Hamiləlik qadın həyatının ən həssas və məsuliyyətli dövrlərindən biridir. Bu mərhələnin sağlam və təhlükəsiz keçməsi üçün hamiləliyin əvvəlcədən planlaşdırılması, mütəmadi tibbi müayinələrdən keçilməsi, düzgün qidalanma və sağlam həyat tərzinə riayət edilməsi mühüm əhəmiyyət daşıyır. Eyni zamanda, hamiləliyin müxtəlif mərhələlərində baş verən fizioloji dəyişiklikləri tanımaq, təhlükə əlamətlərini vaxtında müəyyən etmək və doğuşa həm fiziki, həm də psixoloji cəhətdən hazırlaşmaq vacibdir.
Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun böyük elmi işçisi Leyla Süleymanova müsahibəsində hamiləliyə hazırlıq üçün atılmalı addımlardan, ilk aylarda diqqət edilməli məqamlardan, gələcək anaların qidalanma və gündəlik vərdişlərindən, eləcə də doğuşun yaxınlaşmasını göstərən əlamətlərdən bəhs edib.
Hamiləlik planlaşdıran qadın neçə ay əvvəldən tibbi hazırlıqlara başlamalı və ilk növbədə hansı analizləri verməlidir?
- Hamiləliyi planlaşdıran qadının ideal olaraq hamiləlikdən 2-3 ay əvvəl həkim müayinəsindən keçməsi məqsədəuyğundur. Bu müddət ərzində qadının ümumi sağlamlıq vəziyyətini qiymətləndirmək və varsa, xroniki xəstəlikləri nəzarətə almaq mümkündür.
İlk növbədə ginekoloq müayinəsi, arterial təzyiq və bədən çəkisinin qiymətləndirilməsi, ümumi qan, sidik analizi aparıla bilər. Klinik vəziyyətdən asılı olaraq qanda qlükoza, ferritin, TSH və digər müayinələr təyin edilir. İnfeksiyalarla bağlı müayinələr də qadının anamnezinə və əvvəlki müayinələrinə əsasən seçilməlidir. Qeyd edim ki, bütün qadınlara eyni analizlərin geniş siyahısını vermək düzgün yanaşma deyil. Peyvənd statusu, xüsusilə məxmərək kimi infeksiyalara qarşı immunitet də nəzərdən keçirilməlidir. Həmçinin, qəbul edilən dərmanlar həkim tərəfindən yenidən qiymətləndirilməlidir.
Ən vacib tövsiyələrdən biri isə fol turşusunun qəbuluna hamiləlikdən ən azı 1 ay əvvəl, ideal olaraq 2-3 ay əvvəl başlanmasıdır. Adətən gündə 400 mikroqram tövsiyə olunur, lakin bəzi qadınlarda daha yüksək doza lazım ola bilər və bunu həkim müəyyən etməlidir.
- Hamiləliyin ilk həftələrində hansı əlamətlər normal sayılır?
- Hamiləliyin ilk həftələrində hormonal dəyişikliklərlə əlaqədar ürəkbulanma, qusma, yuxululuq, yorğunluq, qoxulara qarşı həssaslığın artması və tez-tez sidiyə getmə kimi əlamətlər çox rast gəlinir. Bəzi qadınlarda qarının aşağı hissəsində yüngül dartınma və az miqdarda ləkələnmə də müşahidə oluna bilər. Lakin qanaxmaya “normaldır” demək olmaz. Parlaq qırmızı və ya artan qanaxma, güclü və xüsusilə birtərəfli qarın ağrısı, başgicəllənmə və ya huş itirmə təcili tibbi qiymətləndirmə tələb edir. Bu əlamətlər uşaqlıqdankənar hamiləlik və ya digər ciddi problemlərin göstəricisi ola bilər.
Eyni zamanda, dayanmayan güclü qusma, maye qəbul edə bilməmək, yüksək hərarət və ümumi vəziyyətin kəskin pisləşməsi zamanı da həkimə müraciət etmək lazımdır.
- Dölün orqanlarının formalaşdığı ilk üç ayda ananın qidalanması, dərman istifadəsi və gündəlik vərdişləri necə olmalıdır?
- Hamiləliyin ilk üç ayı dölün əsas orqanlarının formalaşdığı çox vacib dövrdür. Buna görə, qadın bu mərhələdə sağlam və balanslaşdırılmış qidalanmalıdır.
Rasionda tərəvəz və meyvələr, tam taxıllar, yumurta, balıq, ət və ya digər keyfiyyətli protein mənbələri, süd məhsulları və faydalı yağlar kifayət qədər olmalıdır. Çiy və ya tam bişməmiş ət və yumurta, pasterizə olunmamış süd məhsulları eləcə də, gigiyenik təhlükəsizliyi şübhəli qidalardan uzaq durmaq lazımdır.
Ən vacib məqamlardan biri spirtli içki və tütün məhsullarından tamamilə imtina etməkdir. Kofein isə həddindən artıq qəbul edilməməlidir.
