Yaşlanma yalnız təqvimdə illərin keçməsi demək deyil, gündəlik həyat tərzi, vərdişlər və bədənə ötürülən siqnallar bədənin, zehnin və sinir sisteminin necə yaşlanmasına birbaşa təsir göstərir.
Aztibb.az "CNBC"yə istinadən yazır ki, həyatı boyu insanları ahıl yaşlarda da gümrah saxlayan amilləri araşdıran, 105 yaşınadək yaşamış və demək olar ki, son günlərinədək çalışmış tanınmış yapon həkimi doktor Shigeaki Hinoharanın qənaətinə görə, orqanizmi əslində yoran nə həddindən artıq stress, nə də yalnız qidalanmadır; qocalmanı sürətləndirən əsl amillərin əksəriyyətinin idman zalı və ya mətbəxlə heç bir əlaqəsi yoxdur.
Tənhalıq və uzunmüddətli sosial təcrid iltihabı və stressi artıraraq zehni və fiziki zəifləməni sürətləndirdiyi üçün həqiqi münasibətləri möhkəmləndirmək, insanlarla üz-üzə vaxt keçirməyə üstünlük vermək lazımdır, çünki bağ qurmaq lüks deyil, əsl dərmandır. Hərəkətsiz həyat tərzi sürmək bədənin təbii axınına zidd olduğundan həddindən artıq yoran məşqlərə ehtiyac duyulmadan gəzmək, gün ərzində hərəkət etmək və Hinoharanın ahıl yaşlarınadək etdiyi kimi pilləkənlərə üstünlük vermək orqanizmi gümrah saxlayır.
Qəzəb və incikliyi içində saxlamaq bədəni davamlı stress vəziyyətində saxladığından bağışlamağı öyrənmək, hadisələrə fərqli baxış bucağından yanaşmaq və şükür etmək bədəni daxildən qocalmaqdan qoruyur. Həyatdan tamamilə təqaüdə çıxmaq və yaşamaq üçün məqsədin olmaması insanı gerilətdiyi üçün hər zaman fayda verməyə davam etmək və səhər oyanmaq üçün bir səbəbə malik olmaq vacibdir.
Müasir həyatın bitməyən ekranları, səsləri və bildirişləri sinir sistemini dincəltməyə qoymadığı üçün həyata səssizlik, təbiətdə vaxt keçirmək kimi həqiqi sakitlik anları əlavə edilməlidir. Həyatın avtomatik bir rejimə çevrilməsinə imkan verməyib yeniliyi canlı saxlamaq, təbii işıqdan uzaq qalmamaq üçün səhərlər gün işığı almaq və gündəlik rutində əyləncəyə şüurlu şəkildə yer ayırmaq orqanizmi gəncləşdirir. Sadalanan bu amillərin hər biri təkbaşına ciddi görünməsə də, hər gün təkrarlandıqda insanın necə qocaldığını müəyyənləşdirən həlledici faktora çevrilir.

