Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) və Gənclər və İdman Nazirliyinin birgə əməkdaşlığı ilə 21 avqust–21 sentyabr “Sülh aylığı” çərçivəsində 14 sentyabr 2026-cı ildə maarifləndirmə tədbiri keçirilib.
İSİM-dən Aztibb.az-a bildirilib ki, Sabunçu Gənclər Evində təşkil edilən tədbirin əsas məqsədi insan hüquq və azadlıqlarına hörmətin, ədalət və bərabərliyin, qarşılıqlı etimad, dialoq və əməkdaşlığın davamlı sülhün mühüm əsaslarını təşkil etdiyini diqqətə çatdırmaq olub.
Sabunçu rayonu Gənclər Evinin direktoru Kamil Yaqubov tədbiri giriş sözü ilə açaraq bildirib ki, gənclər arasında sülh dəyərlərinin təşviqi istiqamətində həyata keçirilən ardıcıl və məqsədyönlü fəaliyyət sülh mədəniyyətini möhkəmləndirməklə yanaşı, hər kəsin sülhün qorunmasına töhfə verməsinə xidmət edir.
İSİM-in Layihələrin əlaqələndirilməsi şöbəsinin müdiri Leyla Cəfərli geniş təqdimatla çıxış edərək sülh mədəniyyəti ilə fərdlərin psixi sağlamlığı arasındakı qarşılıqlı əlaqədən söz açıb. O, dünyada, o cümlədən ölkəmizdə hər il qeyd olunan Sülh Gününün məqsəd və vəzifələri haqqında məlumat verib, əhalinin müxtəlif qrupları arasında sülh və dözümlülük mədəniyyətinin təbliğinin vacib məsələ olduğunu vurğulayıb.
İSİM-in Monitorinq və təhlil şöbəsinin müdir müavini Zümrüd Kazımova “Sülh ailədən başlayır: gələcəyimizi sağlam təməllər üzərində quraq” mövzusu ilə çıxış edərək sülh mədəniyyətinin məhz ailə mühitindən başladığını diqqətə çatdırıb. O, gender bərabərliyinin təmin edilməsi, məişət zorakılığı, erkən nikahlar və selektiv abortlar kimi aktual problemlərin qarşısının alınmasının sağlam cəmiyyət və davamlı sülh üçün müstəsna əhəmiyyət kəsb etdiyini qeyd edib.
Təqdimatlardan sonra gənclərin sualları cavablandırılıb və mövzu ətrafında səmərəli fikir mübadiləsi aparılıb.

