifadə edərək həyat tərzimizi daha dəqiq tənzimləmək və ömrümüzü uzatmaqdır. Bəs bu qədər məlumatı necə düzgün qiymətləndirmək olar?

Saatlarla hesablamalar aparmadan və mürəkkəb məlumatlarla məşğul olmadan sağlamlığımız haqqında həqiqətən faydalı nəticələrə necə gələ bilərik? Axı bir neçə darıxmış milyarderi çıxmaq şərtilə, yəqin ki, heç kim özünü gəzən Excel cədvəlinə çevirmək istəməz.

ABŞ-ın Şimal-Qərb Universitetinin (Northwestern University) tədqiqatçılarının araşdırması bu baxımdan ümidverici nəticələr ortaya qoyub. Onlar 2025-ci ildə tez-tez ölçülən iki sağlamlıq göstəricisini birləşdirməklə gündəlik fiziki hazırlıq və uzunmüddətli sağlamlıq riskləri haqqında daha ətraflı məlumat əldə etməyin yolunu müəyyən ediblər.

Gündəlik addım sayına düşən ürək döyüntülərinin sayı (Daily Heart Rate per Step – DHRPS) adlandırılan bu göstərici sadə hesablama üsuluna əsaslanır: orta gündəlik ürək döyüntülərinin sayı gün ərzində atılan orta addım sayına bölünür.

Bunun üçün, əlbəttə ki, Apple Watch və ya Fitbit kimi sağlamlıq izləyici cihazlardan istifadə edərək hər iki göstəricini müntəzəm qeydə almaq lazımdır. (Tədqiqatda məhz Fitbit cihazlarından istifadə olunub.) Lakin hesablamanı cihaz özü aparır.

Beləliklə, cəmi bir neçə saniyə ərzində ürək-damar sağlamlığınız haqqında əhəmiyyətli məlumat əldə edə bilərsiniz.

Tədqiqatın aparıcı müəllifi Flinn Çenin sözlərinə görə, bu göstərici II tip şəkərli diabet, ürək çatışmazlığı, miokard infarktı və ürək tutması ilə daha güclü əlaqə nümayiş etdirir:

“Biz müəyyən etdik ki, DHRPS göstəricisi II tip şəkərli diabet, ürək çatışmazlığı, miokard infarktı və ürək tutması ilə daha yaxşı korrelyasiya olunur. Bu baxımdan o, yalnız ürək döyüntülərinin sayını və ya addım sayını ayrı-ayrılıqda qiymətləndirməkdən daha effektivdir”.

 

Göstəricini necə yaxşılaşdırmaq olar?


Bu hesablamanın necə işlədiyinə nəzər salaq. Tutaq ki, cari ay ərzində orta ürək döyüntüləriniz dəqiqədə 80, gündəlik addım sayınız isə 6000 olub. Bu halda DHRPS göstəriciniz 0,01333 təşkil edəcək.

İndi fərz edək ki, növbəti ay gündəlik addım sayınızı artıraraq orta hesabla 10 000 addım atmağa başlamısınız. Bu zaman DHRPS göstəriciniz 0,008-ə düşəcək. Bu ölçmə sistemində göstəricinin aşağı olması daha yaxşı nəticə hesab olunur.

Tədqiqat çərçivəsində Çen və həmkarları beş il ərzində 7000-dən çox Fitbit istifadəçisinin sağlamlıq göstəricilərini izləyiblər. İştirakçılar həmin müddətdə ümumilikdə 50 milyarddan çox addım atıblar.

Tədqiqatçılar iştirakçıları DHRPS göstəricilərinə əsasən üç qrupa bölüblər:


- Aşağı göstərici: 0,0081 və ya daha az;
- Orta göstərici: 0,0081-dən yüksək, 0,0147-dən aşağı;
- Yüksək göstərici: 0,0147 və ya daha çox.

Çenin sözlərinə görə, bu göstəricini yaxşılaşdırmağın, başqa sözlə, aşağı salmağın ən sadə yolu gündəlik addım sayını artırmaqdır.

“Çoxsaylı elmi tədqiqatlar göstərir ki, gündəlik addım sayı ürək-damar xəstəlikləri və ölüm riski ilə əlaqəli müstəqil risk faktorudur”, – deyə o bildirib.