Dərmanlarla bağlı əsas prinsip çox sadədir: “təbii” və ya reseptsiz olması həmin preparatın hamiləlikdə təhlükəsiz olduğu anlamına gəlmir. Hər hansı dərman, vitamin, bitki mənşəli preparat və ya qida əlavəsi qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək lazımdır. Eyni zamanda, həkimin təyin etdiyi vacib dərmanları da özbaşına dayandırmaq olmaz.
Hamiləlik normal gedirsə gündəlik fiziki aktivlik əksər qadınlar üçün faydalıdır. Gəzinti və hamiləliyə uyğun yüngül məşqlər davam etdirilə bilər. Sadəcə həddindən artıq fiziki yüklənmədən və zədələnmə riski yüksək olan fəaliyyətlərdən qaçmaq lazımdır.
- Hamiləlik dövründə qadının bədənində hansı təbii dəyişikliklər?
- Hamiləlik qadın orqanizmində çox böyük fizioloji dəyişikliklər yaradır. Uşaqlığın böyüməsi, hormonal dəyişikliklər və qan dövranının artması nəticəsində qadın öz bədənində bir çox fərqlilik hiss edə bilər. Ürəkbulanma, yorğunluq, döşlərdə böyümə və həssaslıq, tez-tez sidiyə getmə, qəbizlik, köp, bel ağrısı, ayaqlarda yüngül şişkinlik və nəfəsdarlıq hissi hamiləlik zamanı müəyyən dərəcədə normal ola bilər. Hamiləliyin sonrakı aylarında uşaqlığın böyüməsi ilə əlaqədar bel və çanaq nahiyəsində narahatlıq, həmçinin yalançı sancılar müşahidə oluna bilər. Lakin qadın özünü pis hiss etdikdə bunu sadəcə “hamiləlikdəndir” deyə qiymətləndirməməlidir. Güclü baş ağrısı, görmədə dəyişiklik, qəfil və ciddi şişkinlik, yüksək təzyiq, vaginal qanaxma, su gəlməsi, güclü qarın ağrısı, yüksək hərarət və ya döl hərəkətlərinin azalması həkim tərəfindən təcili qiymətləndirilməlidir.
- Yaxınlaşan doğuşun ilk əlamətləri hansılardır?
- Doğuşun yaxınlaşmasının əlamətlərindən biri sancıların tədricən müntəzəm, daha güclü və tez-tez olmasıdır. Selikli tıxacın gəlməsi də doğuşa hazırlıq əlaməti ola bilər, lakin bu, doğuşun mütləq həmin gün başlayacağı demək deyil.
Ən vacib əlamətlərdən biri döl qişalarının açılması, yəni suyun gəlməsidir. Su gəldikdə, hətta sancılar başlamayıbsa belə, qadın həkimi ilə əlaqə saxlamalı və doğum evinə müraciət etməlidir.
Güclü və müntəzəm sancılar, vaginal qanaxma, suyun gəlməsi, körpənin hərəkətlərinin əhəmiyyətli dərəcədə azalması və ya ümumi vəziyyətin pisləşməsi zamanı xəstəxanaya müraciət gecikdirilməməlidir.
Xüsusilə qeyd etmək istəyirəm ki, qanaxma, güclü davamlı ağrı, suyun gəlməsi və ya döl hərəkətlərinin kəskin azalması zamanı sancıların “müəyyən intervala çatmasını” gözləmək lazım deyil.
- Hamiləliyin son mərhələsində gələcək ananın psixoloji hazırlığı ilə bağlı hansı tövsiyələri verərdiniz?
- Doğuşa hazırlıq yalnız fiziki deyil, həm də psixoloji hazırlıqdır. Gələcək ana doğuş prosesi, mümkün doğuş üsulları və ağrı ilə mübarizə üsulları haqqında əvvəlcədən məlumat almalıdır. Həkimi ilə doğuş planını müzakirə etmək, lakin bu planın tibbi vəziyyətə uyğun olaraq dəyişə biləcəyini də qəbul etmək vacibdir. Qadın özünü qorxutmaq əvəzinə, məlumatlanmalı və həkim komandasına etibar etməlidir. Doğuşun necə keçəcəyini əvvəlcədən tam proqnozlaşdırmaq mümkün deyil və planlaşdırılmamış dəyişikliklər uğursuzluq demək deyil – əsas məqsəd ana və körpənin təhlükəsizliyidir.
Xəstəxana çantasını isə doğuşa təxminən 3-4 həftə qalmış, daha erkən doğuş riski varsa daha əvvəl hazırlamaq məsləhətdir. Şəxsiyyət sənədləri və tibbi sənədlər, rahat geyim, şəxsi gigiyena vasitələri, doğuşdan sonra istifadə üçün alt paltarları və digər zəruri əşyalar, həmçinin körpə üçün geyim və bezlər əvvəlcədən hazırlanmalıdır. Ən əsası nəzərə almalıyıq ki, hamiləlik xəstəlik deyil, qadın orqanizminin çox mühüm fizioloji vəziyyətidir. Ancaq bu dövrü sağlam və təhlükəsiz keçirmək üçün mütəmadi həkim nəzarəti, düzgün qidalanma, sağlam həyat tərzi və təhlükə siqnallarını vaxtında tanımaq çox vacibdir.

