Eyni xərçəng riski niyə fərqli nəticələrə səbəb olur?
12.08.2026 12:50

 

Yeni tədqiqat irsi genetik fərqlərin DNT zədələnməsindən sonra şişlərin inkişafına təsir göstərə biləcəyini ortaya qoyub

 

Aztibb.az "Nature" jurnalında dərc olunan araşdırmaya isytinadən yazır ki, eyni xərçəng yaradan amillərə məruz qalmaq hər kəsdə eyni nəticəyə səbəb olmur. Yeni elmi tədqiqat göstərir ki, bunun əsas səbəblərindən biri irsi genetik fərqlər ola bilər.

 

İnsanın genetik xüsusiyyətləri DNT zədələndikdən sonra şişlərin necə formalaşmasına və inkişaf etməsinə təsir göstərir. Bu nəticə eyni ətraf mühit risklərinin niyə müxtəlif insanlarda fərqli xərçəng nəticələri yaratdığını izah etməyə kömək edə bilər.

 

Araşdırma Kembric Universiteti, Edinburq Universiteti və digər elmi müəssisələrin alimləri tərəfindən aparılıb. Tədqiqatçılar fərqli genetik xüsusiyyətlərə malik dörd siçan xəttindən istifadə edərək irsi genetik fərqlərin xərçəngin inkişafına təsirini araşdırıblar.

 

Təcrübə zamanı bütün siçanlara eyni dozada dietilnitrozamin (DEN) adlı, DNT-yə zərər verən və qaraciyər şişlərinin yaranmasına səbəb olan kimyəvi maddə verilib. Bütün heyvanlar eyni şəraitdə və eyni dozaya məruz qaldığı üçün alimlər ətraf mühit amillərinin təsirini minimuma endirərək genetik fərqlərin rolunu qiymətləndirə biliblər.

 

Tədqiqat qrupu təxminən 600 şişin genomunu analiz edib və müxtəlif siçan xətlərində xərçəngin necə inkişaf etdiyini müqayisə edib.

 

Nəticələr göstərib ki, şişlər çox vaxt oxşar bioloji nəticəyə çatsa da, həmin nəticəyə aparan inkişaf yolu heyvanların genetik xüsusiyyətlərindən asılı olub. İrsi genetik fərqlər hansı xərçəng yaradan mutasiyaların meydana çıxacağını və şişlərin zamanla necə dəyişəcəyini müəyyənləşdirib.

 

Araşdırmada bütün siçan qruplarında MAPK siqnal yolu ilə əlaqəli dəyişikliklər tez-tez müşahidə olunub. MAPK hüceyrələrin böyüməsi və bölünməsi kimi mühüm prosesləri tənzimləyən siqnal şəbəkəsidir və bir çox xərçəng növünün inkişafında mühüm rol oynayır. Bununla yanaşı, alimlər müəyyən ediblər ki, genetik fon şişlərin inkişafına təsir edən digər molekulyar dəyişikliklərə də təsir göstərir.

 

Tədqiqatın baş müəlliflərindən biri, hazırda Almaniya Xərçəng Araşdırmaları Mərkəzində çalışan professor Dunkan Odom bildirib: "Xərçəng tamamilə təsadüf nəticəsində yaranmır. Şişlər oxşar bioloji sonluğa çatsa da, həmin nəticəyə aparan yol hər bir fərdin genetik xüsusiyyətlərindən asılı ola bilər."

 

Alimlər qeyd edirlər ki, siqaret çəkmək, ultrabənövşəyi şüalanma və digər ətraf mühit amillərinin DNT-yə zərər vuraraq xərçəng riskini artırdığı çoxdan məlumdur. Lakin eyni risk faktorlarına məruz qalan insanların hamısında xərçəng inkişaf etmir, əksinə, bəzi insanlarda isə heç bir aydın risk faktoru olmadan xəstəlik yaranır.

 

Tədqiqat müəlliflərinin fikrincə, əldə olunan nəticələr gələcəkdə irsi genetik fərqləri nəzərə alan daha dəqiq xərçəng skrininqi, risk qiymətləndirilməsi və fərdiləşdirilmiş müalicə strategiyalarının hazırlanmasına kömək edə bilər. Bununla belə, bu nəticələrin insanlara nə dərəcədə aid olduğunu müəyyən etmək üçün əlavə araşdırmalara ehtiyac var.

 

Tədqiqatın birinci müəllifi Sara Aytken isə bildirib ki, gələcəkdə xərçəngin profilaktikası və müalicəsi sahəsində hazırlanacaq strategiyalarda irsi genetika və populyasiyalar arasındakı genetik müxtəliflik mütləq nəzərə alınmalıdır.

 

Araşdırma əsasən Cancer Research UK, Medical Research Council, European Research Council və Wellcome fondlarının maliyyə dəstəyi ilə həyata keçirilib.

Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Polimer Materialları İnstitutunun alimlərinin yeni tədqiqat nəticələri açıqlanıb    
Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı xəstəxanada müalicə alan şəhid anasını və gözdən əlil sakini ziyarət edib
ATU tələbələri Türkiyədə kliniki təcrübə proqramında iştirak ediblər
Neftçalada
İsmayıl Əfəndiyev Balakən Gömrük İdarəsində insan alverinə qarşı mübarizəyə dair təlim keçirib
ATU-nun Əczaçılıq fakültəsinin nümayəndə və tələbələri əczaçılıq zavoduna səfər ediblər  
 Naftalan Şəhər Mərkəzi Xəstəxanasında profilaktik peyvənd tədbirləri davam etdirilir   
 Əhalinin sağlam həyat tərzi və davranış risk amilləri ilə bağlı maarifləndirici tədbir keçirilib   
Ağlama səsindən xəstəliyin təyini - Körpə səslərini analiz edən süni intellekt
Uzun illər uretra darlığından əziyyət çəkən xəstə üzərində mürəkkəb cərrahi əməliyyat icra olunub
Mərkəzi Gömrük Hospitalının uroloqu AZTV-yə müsahibə verib
Kəngərli rayonunun Çalxanqala kəndində tibbi müayinə aksiyası təşkil olunub
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Prezident elektron siqaretlərlə bağlı qanunlara dəyişiklikləri təsdiqlədi
Respublika Klinik Xəstəxanasında 660 qram çəkidə vaxtından əvvəl doğulan körpə sağlam şəkildə evə yola salınıb