“Bizim hazırladığımız göstərici vasitəsilə onu da müəyyən edirik ki, addım sayına nisbətdə ürək döyüntülərinin sayı ürək-damar xəstəlikləri üçün yalnız addım sayından daha güclü müstəqil risk faktoru ola bilər.

Addımların sayını artırdıqda, yalnız gündəlik 10 000 addım hədəfinə çatmırsınız, eyni zamanda istifadə etdiyimiz göstəricinin qiymətini də aşağı salırsınız. Yəni bir hərəkətlə iki göstəriciyə müsbət təsir göstərmiş olursunuz”.

Çenin fikrincə, DHRPS göstəricisini etibarlı şəkildə hesablamaq üçün ağıllı saat və ya digər izləyici cihaz vasitəsilə ən azı bir həftəlik keyfiyyətli məlumat toplamaq lazımdır.

Mürəkkəb hesablamalara ehtiyac qalmayacaq

Tədqiqatın nəticələri dərc edildikdən sonra sağlamlıq göstəricilərini izləyən insanlar arasında bu metoddan istifadə artmağa başlayıb. Bu isə gələcəkdə tədqiqatçılara daha çox məlumat toplamaq və yeni nəticələr əldə etmək imkanı yarada bilər.

Çenin diqqət çəkdiyi məqamlardan biri də yeni göstəricinin kiçik bir pasiyent qrupunda VO₂ max göstəricisi ilə əlaqəli olmasıdır.

Bu, əhəmiyyətlidir. Çünki VO₂ max fiziki fəaliyyət zamanı orqanizmin istifadə edə bildiyi maksimal oksigen miqdarını ifadə edir və insanın aerob fiziki hazırlığı, eləcə də metabolik sağlamlığı haqqında mühüm məlumat verir.

Lakin VO₂ max göstəricisini ölçmək o qədər də asan deyil. Bunun üçün adətən qaçış trenajorunda fiziki yüklənmə testi aparılır və bu müayinənin əlçatanlığı məhduddur.

Əgər DHRPS göstəricisinin VO₂ max-ın etibarlı alternativi ola biləcəyi təsdiqlənərsə, bu, sağlamlıq vəziyyəti haqqında əhəmiyyətli məlumatların daha geniş insanlar üçün əlçatan olmasına imkan yarada bilər. Bunun üçün mürəkkəb hesablamalara və elektron cədvəllərə ehtiyac qalmayacaq.

ÇOX OXUNANLAR
 Mərkəzi Gömrük Hospitalının patomorfoloqları 35-ci Milli Patologiya Konqresində iştirak ediblər   
Şəhid anasının dalağında aşkarlanan çoxsaylı kistalarla əlaqədar laparoskopik üsulla cərrahi əməliyyat icra olunub
Yeni Klinikanın elmi tədqiqatı Dünya Neyroreabilitasiya Konqresində təqdim olunub
Səhiyyə Nazirliyinin dəstəyi ilə Tərtər və Suqovuşanda kardioloji AKSİYA
Tibb elmləri doktoru Rəşad Şolan Türk Dünyası Transplantasiya Cəmiyyətinin Azərbaycanda rəsmi nümayəndəsi təyin olunub  
Alimlər həyatın heç vaxt mövcud olmadığı Yer kürəsinin necə görünəcəyini modelləşdiriblər
İlon Mask: Görmə qabiliyyətini bərpa etməyə yönəlmiş beyin implantı sınaqlara hazırdır
Diabet və piylənmənin dərmansız müalicəsi istiqamətində yeni texnologiya - Qanda şəkəri və bədən çəkisini tənzimləyən elektron cihaz
Səhiyyə naziri Anar Bayramov 3-cü Beynəlxalq Sağlamlıq Turizmi Konfransında iştirak edib
Azərbaycan Tibb Universitetində I kurs rezidentləri ilə görüş keçirilib  
Professor Naziyə Şəmsədinskayanın 100 illik yubileyinə həsr olunmuş beynəlxalq konfrans keçiriləcək
On mindən çox bioloji aktiv qida məhsulu məhv edilib
 Cəbrayıl RMX-da mövsümi qripə qarşı vaksinasiya prosesinə başlanılıb   
Kliniki Tibbi Mərkəzin həkimi Real TV-yə müsahibə verib
 Mərkəzi Gömrük Hospitalında kəskin infarkt keçirən 71 yaşlı xəstə üzərində mürəkkəb əməliyyat uğurla icra olunub