Uzun illər ürək tutması əsasən yaşlı insanların xəstəliyi hesab edilsə də, son illərdə aparılan tədqiqatlar gənc yetkinlər arasında infarkt hallarının nəzərəçarpacaq dərəcədə artdığını göstərir.
Aztibb.az "Haber Türk"ə istinadən yazır ki, kardioloq Mehmet Hamidi bildirib ki, bu artımın əsas səbəbləri sağlam qidalanmamaq, oturaq həyat tərzi, piylənmə, şəkərli diabet və arterial hipertenziyadır.
ABŞ Milli Sağlamlıq Statistikası Mərkəzinin məlumatına görə, 2019-cu ildə 18–44 yaş qrupunda olan insanların 0,3 faizi infarkt keçirib. Bu göstərici 2023-cü ildə 0,5 faizə yüksəlib. Beləliklə, cəmi dörd il ərzində bu yaş qrupunda infarkt hallarında təxminən 66 faiz artım qeydə alınıb. Maraqlıdır ki, eyni dövrdə digər yaş qruplarında infarktın görülmə tezliyi azalma tendensiyası göstərib.
Gənc yaş infarktdan qorunmaq üçün zəmanət deyil
Kardioloq Mehmet Hamidi bildirib ki, gənc yaşlarda infarkt artıq nadir rast gəlinən hal hesab edilmir.
"Artıq ambulator qəbulda yalnız yaşlı pasiyentləri deyil, 30, hətta 20 yaşlarında olan insanları da ciddi ürək-damar xəstəlikləri səbəbindən müayinə edirik. Gənc olmaq infarkta qarşı avtomatik qorunmaq demək deyil. Xüsusilə arterial hipertenziya, şəkərli diabet, yüksək xolesterin və piylənmə kimi risk amilləri erkən yaşlarda yarandıqda damar divarlarında səssiz, lakin davamlı zədələnmələr inkişaf edir", – deyə həkim bildirib.
Gənc qadınlarda da risk artır
Mütəxəssisin sözlərinə görə, infarkt kişilərdə daha çox müşahidə olunsa da, son illərdə aparılan elmi araşdırmalar gənc qadınlarda da bu riskin artdığını və xəstəliyin nəticələrinin bəzən kişilərlə müqayisədə daha ağır keçdiyini göstərir.
Dr. Hamidi qeyd edib ki, qadınlarda infarktın əlamətləri hər zaman klassik sinə ağrısı ilə məhdudlaşmır. Nəfəs darlığı, ürəkbulanma, bel və ya çənə nahiyəsində ağrı kimi şikayətlər də infarktın əlaməti ola bilər və bu simptomlar diqqətdən kənarda qalmamalıdır.
COVID-19-un ürək sağlamlığına təsiri araşdırılır
Kardioloq bildirib ki, elmi araşdırmalar COVID-19 infeksiyasının ürək-damar sisteminə uzunmüddətli təsir göstərə biləcəyini ortaya qoyur.
"Pandemiyanın ilk ilində infarkt səbəbindən ölüm hallarında artım müşahidə edildi. Xüsusilə 25–44 yaş qrupunda bu artım daha qabarıq idi. Son araşdırmalar göstərir ki, COVID-19 keçirən bəzi gənclərdə infarkt riski infeksiyadan sonra uzun müddət yüksək qala bilər. Bununla yanaşı, COVID-19 əleyhinə peyvəndlərin infarkt riskini artırdığına dair elmi sübut yoxdur. Əksinə, peyvəndlər infeksiyanın səbəb ola biləcəyi ürək-damar ağırlaşmalarını azaltmaqla qoruyucu təsir göstərə bilir", – deyə o vurğulayıb.
İnfarktın qarşısını almaq mümkündür
Dr. Mehmet Hamidi bildirib ki, ürək-damar xəstəliklərinin böyük hissəsinin qarşısını almaq mümkündür və bunun üçün gənc yaşlardan etibarən mütəmadi tibbi müayinələrdən keçmək vacibdir.
"İnfarktın qarşısını almağın ən effektiv yolu risk amillərini erkən aşkar etməkdir. Arterial hipertenziya, şəkərli diabet və yüksək xolesterin illərlə heç bir əlamət vermədən inkişaf edə bilər. Sağlam qidalanmaq, müntəzəm fiziki aktivliklə məşğul olmaq, siqaretdən uzaq durmaq, normal bədən çəkisini qorumaq və kifayət qədər yatmaq ürək sağlamlığını qorumaqda mühüm rol oynayır. Xüsusilə ailəsində erkən yaşlarda ürək xəstəliyi olan şəxslərə vaxt itirmədən kardioloji müayinədən keçməyi tövsiyə edirik", – deyə həkim bildirib.
Bu əlamətləri laqeyd yanaşmayın
Kardioloq vurğulayıb ki, gənc yaşlarda yaranan sinə ağrısı, nəfəs darlığı, ürəkdöyünmə, səbəbi bilinməyən halsızlıq və fiziki fəaliyyət zamanı tez yorulma kimi əlamətlər ciddi qəbul edilməlidir.
Onun sözlərinə görə, erkən diaqnoz və vaxtında başlanan müalicə qalıcı ürək zədələnməsinin qarşısının alınmasında və həyatın xilas edilməsində həlledici rol oynayır.

