Xərçəng diaqnozu insan həyatını dəyişən ciddi sınaq olsa da, müasir onkologiyanın inkişafı xəstələr üçün yeni müalicə və uzunmüddətli nəzarət imkanları yaradıb. Bu barədə onkoloq və kimyaterapevt Maqomed Sulimanov danışıb.
Aztibb.az "İzvestiya" nəşrinə istinadən yazır ki, mütəxəssisin sözlərinə görə, son 20–30 ildə onkologiyada əsas irəliləyiş molekulyar-genetik tədqiqatların inkişafı ilə bağlıdır. Şiş hüceyrələrinin bioloji xüsusiyyətlərinin öyrənilməsi hədəfli (target), immun və hormonal terapiya kimi müasir müalicə üsullarının tətbiqinə imkan verib.
Target terapiya şişin genetik xüsusiyyətlərinə uyğun seçilən preparatlarla sağlam toxumalara minimum təsir göstərərək xəstəliyin uzun müddət nəzarətdə saxlanmasına şərait yaradır. İmmunoterapiya isə immun sisteminin xərçəng hüceyrələrini tanıyıb məhv etməsinə kömək edir. Hormonal terapiya bəzi şiş növlərinin inkişafı üçün vacib olan hormonların təsirini bloklayır.
Kimyaterapiya hələ də xərçəng müalicəsinin əsas üsullarından biri olaraq qalır. Bu müalicə üsulu sürətlə bölünən hüceyrələrə təsir etdiyi üçün zəiflik, ürəkbulanma və saç tökülməsi kimi yan təsirlər yarada bilər. Bununla yanaşı, müasir dəstək terapiyaları və xüsusi soyuducu başlıqlar saç tökülməsinin qarşısını qismən almağa imkan verir.
Mütəxəssis bildirib ki, müşayiətedici terapiya xəstələrin müalicəni daha rahat keçirməsinə, yan təsirlərin vaxtında aradan qaldırılmasına və həyat keyfiyyətinin qorunmasına kömək edir.
Onun sözlərinə görə, xərçəng diaqnozu alan insanlar panikaya düşməməli, vaxt itirmədən mütəxəssisə müraciət etməlidirlər. Erkən diaqnostika müalicənin uğurunda mühüm rol oynayır. Məsələn, süd vəzi xərçəngi birinci mərhələdə aşkarlandıqda tam sağalma ehtimalı 97 faizə çatır.
Həkim həmçinin vurğulayıb ki, uğurlu müalicədə həkim və pasiyent arasında qarşılıqlı etimad, eləcə də xəstənin müsbət psixoloji hazırlığı böyük əhəmiyyət daşıyır.

