Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Kardiologiya İnstitutunda həkimlərin iştirakı ilə operativ işgüzar müşavirə keçirilib.
İnstitutdan Aztibb.az-a verilən xəbərə görə, müəssisənin direktoru, professor Gülnaz Dadaşovanın rəhbərliyi ilə keçirilən müşavirədə müəssisənin gündəlik fəaliyyətinin təşkili, tibbi xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsi və qarşıda duran vəzifələr müzakirə olunub.
Toplantı zamanı institutun tibbi heyətinə iki yeni mütəxəssis təqdim edilib. İnstitutun fəaliyyətinə qoşulan yeni həkimlərdən biri invaziv kardioloq Nicat Baxşəliyev və digəri ürək damar cərrahı Anar Əliyevdir. Yeni mütəxəssislərin peşəkar təcrübəsi və ixtisaslaşması institutda göstərilən tibbi xidmətlərin imkanlarının genişləndirilməsinə töhfə verəcək.
Çıxış edən professor Gülnaz Dadaşova kollektiv qarşısında dayanan əsas məqsədlərdən danışaraq, hər bir əməkdaşın məsuliyyətli və peşəkar fəaliyyətinin institutun ümumi inkişafında mühüm rol oynadığını vurğulayıb. O qeyd edib ki, müasir kardiologiyanın tələblərinə uyğun olaraq yeni yanaşmaların tətbiqi, komanda işinin gücləndirilməsi və pasiyent məmnuniyyətinin artırılması əsas prioritetlərdəndir.
Müşavirə qarşılıqlı fikir mübadiləsi şəraitində davam edib və gündəlik fəaliyyətlə bağlı bir sıra məsələlərə dair müvafiq tapşırıqlar verilib.

