Azərbaycan Tibb Universitetinin (ATU) alimləri beynəlxalq elmi əməkdaşlıq çərçivəsində fundamental və tətbiqi xarakterli tədqiqatlarını cari ilin iyul-avqust aylarında da davam etdiriblər. Müxtəlif elm sahələrini əhatə edən araşdırmalar müasir texnologiyaların tətbiqi, innovativ biomaterialların hazırlanması, bitkilərin iqlim stresinə davamlılığının öyrənilməsi və yeni nəsil nanokompozitlərin tədqiqi ilə yanaşı, Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) qarşıya qoyduğu qlobal çağırışların elmi həllinə də töhfə verir.
Bu məlumat Aztibb.az-a ATU-dan verilib.
ATU-nun Sitologiya, Embriologiya və Histologiya kafedrasının müdiri, professor Eldar Qasımov və Elmi Araşdırmalar Mərkəzinin Elektron Mikroskopiya şöbəsinin müdiri, dosent Fuad Rzayevin həmmüəllifliyi ilə fərqli istiqamətləri əhatə edən elmi məqalələr nüfuzlu beynəlxalq bazalarda indekslənən (“Scopus” və “Web of Science”) jurnallarda dərc edilib.
Həmin dövrdə çap olunan 6 elmi işdən 4-ü Q1, 1-i Q2, 1-i isə Q4 quartilli jurnallarda yayımlanıb. Nanobiotexnologiya, elektron mikroskopiya, bitki fiziologiyası, materialşünaslıq, biomateriallar, antibakterial nanokompozitlər və radiasiyanın nanomateriallara təsiri kimi istiqamətləri əhatə edən bu tədqiqatlar sağlamlığın qorunması, innovasiyaların təşviqi, iqlim dəyişikliklərinə uyğunlaşma və dayanıqlı kənd təsərrüfatının inkişafı kimi qlobal prioritetlərlə səsləşir.
Tədqiqatlarda Transmission elektron mikroskopiyası (TEM), Skanedici elektron mikroskopiyası (SEM), X-ray difraksiyası (XRD), Enerji-dispersiv rentgen spektroskopiyası (EDS/EDAX), UV-Vis spektroskopiyası, Raman spektroskopiyası və digər müasir metodlardan istifadə edilib.
Yerinə yetirilən elmi tədqiqat işlərində Azərbaycan alimləri ilə yanaşı, Sloveniya (Material və Texnologiyalar İnstitutu – Marjetka Conradi, Jozef Stefan İnstitutu – Matjaz Malok), Türkiyə (Hacettepe Universiteti – Cem Bayram, Yıldız Texniki Universiteti – Sevil Yücel) və İsraildən (Qüds İbrani Universiteti – M. Levy) olan tədqiqatçılar da yaxından iştirak ediblər. Bu əməkdaşlıq elm və innovasiya sahəsində beynəlxalq tərəfdaşlığın gücləndirilməsi baxımından BMT-nin DİM-lərinin 17-ci məqsədinə – “Məqsədlər naminə tərəfdaşlığa” uyğun konkret nümunədir.
Tədqiqatlara gəlincə, “Integrated Assessment of Physiological, Molecular and Ultrastructural Responses to Heat Stress in Wheat” (https://www.mdpi.com/2223-7747/15/12/1896 ) adlı elmi məqalədə müxtəlif quraqlığa davamlı dörd buğda genotipinin fizioloji, biokimyəvi, molekulyar və ultrastruktur xüsusiyyətləri kompleks şəkildə araşdırılıb. Burada membran zədələnməsi, lipid peroksidasiyasının göstəricisi olan MDA, SOD, CAT, GPX və BPX antioksidant fermentləri, DREB və HSP16.9 genlərinin ekspressiyası, HSP16.9 zülalı və SOD izoformaları öyrənilib. Bu nəticələr iqlim dəyişiklikləri fonunda bitkilərin stresə davamlılığının artırılması və daha dayanıqlı kənd təsərrüfatı sistemlərinin formalaşdırılması baxımından əhəmiyyət daşıyır. Beləliklə, tədqiqat DİM-in 13-cü – “İqlim fəaliyyəti” və 2-ci – “Aclığa son” məqsədlərinə öz töhfəsi ilə diqqət çəkir.
“Method-dependent structural evolution of Co3O4 nanoparticles synthesized via sonochemical, chemical precipitation, and hydrothermal routes” (https://pubs.rsc.org/ra/article/16/34/32699/1272248/Method-dependent-structural-evolution-of-Co3O4) adlı elmi araşdırmada Co₃O₄ nanohissəciklərinin sonokimyəvi, kimyəvi çökdürmə və hidrotermal üsullarla sintezi həyata keçirilərək sintez metodunun materialın kristal quruluşuna, kristallit ölçüsünə, mikrodeformasiyasına, dislokasiya sıxlığına, morfologiyasına və optik xüsusiyyətlərinə təsiri araşdırılıb. Müxtəlif sintez üsullarının müqayisəsi materialların məqsədyönlü və səmərəli hazırlanması üçün yeni imkanlar yaradır və elmi-texnoloji innovasiyaların inkişafını dəstəkləyir. Bu istiqamət isə DİM 9 – “Sənaye, innovasiya və infrastruktur” məqsədinin məzmunu ilə səsləşir.
