Onkoloji preparatların əlavə təsirləri minimuma endiriləcək - Molekulyar model hazırlanıb
08.09.2026 10:19

Rusiya alimləri şiş əleyhinə preparatların xərçəng və sağlam hüceyrələrin zülalları ilə qarşılıqlı təsirini simulyasiya edən hesablama modeli hazırlayıblar. Bu yeni texnologiya xərçəngin müalicəsi zamanı yaranan ürəkbulanma, saç tökülməsi və qan dövranı sistemi pozuntuları kimi ağır fəsadları əhəmiyyətli dərəcədə azaltmağa imkan verəcək.

 

Aztibb.az "İzvestiya" nəşrinə istinadən yazır ki, şiş əleyhinə bir çox preparatın sağlam hüceyrələrə də zərər vurmasının əsas səbəbi hüceyrə bölünməsini tənzimləyən CDK1 və CDK2 zülallarının bir-birinə 90 faizə yaxın bənzəməsidir və nəticədə dərman molekulları fərq qoymadan hər iki zülalla birləşir.

 

Tədqiqatçılar dörd fərqli şirkətin hazırladığı CDK2 inhibitorlarının təsirini molekulyar dinamika modelləri vasitəsilə təhlil edərək müəyyən ediblər ki, dərmanların bu iki zülalı bir-birindən fərqləndirməsində alanin-31 və lizin-33 amin turşusu qalıqları həlledici rol oynayır. Dərman molekulu xərçəng hüceyrəsindəki CDK2 zülalı ilə qarşılaşdıqda lizin-33 vasitəsilə möhkəm əlaqə quraraq zülalın aktiv mərkəzində bərkiyir, sağlam hüceyrədəki CDK1-də isə alanin-31 qalığı inhibitoru yayındıraraq onun möhkəmlənməsinə mane olur.

 

Əldə edilən nəticələr yalnız şiş hüceyrəsini hədəf alan daha təhlükəsiz preparatların yaradılması üçün hazır təlimat rolunu oynayır və kimyəvi sintezə başlamazdan əvvəl virtual mühitdə molekulun effektivliyini qiymətləndirməyə imkan verir. Bu yanaşma həm tədqiqat xərclərini azaldacaq, həm də süd vəzisi və ağciyər xərçənginin müalicəsində istifadə edilən dərmanların hazırlanmasını sürətləndirəcək. Mütəxəssislər bioinformatika modellərinin prosesi xeyli ucuzlaşdırdığını bildirsələr də, ən mürəkkəb riyazi modelin belə orqanizmdəki bütün metabolitləri nəzərə ala bilməyəcəyini və son mərhələdə kliniki sınaqların vacibliyini vurğulayırlar.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb