Səbəbsiz göyərmələr və təkrarlanan qanaxmalar trombositopeniyadan xəbər verə bilər
Səbəbi bilinməyən göyərmələr, diş ətlərinin qanaması və tez-tez baş verən burun qanaxmaları yalnız travma ilə bağlı olmaya bilər. Bu əlamətlər qanyaradıcı sistemin fəaliyyətində pozuntunun, o cümlədən immun trombositopeniyanın göstəricisi ola bilər.
Aztibb.az xəbər verir ki, bu barədə terapevt,Mariya Belaya “İzvestiya” nəşrinə danışıb.
Həkimin sözlərinə görə, trombositlər damarların mikrozədələrinin bərpasında və kiçik qanaxmaların dayandırılmasında mühüm rol oynayır. İmmun trombositopeniya zamanı isə orqanizm öz trombositlərini yad hüceyrələr kimi qəbul edir və onlara qarşı anticisimlər yaradır. Nəticədə trombositlər daha sürətlə məhv edilir, sümük iliyi isə onların sayını lazımi qədər bərpa edə bilmir.
Trombositlərin azalması hətta kiçik damar zədələnmələri zamanı belə göyərmələrin yaranmasına səbəb ola bilər. Bu göyərmələr bəzən heç bir nəzərəçarpacaq zərbə olmadan, məsələn, kəmər və ya çanta qayışının təzyiqindən sonra meydana çıxa bilər.
Burun və diş əti qanaxmaları
Selikli qişalar trombosit səviyyəsinin azalmasına xüsusilə həssasdır. Buna görə adi diş fırçalama, bərk qida və ya quru hava belə daha uzunmüddətli qanaxmaya səbəb ola bilər. Burun qanaxmaları da xəstəliyin əlamətlərindən biri hesab olunur.
Diş ətləri zahirən normal göründüyü halda tez-tez qanayırsa, qan göstəricilərini yoxlatdırmaq məsləhətdir.
Hansı əlamətlər narahatlıq yaratmalıdır?
İmmun trombositopeniyanın əlamətlərindən biri petexiyalar, yəni dəridə yaranan xırda qırmızı nöqtələrdir. Onlar daha çox baldır, ayaq və geyimin təzyiq göstərdiyi nahiyələrdə meydana çıxır və üzərinə basıldıqda rəngini itirmir.
“Səbəbi aydın olmayan, çoxsaylı və ya qarın, kürək, qol və ayaqların daxili səthi kimi qeyri-adi nahiyələrdə yaranan göyərmələr də diqqətdən yayınmamalıdır. Təkrarlanan burun qanaxmaları, diş ətlərinin qanaması və menstruasiyanın xarakterində dəyişikliklər də narahatedici əlamətlərdir”, – deyə Belaya bildirib.
Daha ciddi əlamətlərə sidikdə qan, qara nəcis, gözlərdə qanaxma, selikli qişalarda qanlı qabarcıqlar, həmçinin trombositopeniya diaqnozu olan şəxsdə qəfil güclü baş ağrısı və qusma daxildir.
Göyərmələri necə fərqləndirmək olar?
Adi göyərmənin, adətən, zərbə və ya təzyiq kimi aydın səbəbi olur və bir-iki həftə ərzində keçir. Trombositlərin səviyyəsi aşağı olduqda isə göyərmələr səbəbsiz yarana, çoxsaylı ola və müxtəlif müddət ərzində qala bilər. Bununla belə, hər göyərmə qan xəstəliyindən xəbər vermir. Səbəbi yalnız müayinədən sonra müəyyənləşdirmək mümkündür.
Xəstəlik necə aşkarlanır?
İnsan uzun müddət trombosit səviyyəsinin aşağı düşdüyündən xəbərsiz qala bilər. Pozuntu bəzən əməliyyata hazırlıq, stomatoloji müalicə və ya digər müayinələr zamanı təsadüfən aşkarlanır.
Diaqnostikanın ilk mərhələsində ümumi qan analizi aparılır. İmmun trombositopeniyadan şübhələnildikdə qan yaxmasının mikroskopik müayinəsi və koaquloqramma da təyin oluna bilər.
Həkimin sözlərinə görə, immun trombositopeniyanı tam təsdiqləyən vahid analiz yoxdur. Diaqnoz trombositlərin azalmasına səbəb ola biləcək digər amillər, o cümlədən infeksiyalar, qalxanabənzər vəz xəstəlikləri, autoimmun pozuntular, vitamin çatışmazlığı və dərmanların təsiri istisna edildikdən sonra müəyyənləşdirilir.
Səbəbi bilinməyən göyərmələr, təkrarlanan qanaxmalar və digər narahatedici əlamətlər müşahidə olunarsa, özbaşına müalicə aparmaq əvəzinə həkimə müraciət etmək və müayinədən keçmək vacibdir.

