Ana südü körpəni infeksiyalardan necə qoruyur?
04.08.2026 12:00

Ana südü yenidoğulmuş körpə üçün ən ideal, təhlükəsiz və tam qida hesab olunur. Həyatın ilk altı ayı ərzində yalnız ana südü ilə qidalanma körpənin sağlam böyüməsi və inkişafı üçün ən düzgün seçimdir. Məhz buna görə də Ümumdünya Səhiyyə Təşkilatı ilk altı ayda əlavə qida və su verilmədən yalnız ana südü ilə qidalanmanı tövsiyə edir.
Aztibb.az xəbər verir ki, bu fikirləri Mərkəzi Gömrük Hospitalının Pediatriya şöbəsinin pediatrı Nazilə Hüseynova “Ana südünün körpənin sağlam inkişafındakı əvəzsiz rolu” mövzusunda məlumat verərkən deyib.
O bildirib ki, ana südünün tərkibində körpənin inkişafı üçün zəruri olan zülallar, yağlar, karbohidratlar, vitaminlər və minerallarla yanaşı, immun sistemini gücləndirən qoruyucu anticisimlər də mövcuddur. Bu maddələr körpənin orqanizmini müxtəlif infeksiyalara qarşı müdafiə edir, ishal, tənəffüs yolu və qulaq infeksiyalarının yaranma riskini əhəmiyyətli dərəcədə azaldır.
Doğuşdan sonrakı ilk günlərdə ifraz olunan kolostrum – ağız südü körpənin ilk təbii müdafiə vasitəsi hesab edilir. İmmunoqlobulinlərlə zəngin olan bu süd yenidoğulmuşun immun sisteminin formalaşmasına kömək etdiyi üçün "ilk peyvənd" adlandırılır.
Ana südü ilə qidalanmanın faydaları yalnız erkən uşaqlıq dövrü ilə məhdudlaşmır. Elmi araşdırmalar göstərir ki, ana südü ilə qidalanan uşaqlarda piylənmə, şəkərli diabet və bəzi allergik xəstəliklərin inkişaf riski daha aşağı olur. Eyni zamanda, ana südü beyin inkişafını dəstəkləyir, idrak qabiliyyətinin formalaşmasına müsbət təsir göstərir və ana ilə körpə arasında güclü emosional bağlılığın yaranmasına şərait yaradır.
Ana südü ana sağlamlığı üçün də mühüm əhəmiyyət daşıyır. Südvermə doğuşdan sonra uşaqlığın daha tez bərpasına kömək edir, doğuşsonrası qanaxma riskini azaldır və uzunmüddətli perspektivdə süd vəzi və yumurtalıq xərçənginin yaranma ehtimalının azalmasına töhfə verir.
Bəzi analar südün kifayət etmədiyini düşündükləri üçün narahatlıq keçirirlər. Əslində isə körpənin tez-tez və düzgün əmizdirilməsi süd ifrazını artıran ən vacib amillərdən biridir. Bu səbəbdən həyatın ilk aylarında körpənin tələbatına uyğun, gecə saatları da daxil olmaqla, müntəzəm əmizdirilməsi tövsiyə olunur.
Sağlam həyatın təməli doğulduğu ilk gündən qoyulur. Ana südü körpənin həm bu günü, həm də gələcək sağlamlığı üçün ən dəyərli qidadır. Körpənin qidalanması ilə bağlı hər hansı sual yarandıqda vaxt itirmədən pediatr həkimə müraciət etmək tövsiyə olunur.

ÇOX OXUNANLAR
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu vakansiya elan edir
Ümumdünya Ağciyər Gününə həsr olunmuş ÖDƏNİŞSİZ MÜAYİNƏ AKSİYASI
“Gənc Tibb İşçilərinin Konfransı” layihəsi Qərb bölgəsində davam etdirilib
Mərkəzi Gömrük Hospitalının uşaq cərrahı AZTV-nin “Telesəhər” proqramına müsahibə verib
Sabunçu Gənclər Evində “Sülh aylığı” çərçivəsində tədbir keçirilib
İki yeni mütəxəssis Elmi-Tədqiqat Kardiologiya İnstitutunda fəaliyyətə başlayıb
Abbas Səhhət adına xəstəxananın tibb bacısı vəfat edib
Naxçıvanda orta tibb işçiləri üçün keçirilən sertifikasiya imtahanının nəticələri açıqlanıb
Bakı Sağlamlıq Mərkəzinin həkimləri Norveçdə beynəlxalq tədbirdə iştirak ediblər  
Ümumdünya Ürək Gününə həsr olunmuş seminar və “Minimal İnvaziv Mitral Qapaq Təmiri” kursu keçiriləcək
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda doktoranturaya qəbul üzrə imtahan keçirilib
ADHTİ ilə “Azena Creative Agency” arasında tərəfdaşlıq əlaqələri qurulub
 ATU nümayəndəsi Tailandda sərhədyanı səhiyyə üzrə beynəlxalq təlimdə Azərbaycanı uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında eyni gündə iki böyrək transplantasiyası