Endokrin xəstəliklər ürək-damar sisteminə ciddi təsir göstərə bilər. Xüsusilə diabet, hipotireoz və hipertireoz zamanı ürək-damar sağlamlığına diqqət yetirmək vacibdir.
Aztibb.az "Biomedya" portalına istinadən yazır ki, diabet bütün damarları təsir edə bilən sistemik xəstəlik olduğundan, bu xəstələrdə ürək-damar xəstəliklərinə daha çox rast gəlinir. Mütəxəssislərin bildirdiyinə görə, diabetli şəxslərdə miokard infarktı və ya insultdan ölüm riski diabeti olmayanlarla müqayisədə 2-4 dəfə arta bilər. Ürək çatışmazlığı da diabetli insanlarda təxminən iki dəfə çox müşahidə olunur.
Hipertoniya, yüksək LDL xolesterin, piylənmə və dislipidemiya kimi amillər də diabetlə birlikdə ürək-damar riskini artırır. Bu risk faktorlarının nəzarətdə saxlanılması ürək-damar xəstəliklərinin qarşısının alınmasına və ya inkişafının ləngidilməsinə kömək edə bilər.
Hipotireoz hipertoniya yarada bilər
Qalxanabənzər vəzin zəif işləməsi ilə xarakterizə olunan hipotireoz da ürək-damar sistemi üçün risk yaradır. Bu zaman maddələr mübadiləsi və ürək döyüntülərinin sayı azalır, periferik damar müqaviməti artır və nəticədə arterial hipertenziya yarana bilər. Xəstəliyin irəliləmiş mərhələlərində ürək böyüməsi və ürək çatışmazlığı da inkişaf edə bilər.
Hipertireozda ürəkdöyünmə əsas əlamətlərdəndir
Qalxanabənzər vəzin həddindən artıq işləməsi ilə xarakterizə olunan hipertireoz zamanı ən çox rast gəlinən ürək-damar əlaməti ürəkdöyünmədir. Xəstələr xüsusilə fiziki fəaliyyətdən sonra və gecə saatlarında ürək döyüntülərini daha güclü hiss edə bilərlər.
Hipertireoz bəzi hallarda ürəyin ritm pozuntularına, o cümlədən qulaqcıqların fibrilyasiyasına səbəb ola bilər. Hətta əlamətsiz hipertireoz zamanı da bu ritm pozuntusunun yaranma ehtimalının artdığı bildirilir. Müvafiq müalicə aparıldıqda ürək-damar sistemində yaranan bəzi dəyişikliklər geriləyə bilər.

