ATU nümayəndəsi Tailandda sərhədyanı səhiyyə üzrə beynəlxalq təlimdə Azərbaycanı uğurla təmsil edib  
15.09.2026 09:00

Azərbaycan Tibb Universitetinin (ATU) Hərbi tibb fakültəsi Tədris şöbəsinin elmi işlər üzrə müavini, milli təhlükəsizlik və hərbi elmlər üzrə fəlsəfə doktoru, tibb xidməti polkovnik-leytenantı Saleh Əhmədov Tailandda keçirilən beynəlxalq təlim kursunda Azərbaycanı təmsil edib.

 
Bu məlumat Aztibb.az-a ATU-dan verilib.
 
Bildirilib ki, Tailand Beynəlxalq Əməkdaşlıq Agentliyinin təşkilatçılığı ilə Mae Fah Luang Universitetində keçirilən “Sərhəd ərazilərdə səhiyyə sisteminin gücləndirilməsi” (The Strengthening of the Health Care System in the Border Areas) adlı beynəlxalq təlim kursu sərhədyanı ərazilərdə səhiyyə xidmətlərinin təşkili və epidemioloji təhlükəsizliyin təmin olunması üzrə qabaqcıl təcrübələrin öyrənilməsinə həsr edilib.
 

Üç həftə davam edən proqram çərçivəsində iştirakçılar Tailandın Myanma, Laos və Kamboca ilə sərhədyanı ərazilərində səhiyyə sistemlərinin fəaliyyəti ilə yaxından tanış olublar. Təlimdə sərhədyanı səhiyyənin təşkili, epidemioloji nəzarət, yoluxucu xəstəliklərin profilaktikası və idarə olunması, beynəlxalq səhiyyə-karantini, miqrant və digər həssas qrupların tibbi xidmətlərə çıxışı, fövqəladə hallara hazırlıq və regional səhiyyə əməkdaşlığı kimi aktual məsələlər müzakirə olunub.

 

Chiang Rai vilayətində keçirilən ilk mərhələdə Beynəlxalq Səhiyyə Qaydalarının (IHR), sərhəd keçid məntəqələrində tibbi nəzarətin və “One Health” yanaşmasının tətbiqi ilə bağlı nəzəri və praktiki məşğələlər təşkil edilib. Proqram iştirakçıları Chiang Rai Provincial Public Health Office, Chiang Rai Prachanukroh Regional Hospital, Mae Sai Hospital və Maesai International Health Quarantine müəssisələrinə səfər edərək sərhədyanı səhiyyə xidmətlərinin təşkili ilə tanış olublar.

 

Təlimin Mae Sot rayonunda keçirilən ikinci mərhələsində əsas diqqət Tailand–Myanma sərhədində yaşayan əhali, miqrantlar, qaçqınlar və vətəndaşlığı olmayan şəxslərin tibbi xidmətlərə çıxışına yönəlib. Mae Sot General Hospital, Tak Border Health Learning Center, Maetao Clinic, SMRU-nun malyariya klinikası və digər tibb müəssisələrində keçirilən görüş və praktiki səfərlər zamanı malyariya və vərəmlə mübarizə, xəstəliklərin epidemioloji müşahidəsi, vaksinasiya və icma əsaslı tibbi xidmətlərin təşkili üzrə təcrübələr öyrənilib.

 

Proqramın yekun mərhələsində isə Tailandın Laos və Kamboca ilə sərhədyanı səhiyyə əməkdaşlığı, böhran və fövqəladə hallara hazırlıq, qadın və uşaqların sağlamlığı, insan alverinin səhiyyəyə təsiri, miqrantların hüquqları və mədəniyyətlərarası səhiyyə xidmətləri diqqət mərkəzində olub. Tailand–Laos sərhədində səhiyyə, karantin, gömrük və immiqrasiya strukturlarının qarşılıqlı fəaliyyəti ilə tanışlıq aparılıb, Bokeo Provincial Public Health Office və Bokeo Hospitalın fəaliyyəti üzrə təqdimatlar dinlənilib.

 

Beynəlxalq təlim nəzəri biliklərin praktiki sahə təcrübəsi ilə birləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyıb. İştirakçılar müxtəlif ölkələrin sərhədyanı səhiyyə modellərini müqayisəli şəkildə öyrənmək, epidemioloji təhlükəsizlik, tibbi xidmətlərin koordinasiyası və regional əməkdaşlıq mexanizmləri üzrə yeni yanaşmalar əldə etmək imkanı qazanıblar.

 

Əldə olunan təcrübə Azərbaycan üçün də aktual olan sərhədyanı səhiyyə, epidemioloji təhlükəsizlik, fövqəladə hallara hazırlıq və həssas əhali qruplarına tibbi xidmətlərin təşkili istiqamətlərində beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi baxımından mühüm əhəmiyyət kəsb edir.

 

Təlimin sonunda iştirakçılar tərəfindən konsept sənədlər təqdim olunub, kursun yekun qiymətləndirilməsi aparılıb və sertifikatlar təqdim edilib.

 

Azərbaycan Tibb Universitetinin nümayəndəsinin bu nüfuzlu beynəlxalq proqramda iştirakı universitetin beynəlxalq əlaqələrinin, elmi-praktik əməkdaşlığının və müasir səhiyyə yanaşmalarının öyrənilməsinə verdiyi önəmin göstəricisidir.

 
 
 
ÇOX OXUNANLAR
 Saatlı RMX-da tanınmış cərrah Əhədağa Soltanovun 75 illik yubileyi qeyd edilib   
Qazaxda ana və körpənin həyatı xilas edilib
 Ağdaşın Xınaqlı kəndində səyyar tibbi müayinələr keçirilib     
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda fəaliyyət göstərən “ETKİ könüllüləri”nə sertifikatlar təqdim olunub
Ağdərə rayonunun Vəngli kəndində səyyar tibbi aksiya təşkil olunub
Dəridə səpgilər nədən xəbər verir?
Pirallahı Tibb Mərkəzində təlim: “Yıxılma riskinin qiymətləndirilməsi və ehtiyat tədbirlərinin görülməsi”
Professor Vəfa Pənahianın 60 illik yubileyi qeyd olunub
TƏBİB əməkdaşları kibertəhlükəsizlik üzrə təlimlərə cəlb olunub
Tədris Cərrahiyyə Klinikasında mürəkkəb üz deformasiyalarının korreksiyasına dair çoxkomponentli cərrahi əməliyyat icra edilib
Azərbaycan və Türkiyə şirkətləri səhiyyə menecmenti sahəsində əməkdaşlığa başlayır
  TƏBİB: Ağdərədə minaya düşən şəxs ambulator müalicə üçün evə buraxılıb 
Diabetlilər üçün qida seçimləri
Bakı Sağlamlıq Mərkəzi tərəfindən Daşkəsəndə tibbi aksiya keçirilib