“Macroheterocycle-Functionalized PVDF Meshes with Hybrid Nanocomposite Coatings for Antibacterial Wound Care” (https://pubs.rsc.org/ra/article/16/37/40157/1278016/Macroheterocycle-functionalized-PVDF-meshes-with) adlı tədqiqatda PVDF torlarının makroheterotsiklik birləşmələr, bentonit nanohissəcikləri, gümüş nanohissəcikləri və propolislə funksionallaşdırılması nəticəsində antibakterial yara materialının hazırlanması araşdırılıb. Yeni biomaterialların hazırlanmasına yönəlmiş bu yanaşma müasir tibbin qarşısında duran problemlərin həllinə və insanların sağlamlığının qorunmasına xidmət edən innovativ texnologiyaların inkişafına imkan yaradır. Tədqiqat bu baxımdan DİM 3 – “Sağlamlıq və rifah” və DİM 9 kimi ali məqsədlərdən yan keçməyib.
“Tailoring the structural, optical and paramagnetic properties of GO–PVA–AgNW nanocomposites by gamma irradiation” (https://pubs.rsc.org/ra/article/doi/10.1039/d6ra06886c/1292558/Tailoring-the-structural-optical-and-paramagnetic ) adlı elmi araşdırmada qrafen oksidi–polivinil spirti (GO–PVA) və gümüş nanotel (AgNW) nanokompozitlərinin yüksək dozalı qamma şüalanmasına məruz qalması nəticəsində onların struktur, optik, termal və paramaqnit xüsusiyyətlərində baş verən dəyişikliklər araşdırılıb. Nanokompozitlərin xüsusiyyətlərinin idarə olunması onların gələcək texnoloji və biotibbi tətbiqləri üçün yeni perspektivlər açır və innovativ materialların inkişafına töhfə verir.
“Influence of a new nanoensemble of graphene oxide and indole-3-acetic acid on the morphophysiological, biochemical, and ultrastructural characteristics of upland cotton” (https://journals.tubitak.gov.tr/botany/vol50/iss4/4/) adlı tədqiqatda isə qrafen oksidi və indol-3-sirkə turşusundan (IAA) ibarət yeni nanoansamblın pambıq bitkisinin morfofizioloji, biokimyəvi və ultrastruktur xüsusiyyətlərinə təsiri araşdırılıb. Tədqiqat çərçivəsində nanoansamblın bitkinin kök və gövdə inkişafına, fotosintetik piqmentlərinə, antioksidant fermentlərinə, azot oksidinə, prolin səviyyəsinə və hüceyrə ultrastrukturuna təsiri öyrənilib. Bu nəticələr kənd təsərrüfatında məhsuldarlığın və bitkilərin stresə davamlılığının artırılması baxımından əhəmiyyətlidir və dayanıqlı kənd təsərrüfatının təşviqinə xidmət edir.
“Synthesis of a kinetin and graphene oxide nanoensemble and its effects on defense responses of cotton against Verticillium dahlia” (https://medicine.dp.ua/index.php/med/article/view/1596) adlı elmi məqalədə kinetin-qrafen oksidi (KN+GO) nanoansamblının pambığın Verticillium dahliae göbələyinə qarşı müdafiə reaksiyasına təsiri öyrənilib. Tədqiqatçılar iki pambıq genotipini – TM-1 və Pima 3-79 müqayisə edib, bitkilərin sağ qalmasını, böyümə göstəricilərini, katalaza, peroksidaza və polifenol oksidaza aktivliyini, azot oksidi və prolin səviyyələrini, həmçinin fotosintetik piqmentləri araşdırıblar. Bitkilərin xəstəliklərə qarşı davamlılığının öyrənilməsi kənd təsərrüfatında məhsul itkilərinin azaldılması və daha dayanıqlı istehsal sistemlərinin formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.
Beləliklə, ATU alimlərinin beynəlxalq elmi əməkdaşlıq çərçivəsində apardığı tədqiqatlar yalnız fundamental elmi biliklərin genişləndirilməsinə deyil, həm də sağlamlıq, innovasiya, iqlim dəyişikliklərinə uyğunlaşma və dayanıqlı kənd təsərrüfatı kimi qlobal çağırışların həllinə yönəlir. Bu baxımdan, aparılan araşdırmalar BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin elmi və texnoloji əsaslarının möhkəmləndirilməsinə ATU-nun töhfəsini nümayiş etdirir.

