Heç bir şikayətin olmaması orqanizmdə, xüsusilə də yoğun bağırsaqda heç bir problemin olmadığı anlamına gəlmir.
Aztibb.az xəbər verir ki, cərrah-proktoloq, endoskopist, tibb üzrə fəlsəfə doktoru Anar Əliyevin sözlərinə görə, yoğun bağırsaq polipləri çox vaxt heç bir əlamət yaratmır və zamanla xərçəngönü dəyişikliklərə çevrilə bilər. Kolorektal xərçəng də erkən mərhələdə simptomsuz inkişaf edə bilər.
Məhz buna görə də özünü yaxşı hiss etsəniz belə, yaşınıza və fərdi risklərinizə uyğun profilaktik müayinələri nəzərdən keçirmək vacibdir. Xüsusilə ailənizdə yoğun bağırsaq polipləri və ya kolorektal xərçəng olubsa, bunu mütləq həkiminizlə müzakirə etməlisiniz.
Kolonoskopiya yoğun bağırsağın daxili səthini müayinə etməyə, polipləri aşkar etməyə və uyğun hallarda onları eyni prosedur zamanı götürməyə imkan verir. Bu, kolorektal xərçəngin qarşısının alınmasında mühüm rol oynayır.
Məqsəd yalnız xəstəliyi aşkar etmək deyil, mümkün olduqda onun yaranmasının da qarşısını almaqdır. Kolonoskopiyaya ehtiyacınızın olub-olmadığını müəyyənləşdirmək üçün həkimlə məsləhətləşin.

