Analıq və karyeranı yetərli dəstək olmadan uzlaşdırmağa çalışmaq qısa müddətdə emosional tükənməyə, yorğunluğa və psixoloji çətinliklərə səbəb ola bilər.
Aztibb.az "Life" portalına istinadən yazır ki, bu barədə “Milli Səhiyyə” konqresində Bexterev adına Psixiatriya və Nevrologiya Milli Tibb Tədqiqat Mərkəzinin mütəxəssisi, həkim-psixoterapevt Anastasiya Treşevskaya bildirib.
Onun sözlərinə görə, müasir qadınlar ailə ilə peşəkar inkişaf arasında seçim etmək istəmirlər. Bu iki rolu uğurla uzlaşdırmaq üçün yalnız ailə üzvlərinin deyil, işəgötürənin, kollektivin, qadın icmalarının və ictimai təşkilatların da dəstəyi vacibdir.
Psixoterapevt işləyən qadınlara dəstək məqsədilə bir sıra konkret tədbirləri qeyd edib. Bunlara çevik iş qrafiki, anlayışlı və həssas ünsiyyət, eləcə də analıq məzuniyyətindən sonra işə mərhələli şəkildə qayıtmaq imkanının yaradılması daxildir.
Onun fikrincə, qadın işə qayıdarkən peşəkar bacarıqlarına əvvəlki kimi dəyər verildiyini və iş yerində onu gözlədiklərini hiss etməlidir.
Treşevskaya bildirib ki, kollektivdə digər anaların və ataların olması da mühüm dəstək amilidir. Çünki onlar valideynliyin ilk təcrübəsini özləri də yaşadıqları üçün həmkarlarının qarşılaşdığı çətinlikləri daha yaxşı anlayır və onlara dəstək ola bilirlər.
Konqresdə xüsusi hərbi əməliyyat iştirakçılarının həyat yoldaşlarına və analarına göstərilən tibbi-psixoloji yardım məsələləri də müzakirə olunub. Treşevskaya bu istiqamətdə “Qəhrəmanlar günü” layihəsini nümunə göstərib. Layihə çərçivəsində qadınlar psixoterapevtin iştirakı ilə genişləndirilmiş dispanser müayinəsindən keçirlər.
Layihənin məqsədi psixoloji və sağlamlıqla bağlı çətinlikləri vaxtında aşkar etmək, zərurət yarandıqda pasiyentləri müvafiq mütəxəssislərə yönləndirmək və yaşadıqları regionda mövcud profilaktik tədbirlər barədə məlumatlandırmaqdır.
Xatırladaq ki, daha əvvəl İctimai Palatada gənc analara dəstək məqsədilə “birgə valideynlik məzuniyyəti”nin tətbiqi təklif olunub. Təşəbbüs işləyən ataların və nənələrin ana hamiləlik və doğuş məzuniyyətində olduğu müddətdə uşağa qulluq məzuniyyətinə çıxmasına imkan yaradılmasını nəzərdə tutur.
Təklifin müəllifi Sergey Rıbalko bildirib ki, belə dəstək xüsusilə ikinci və ya üçüncü uşağın dünyaya gəldiyi ailələr üçün əhəmiyyətlidir.

