Ağciyər xərçənginin diaqnostikasında  yeni dönəm - Süni intellekt həkimlərin “ikinci gözü” olacaq 
02.11.2026 11:41

Samsun Universiteti ağciyər xərçənginin erkən aşkarlanmasına töhfə vermək məqsədilə süni intellekt əsaslı qərar dəstək sistemi hazırlayır


Aztibb.az "Anadolu Ajansı"na istinadən yazır ki, Türkiyədə TÜBİTAK-ın dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində hazırlanmaqda olan sistem həkimlərə kompüter tomoqrafiyası görüntülərini yükləmək, şübhəli sahələr barədə məlumat almaq və süni intellektin qiymətləndirməsini hansı əlamətlərə əsasən apardığını görmək imkanı verəcək.

“Geniş dil modelləri, diqqət mexanizmləri və optimallaşdırma üsulları ilə gücləndirilmiş, izah edilə bilən süni intellekt əsaslı yeni nəsil qərar dəstək sisteminin ağciyər xərçənginin diaqnostikası üçün hazırlanması və klinik təsirlərinin araşdırılması” adlı layihənin ilk ili başa çatıb. Qarşıdakı iki il ərzində sistemin təkmilləşdirilməsi, böyük dil modelləri ilə inteqrasiyası və klinik praktikada faydasının qiymətləndirilməsi nəzərdə tutulur.

Samsun Universitetinin Kompüter və İnformasiya Elmləri fakültəsinin dekan əvəzi, professor Zafer Cömert bildirib ki, süni intellekt səhiyyədə xəstəliklərin aşkarlanmasından müalicə proseslərinədək bir çox istiqamətdə həkimlərə dəstək verə bilər.

Onun sözlərinə görə, layihə çərçivəsində ağciyər xəstəliklərinin alt növlərinin təsnifatına diqqət yetirilir. Kompüter tomoqrafiyası görüntülərini təhlil edən və xərçəng növünün müəyyənləşdirilməsində həkimlərə kömək edən sistemin əsasları artıq yaradılıb.

Professor vurğulayıb ki, sistem yalnız xəstəlik ehtimalını göstərməklə kifayətlənməyəcək, həm də gəldiyi nəticənin əsaslarını izah edə biləcək. Bu xüsusiyyət həkimlərin süni intellektə etimad göstərməsi baxımından mühüm əhəmiyyət daşıyır.

“Xəstəliklə bağlı ehtimal göstəricisi təqdim edə bilirik. Lakin həkim haqlı olaraq soruşa bilər: ‘Bu nəticəni nəyə əsasən əldə etmisiniz?’ Buna görə də qiymətləndirmə prosesinin izah edilə bilməsi olduqca vacibdir”, – deyə Cömert bildirib.

Onun sözlərinə görə, sistem tomoqrafiya görüntülərində qiymətləndirmə üçün əsas götürdüyü sahələri istilik xəritələri vasitəsilə göstərəcək. Beləliklə, süni intellektin ağciyər görüntüsünü normal və ya xəstəlik əlaməti daşıyan görüntü kimi təsnif edərkən hansı nahiyələrə diqqət yetirdiyi aydın olacaq.


Sistemlə təbii dildə ünsiyyət mümkün olacaq


Layihəni ənənəvi qərar dəstək sistemlərindən fərqləndirən əsas xüsusiyyətlərdən biri böyük dil modelləri ilə inteqrasiya olacaq. Bu, həkimlərə xüsusi texniki biliklərə ehtiyac duymadan sistemlə ünsiyyət qurmağa imkan verəcək.

Cömert qeyd edib ki, həkim tomoqrafiya görüntüsünü sistemə yüklədikdən sonra onunla gündəlik dildə ünsiyyət qura, şübhəli törəmələrin aşkarlanması və qiymətləndirmə zamanı diqqət yetirilməli sahələr barədə məlumat ala biləcək.


“Layihənin ilk ilində ümidverici nəticələr əldə etdik”


Professor bildirib ki, layihə tamamilə yerli imkanlar hesabına həyata keçirilir. Məlumat bazalarının yaradılmasından alqoritmlərin hazırlanmasına qədər bütün mərhələlər layihə komandası tərəfindən icra olunur.

“Layihənin ilk ilində ümidverici nəticələr əldə etdik. Qarşıda daha iki ilimiz var. Bu müddət ərzində sistemin optimallaşdırılmasını başa çatdırmağı, alqoritmi xərc və səmərəlilik baxımından ən uyğun səviyyəyə çatdırmağı hədəfləyirik. Daha sonra böyük dil modeli ilə inteqrasiyanı həyata keçirəcəyik. Sistemin klinik baxımdan həqiqətən əhəmiyyətli fərq yaradıb-yaratmadığını qiymətləndirəcəyik. Bu suala müsbət cavab verə bilsək, layihəni tamamlamış olacağıq”, – deyə o bildirib.

Cömertin sözlərinə görə, süni intellekt həkimləri əvəz etmək üçün deyil, diaqnostika prosesinə dəstək göstərmək üçün hazırlanır. Sistemin xüsusilə gözdən qaça biləcək əlamətlərin qiymətləndirilməsinə töhfə verməsi nəzərdə tutulur.

O əlavə edib ki, layihə xəstəliklərin daha erkən aşkarlanmasına və həkimlərin iş yükünün azaldılmasına kömək etməklə həm klinik, həm də sosial baxımdan əhəmiyyətli nəticələr verə bilər.

Beləliklə, yeni sistem ağciyər xərçənginin diaqnostikasında həkimlərə əlavə qiymətləndirmə imkanı yaradaraq bir növ “ikinci göz” rolunu oynamağı hədəfləyir.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Qaraciyərin 5–6-cı seqmentlərini əhatə edən 15 sm diametrli iri kistanı laparoskopik üsulla aradan qaldırıb
 ATU-da orqan donorluğu və transplantasiyanın aktual məsələləri müzakirə olunub   
 AQTİ video-redaktor vəzifəsinə işçi axtarır   
Şirvan ŞMX-da üst çənə sinusunun kistasının xaric edilməsi əməliyyatı uğurla icra olunub
Probiotiklərin orqanizmə təsiri nədir və hansı hallarda istifadəsi tövsiyə oluna bilər?
 Eyni gündə 3 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib   
 Qobustan RMX-nın Ərəbşalbaş kənd həkim məntəqəsində səyyar tibbi müayinələr təşkil olunub   
Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin təşkilatçılığı ilə şəhid ailələri üçün sağlamlıq aksiyasına start verilib
Şəhid anasının dalağında aşkarlanan çoxsaylı kistalarla əlaqədar laparoskopik üsulla cərrahi əməliyyat icra olunub
Səhiyyə Nazirliyinin dəstəyi ilə Tərtər və Suqovuşanda kardioloji AKSİYA
                  Qızıl birləşmələrini metal qızıla çevirən bakteriya aşkar edilib                        
Yeni Klinikanın elmi tədqiqatı Dünya Neyroreabilitasiya Konqresində təqdim olunub
Ağciyər xərçənginin diaqnostikasında  yeni dönəm - Süni intellekt həkimlərin “ikinci gözü” olacaq 
Hamiləliyin ilk üç ayı dölün əsas orqanlarının formalaşdığı çox vacib dövrdür - MÜSAHİBƏ
Tibb elmləri doktoru Rəşad Şolan Türk Dünyası Transplantasiya Cəmiyyətinin Azərbaycanda rəsmi nümayəndəsi təyin olunub