Xərçəng müalicəsində dönüş nöqtəsi - DNT testi minlərlə xəstəni kimyaterapiyadan qoruya bilər
03.06.2026 09:36

Böyük Britaniyanın University College London (UCL) universitetinin rəhbərliyi ilə həyata keçirilən beynəlxalq araşdırma çərçivəsində hazırlanmış yeni DNT testinin milyonlarla süd vəzi xərçəngi xəstəsini lazımsız kimyaterapiyadan xilas edə biləcəyi açıqlanıb.

Aztibb.az "CNN Türk"ə istinadən yazır ki, kimyaterapiya yorğunluq, ürəkbulanma, saç tökülməsi, immun sisteminin zəifləməsi və reproduktiv sağlamlıq problemləri kimi ciddi yan təsirlərlə müşayiət oluna bilir. Alimlər hesab edirlər ki, yeni genetik test sayəsində bir çox xəstə bu ağır müalicəyə ehtiyac olmadan daha uyğun və fərdiləşdirilmiş müalicə ala biləcək.

Araşdırmanın nəticələri göstərib ki, test tətbiq edilən iştirakçıların üçdə ikisindən çoxu kimyaterapiyanın yan təsirlərindən qoruna və yalnız hormonal müalicə ilə uğurla müalicə oluna bilər.

Tədqiqata Böyük Britaniya, Norveç, İsveç, Avstraliya, Yeni Zelandiya və Tailanddan yeni diaqnoz qoyulmuş, yaşı 40-dan yuxarı olan 4 429 süd vəzi xərçəngi xəstəsi cəlb edilib. Alimlər xərçəngin inkişafında rol oynayan 50 genin aktivliyini qiymətləndirmək və xəstəliyin təkrarlanma riskini hesablamaq üçün “Prosigna” adlı gen testindən istifadə ediblər.

Test nəticəsində aşağı risk qrupuna daxil edilən və iştirakçıların üçdə ikisindən çoxunu təşkil edən xəstələrə kimyaterapiya təyin olunmayıb. Bu qrupda beşillik sağqalma göstəricisi 93,7 faiz olub. Kimyaterapiya alan xəstələrdə isə həmin göstərici 94,9 faiz təşkil edib. Nəticələr göstərir ki, bəzi xəstələr üçün kimyaterapiyadan imtina etmək sağqalma göstəricilərinə ciddi təsir göstərmir.

Kimyaterapiyasız xərçəngə qalib gəldi

“Prosigna” testinin köməyi ilə kimyaterapiya almadan müalicə olunan 64 yaşlı Karen Bonham Britaniya mətbuatına bildirib ki, ona 2017-ci ildə süd vəzi xərçəngi diaqnozu qoyulub.

Kimyaterapiyadan qorxduğunu deyən Bonham əməliyyatdan sonra erkən mərhələli süd vəzi xərçəngi xəstələrindən hansılarının kimyaterapiya olmadan müalicə edilə biləcəyini müəyyənləşdirməyə yönəlmiş “Optima” klinik tədqiqatına qoşulmağa razılıq verib.

O bildirib ki, kimyaterapiyaya başlamasına bir neçə gün qalmış xəstəxanadan zəng gəlib və onun kimyaterapiyaya ehtiyac olmayan xəstələr qrupuna daxil edildiyi bildirilib.

“Bu xəbəri eşidəndə hiss etdiklərimi təsvir etmək çətindir. Bu, böyük bir rahatlıq idi”, – deyə Bonham qeyd edib.

O, sonrakı səkkiz il ərzində radioterapiya və hormonal müalicə alıb. Hazırda tam sağlam olduğunu, xəstəliyin yenidən qayıtmasına dair heç bir əlamətin olmadığını bildirib.

“Təxminən doqquz il keçib. Gəzintiyə çıxıram, yoqa ilə məşğul oluram və yaxşı həyat sürürəm. Təqaüdə nə vaxt çıxacağıma özüm qərar verdim və indi aktiv təqaüd həyatının dadını çıxarıram. Optima tədqiqatı bunda həlledici rol oynadı”, – deyə o vurğulayıb.

Fərdiləşdirilmiş müalicəyə doğru mühüm addım

Araşdırmaya rəhbərlik edən UCL Xərçəng İnstitutunun süd vəzi onkologiyası üzrə professoru Rob Stein əldə edilən nəticələri xərçəng müalicəsində mühüm dönüş nöqtəsi kimi qiymətləndirib.

Onun sözlərinə görə, “bu nəticələr daha fərdiləşdirilmiş müalicə strategiyalarına keçid istiqamətində əhəmiyyətli və diqqətəlayiq addımdır”.

UCL-nin hesablamalarına əsasən, tədqiqatın nəticələri tətbiq olunacağı təqdirdə Böyük Britaniyanın dövlət səhiyyə sistemində hər il 5 mindən çox xəstənin lazımsız kimyaterapiya almasının qarşısını almaq mümkün olacaq.

Bununla belə, alimlər bildirirlər ki, nəticələrin 40 yaşdan aşağı xəstələrə də aid olub-olmadığını müəyyənləşdirmək üçün əlavə araşdırmalara ehtiyac var.

Araşdırmanın nəticələri hazırda ABŞ-ın Çikaqo şəhərində keçirilən dünyanın ən böyük onkoloji tədbirlərindən biri olan Amerika Klinik Onkologiya Cəmiyyətinin (ASCO) illik konqresində təqdim olunacaq.

“Prosigna” testi necə işləyir?

“Prosigna” gen testi şiş toxumasından götürülmüş nümunələrdə 50 spesifik genin aktivliyini analiz edir. Bu analiz əsasında xərçəngin molekulyar alt tipi müəyyən edilir və xəstəliyin yenidən yaranma riski hesablanır. Nəticədə həkimlər kimyaterapiyanın konkret xəstə üçün həqiqətən zəruri olub-olmadığını daha dəqiq qiymətləndirə bilirlər.

Mütəxəssislər hesab edirlər ki, bu yanaşma gələcəkdə minlərlə xəstəni kimyaterapiyanın fiziki və psixoloji yükündən, eləcə də uzunmüddətli yan təsirlərindən qoruya bilər.

ÇOX OXUNANLAR
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Hövsan Sağlamlıq Mərkəzinin baş həkimi təltif olunub
Eyni gündə 4 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib
ATU-da yeni qəbul olunan rezidentlərlə müqavilələr imzalanıb
Lənkəranda İİV-lə bağlı maarifləndirmə işi aparılıb
Anestezioloq-reanimatoloq Emil Muradov -
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Sabunçu Tibb Mərkəzində təlim:
Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatları ötən ildən etibarən uğurla icra olunur
Şirvan Mərkəzi Xəstəxanasında hemofiliya ilə bağlı elmi-praktik seminar keçirilib
Səhiyyə Nazirliyi tərəfindən Laçında səyyar stomatoloji aksiya təşkil olunub
Yeni Klinikada işemik insult və TİA üzrə iki günlük CME proqramı keçirilib
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
ATU alimlərinin beynəlxalq tədqiqatları dayanıqlı inkişafın qlobal məqsədlərinə töhfə verir
Vərəmlə mübarizədə ilkin səhiyyənin rolu - Şəmkirdə tibb işçiləri üçün maarifləndirici təlim