Tədris Cərrahiyyə Klinikasında eyni gündə iki böyrək transplantasiyası əməliyyatı uğurla həyata keçirilib. Əməliyyatlardan sonra hər iki xəstənin vəziyyətində müsbət dinamika müşahidə olunub və böyrək funksiyaları qısa müddətdə bərpa olunmağa başlayıb.
Şöbənin müdiri, transplantoloq Anar Namazov Aztibb.az-a bildirib ki, həyata keçirilən əməliyyatlardan birində anadangəlmə tək böyrəklə doğulan xəstədə sonrakı illərdə böyrək çatışmazlığı inkişaf edib. Xəstəyə canlı donor olan anasından böyrək köçürülüb. Əməliyyat uğurla başa çatıb.
Transplantasiyadan əvvəl xəstə və donor geniş müayinələrdən keçirilib. İlk növbədə toxuma uyğunluğu, qan analizləri və digər tibbi göstəricilər qiymətləndirilib. Müvafiq uyğunluq müəyyən edildikdən sonra transplantasiya əməliyyatının icrasına qərar verilib.
Anar Namazov bildirib ki, böyrək nəqli zamanı donor və resipiyent eyni vaxtda əməliyyata hazırlanır. Donordan böyrək çıxarıldıqdan sonra orqan xüsusi şəkildə hazırlanır və əvvəlcədən müəyyənləşdirilmiş nahiyəyə resipiyentə köçürülür.
Əməliyyatdan sonra xəstənin böyrək funksiyası qısa müddətdə normallaşıb. Belə ki, xəstə klinikaya daxil olduqda kreatinin göstəricisi 10,8 olduğu halda, transplantasiyadan sonra bu göstərici 1,2-yə düşüb və xəstə bir həftə ərzində evə buraxılıb.
Klinikada həyata keçirilən digər transplantasiya əməliyyatında isə anadangəlmə polikistik böyrək xəstəliyindən əziyyət çəkən xəstəyə qohumundan böyrək nəqli həyata keçirilib. Təxminən 4 saat davam edən əməliyyat uğurla yekunlaşıb.
Bu xəstədə də transplantasiyadan əvvəl kreatinin göstəricisi yüksək olub — 8,5. Əməliyyatdan sonra göstərici 1,1-ə qədər enib və xəstə normal vəziyyətdə evə yola salınıb.
“Böyrək nəqli həyat qurtarır. Hər uğurlu transplantasiya bir insanın həyatına yeni ümid, yeni başlanğıc bəxş edir”, deyə həkim vurğulayıb.

