Şamaxıda minimal invaziv cərrahiyyəyə həsr olunan 12-ci regional konfrans keçirilib  
21.04.2026 16:21

Şamaxı rayonunda TƏBİB-in dəstəyi, Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyətinin və Şamaxı Rayon Mərkəzi Xəstəxanasının təşkilatçılığı ilə 12-ci regional konfrans keçirilib.

 

Aztibb.az TƏBİB-ə istinadla bildirir ki, konfransda Şamaxı Rayon İcra Hakimiyyəti başçısının müavini, Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Mehriban Eyubova, TƏBİB-in Təlim və tədqiqatlar departamentinin rəhbəri Teymur Mirzəbəyli, Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyətinin prezidenti, professor Qurbanxan Müslümov, Şamaxı Rayon Mərkəzi Xəstəxanasının direktoru Natiq Əliyev, Qobustan Rayon Mərkəzi Xəstəxanasının direktoru Günay Muradova, eləcə də Dağlıq Şirvan iqtisadi rayonu və digər regionlardan olan həkim-mütəxəssislər iştirak ediblər.

 

Açılış nitqi ilə çıxış edən Q.Müslümov minimal invaziv cərrahiyyənin müasir tibbin əsas prioritet istiqamətlərindən biri olduğunu vurğulayaraq bildirib ki, bu sahədə tətbiq olunan yenilikçi yanaşmalar pasiyentlərin daha qısa zamanda sağalmasına, əməliyyatdan sonrakı ağırlaşmaların əhəmiyyətli dərəcədə azalmasına, eyni zamanda ümumi müalicə nəticələrinin yaxşılaşmasına imkan yaradır.  

 

Şamaxı Rayon İcra Hakimiyyəti başçısının müavini M.Eyubova regionlarda səhiyyə infrastrukturunun inkişafına göstərilən dövlət dəstəyindən bəhs edərək, bu cür konfransların yerli tibb müəssisələrinin imkanlarının genişlənməsində, əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin artırılmasında, habelə regionlarda fəaliyyət göstərən mütəxəssislər arasında bilik və təcrübə mübadiləsində mühüm rol oynadığını vurğulayıb.

 

Tibbi təhsilin davamlılığı və həkimlərin peşəkar inkişafının səhiyyə sisteminin əsas sütunlarından biri olduğunu qeyd edən T.Mirzəbəyli bu kimi konfransların müasir tibbi biliklərin paylaşılması və beynəlxalq təcrübənin tətbiqi baxımından xüsusi əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.

 

 

N.Əliyev rəhbərlik etdiyi müəssisədə həyata keçirilən yeniliklər, müasir tibbi avadanlıqlarla təminat və xidmət keyfiyyətinin artırılması istiqamətində görülən işlər barədə məlumat verib.

Tibb üzrə fəlsəfə doktoru Fərid Rəfibəyli müasir cərrahiyyədə innovativ texnologiyaların tətbiqi, multidisiplinar yanaşmanın əhəmiyyəti və həkimlər arasında əməkdaşlığın gücləndirilməsinin vacibliyindən bəhs edib.

 

Konfrans çərçivəsində Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyətinin prezidenti, professor Qurbanxan Müslümov və Şamaxı Rayon Mərkəzi Xəstəxanasının direktorunun cərrahi işlər üzrə müavini, həkim-cərrah Vüsal Sədrayev tərəfindən 2 pasiyent üzərində icra olunan daşlı xolesistit səbəbi ilə laporoskopik xolesistektomiya əməliyyatı tədbir iştirakçıları üçün translyasiya edilib.

 

Tədbirin elmi proqramı çərçivəsində cərrahiyyədə qanaxmaların idarə olunması, endoskopik və minimal invaziv yanaşmalar, əməliyyatdan sonrakı ağırlaşmaların idarəsi, invaziv radiologiyanın rolu və digər aktual mövzular üzrə plenar iclaslar və panel müzakirələr təşkil olunub.

 

Konfrans çərçivəsində, həmçinin Şamaxı Rayon Mərkəzi Xəstəxanasında praktiki təlimlər keçirilib. Lazer proktologiya, cərrahi tikiş, histeroskopiya, anestezioloq-reanimatoloqlar üçün CPR, traxeostomiya, endoskopiya, habelə tibb bacıları üçün praktiki bacarıqlar üzrə sessiyalar təşkil olunub.

 

Konfrans regionlarda minimal invaziv cərrahiyyənin inkişafı, müasir tibbi texnologiyaların tətbiqi və həkimlər arasında bilik və təcrübə mübadiləsinin gücləndirilməsi baxımından əhəmiyyətli platforma olub.

 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev