Dırnaqlar sağlamlığınız haqqında nə deyir? Dermatoloq xəbərdarlıq edir
22.09.2026 13:25

Dırnaqların rəngi, forması, quruluşu və böyüməsindəki dəyişikliklər bəzən orqanizmdə baş verən proseslər haqqında mühüm ipucları verə bilər. Dermatoloqlar bəzi dırnaq dəyişikliklərinin sadə və zərərsiz səbəblərlə bağlı olduğunu, digərlərinin isə qida çatışmazlığı, infeksiya və ya müəyyən xəstəliklərə işarə edə biləcəyini bildirirlər.

Aztibb.az "Sciencefocus" nəşrinə istinadən yazır ki, sağlam dırnaqlar adətən hamar, elastik və yarı şəffaf olur. Dırnaq yatağının çəhrayı rəngi görünür, baş barmaqlarda isə dib hissədə kiçik ağ yarımayabənzər sahə – lunula müşahidə edilir.

Kövrək və tez qırılan dırnaqlar

Dırnaqların asanlıqla parçalanması və qırılması yaş artdıqca daha çox rast gəlinir. Bununla yanaşı, dırnağın həddindən artıq suya, kimyəvi maddələrə məruz qalması və mexaniki zədələnmələr də əsas səbəblərdəndir.

Bəzi hallarda göbələk infeksiyaları, dermatoloji və endokrin xəstəliklər, qida maddələrinin çatışmazlığı və müəyyən dərmanlar da dırnaqların kövrəkləşməsinə səbəb ola bilər. Dırnaqları nəmləndirmək, kimyəvi maddələrdən və zədələnmələrdən qorumaq tövsiyə olunur. Problem davam edərsə, dermatoloqa müraciət edilməlidir.

Dırnaqlardakı ağ ləkələr

Dırnaqlarda yaranan xırda ağ ləkələr əksər hallarda kalsium çatışmazlığından deyil, dırnağın kiçik zədələnməsindən qaynaqlanır. Dırnaq yemək, süni dırnaq və gel-lakın çıxarılması belə dəyişikliklərə səbəb ola bilər.

Lakin ağ sahələr üfüqi xətlər şəklindədirsə və ya dırnağın bir hissəsi ağ, digər hissəsi tünd rəng alıbsa, bu, bəzi sağlamlıq problemlərinin əlaməti ola bilər və həkim müayinəsi tələb olunur.

Dırnaqlardakı xətlər

Dırnağın dibindən ucuna doğru uzanan şaquli xətlər, xüsusilə yaş artdıqca, çox vaxt normal dəyişiklik hesab olunur. Bununla belə, bəzi dəri xəstəlikləri və dəmir çatışmazlığı da bu görünüşə səbəb ola bilər.

Üfüqi xətlər isə daha diqqətlə qiymətləndirilməlidir. Onlar ekzema və psoriaz kimi iltihabi dəri xəstəlikləri, eləcə də dırnaq böyüməsini müvəqqəti dayandıran xəstəliklər fonunda yarana bilər.

Saralmış dırnaqlar

Dırnaqların saralması çox vaxt lak, lak silən vasitələr və tütün istifadəsi ilə əlaqəli olur. Dırnaq eyni zamanda qalınlaşıb yatağından ayrılırsa, göbələk infeksiyasından şübhələnmək olar.

Nadir hallarda sarı dırnaqlar ayaqlarda şişkinlik və tənəffüs problemləri ilə birlikdə müşahidə olunan “sarı dırnaq sindromu”nun əlaməti ola bilər. Saralma üçün aydın səbəb yoxdursa və uzun müddət davam edirsə, həkimə müraciət etmək məsləhətdir.

Qaşıqvari dırnaqlar

Dırnağın ortasının içəriyə doğru çökərək qaşıq formasını alması koiloniхiya adlanır. Uşaqlarda bu vəziyyət bəzən normal inkişaf xüsusiyyəti kimi müşahidə olunur və zamanla düzələ bilər.

Yetkinlərdə isə qaşıqvari dırnaqlar təkrarlanan travma, dəmir çatışmazlığı, qanazlığı və ya qalxanabənzər vəz problemləri ilə əlaqəli ola bilər.

Dermatoloqlar bildirirlər ki, dırnaqlardakı hər dəyişiklik xəstəlik demək deyil. Lakin dəyişiklik davamlıdırsa, sürətlə artırsa və ya digər simptomlarla müşayiət olunursa, səbəbin müəyyənləşdirilməsi üçün həkim müayinəsi vacibdir.

ÇOX OXUNANLAR
Azərbaycan və Türkiyə şirkətləri səhiyyə menecmenti sahəsində əməkdaşlığa başlayır
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu vakansiya elan edir
“Gənc Tibb İşçilərinin Konfransı” layihəsi Qərb bölgəsində davam etdirilib
Ümumdünya Ağciyər Gününə həsr olunmuş ÖDƏNİŞSİZ MÜAYİNƏ AKSİYASI
Abbas Səhhət adına xəstəxananın tibb bacısı vəfat edib
Sabunçu Gənclər Evində “Sülh aylığı” çərçivəsində tədbir keçirilib
Bakı Sağlamlıq Mərkəzinin həkimləri Norveçdə beynəlxalq tədbirdə iştirak ediblər  
Mərkəzi Gömrük Hospitalında təlim: “Xəstəxana üzrə kağızsız məlumat mübadiləsi”
Mərkəzi Gömrük Hospitalının uşaq cərrahı AZTV-nin “Telesəhər” proqramına müsahibə verib
Ümumdünya Ürək Gününə həsr olunmuş seminar və “Minimal İnvaziv Mitral Qapaq Təmiri” kursu keçiriləcək
Naxçıvanda orta tibb işçiləri üçün keçirilən sertifikasiya imtahanının nəticələri açıqlanıb
İki yeni mütəxəssis Elmi-Tədqiqat Kardiologiya İnstitutunda fəaliyyətə başlayıb
 Gəncə Şəhər Birləşmiş Xəstəxanasının bir qrup əməkdaşı “Gənc Tibb İşçilərinin Konfransı” layihəsində iştirak edib   
ADHTİ ilə “Azena Creative Agency” arasında tərəfdaşlıq əlaqələri qurulub
ATU-da yeni tədris ilinə hazırlıqla bağlı Rektoryanı Şuranın ilk iclası keçirilib