Azərbaycan Tibb Universitetinin (ATU) Böyük Elmi Şurasının növbəti iclası keçirilib.
ATU-dan Aztibb.az-a bildirilib ki, universitetin rektoru, professor Gəray Gəraybəylinin sədrliyi ilə keçirilən iclasda inzibati və təsərrüfat fəaliyyəti üzrə hesabat dinlənilib, universitetin infrastrukturunun inkişafı, tədris və elmi fəaliyyətin təkmilləşdirilməsi, kadr potensialının stimullaşdırılması, eləcə də bir sıra təşkilati və akademik məsələlər müzakirə olunub.
İclası açan rektor gündəlikdəki məsələləri diqqətə çatdırıb. Professor daha sonra II Mamalıq-ginekologiya kafedrasının müdiri, Azərbaycanın Əməkdar həkimi Hicran Bağırovanı yubileyi münasibətilə təbrik edərək ona möhkəm cansağlığı və fəaliyyətində uğurlar arzulayıb.
İclasda universitetin İnzibati və təsərrüfat işləri üzrə prorektoru, dosent İlqar Mehrabovun 2025–2026-cı illər ərzində görülmüş işlərə dair hesabat məruzəsi dinlənilib.
Prorektor hesabatında rəhbərlik etdiyi sahənin fəaliyyət istiqamətləri, universitetin maddi-texniki bazasının gücləndirilməsi, tədris korpusları və tələbə yataqxanalarında aparılan təmir-bərpa və abadlıq işləri, texniki infrastrukturun yenilənməsi, eləcə də “Təbib” Tədris-İdman Mərkəzi və “Təbib” nəşriyyatının fəaliyyəti barədə ətraflı məlumat verib.
Bildirilib ki, hesabat dövründə universitetin infrastruktur imkanlarının genişləndirilməsi, struktur bölmələrinin müasir avadanlıqlarla təmin edilməsi, tədris və sosial şəraitin yaxşılaşdırılması, internet və texniki təminatın müasirləşdirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilib.
Hazırda ATU-nun 1 və 2 saylı yataqxanalarında təmir və abadlıq işlərinin aparıldığı, digər yataqxanaların yenilənməsi istiqamətində hazırlıq tədbirlərinin görüldüyü diqqətə çatdırılıb.
İnfrastrukturun modernləşdirilməsi və universitetin inkişaf perspektivləri diqqət mərkəzində
“Təbib” Tədris-İdman Mərkəzinin fəaliyyətinə toxunan prorektor idman infrastrukturunun yaxşılaşdırılması və tələbə-idmançıların uğurlarını da diqqətə çatdırıb: “ATU komandası “Zəfər Festivalı-3” layihəsində 8 qızıl medal qazanaraq ardıcıl üçüncü dəfə ümumi komanda hesabında birinci yeri tutub. “Bakı Marafonu – 2026”da isə universitetin tələbə və əməkdaşları ümumilikdə 76 medal əldə ediblər”.
Universitetin tədris korpuslarında, klinikalarında və digər infrastruktur obyektlərində aparılan təmir-yenilənmə işləri, avadanlıq təminatı, təhlükəsizlik və videomüşahidə sistemlərinin təkmilləşdirilməsi də hesabatın əsas istiqamətlərindən olub.
Qarşıdakı dövr üçün nəzərdə tutulan layihələr barədə məlumat verən İ.Mehrabov tələbə yataqxanalarının və üzgüçülük hovuzunun təmirini, universitet ərazisində parkın yenilənməsini, liftlərin dəyişdirilməsini, müasir turniket sisteminin quraşdırılmasını, eləcə də ATU-nun 100 illik yubileyi çərçivəsində yeni binanın tikintisi üzrə layihələndirmə işlərinin aparılmasını diqqətə çatdırıb.
Hesabat ətrafında müzakirələr: maddi-texniki baza, təhsilin keyfiyyəti və səmərəli idarəetmə
Məruzə ilə bağlı fikirlərini bildirən ATU-nun Bioloji kimya kafedrasının müdiri, professor Gülnarə Əzizova universitetdə həyata keçirilən təmir və yenilənmə işlərini müsbət qiymətləndirib. O, xüsusilə IV tədris korpusunun dördüncü mərtəbəsində yerləşən amfiteatr tipli mühazirə auditoriyasının əsaslı təmirini və müasir avadanlıqlarla təchiz edilməsini yüksək dəyərləndirib.
Professor, eyni zamanda, tədris auditoriyalarının kompüter və noutbuklarla təmin olunmasının, müəllimlər üçün yeməkxana, parkinq və istirahət otaqlarının yaradılmasının əhəmiyyətini vurğulayıb.
Ümumi cərrahlıq kafedrasının müdiri, professor Elçin Ağayev universitetdə həyata keçirilən yeniliklərin müasir və rəqabətqabiliyyətli tibbi təhsilin inkişafına xidmət etdiyini bildirib. Maddi-texniki bazanın gücləndirilməsi, klinikaların müasir tibbi avadanlıqlarla təchiz olunması, EBSCO platformasına çıxışın təmin edilməsi və auditoriyalarda internet imkanlarının yaradılmasını mühüm nailiyyətlər kimi səciyyələndirib.
Klinik bazaların potensialından daha səmərəli istifadə olunmasının vacibliyinə toxunan professor ATU-nun Tədris-Terapevtik Klinikasının fəaliyyətində müşahidə edilən müsbət dəyişiklikləri və əməliyyatların sayında artımı xüsusi qeyd edib.
ATU Həmkarlar İttifaqı Komitəsinin sədri Cahangir Qasımov görülən işlərin universitet kollektivinin birgə əməyinin nəticəsi olduğunu bildirib. O, xüsusilə tələbə yataqxanalarında yerləşdirmə imkanlarının və yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində görülən tədbirlərə diqqət çəkib. Çıxışında universitetin maddi-texniki bazasının və əmlakının qorunmasının, kommunal resurslardan qənaətlə istifadə edilməsinin, təmir olunmuş auditoriya və zalların mühafizəsinə məsuliyyətlə yanaşılmasının vacibliyini vurğulayan C.Qasımov görülən işlərə görə universitet rəhbərliyinə və təsərrüfat xidmətinin əməkdaşlarına təşəkkür edib.
Müasir idarəetmə mexanizmlərinin tətbiqinə yeni baxış
Müzakirələri yekunlaşdıran rektor, professor Gəray Gəraybəyli universitetdə inkişaf və yenilənmə proseslərinin sistemli və davamlı xarakter daşımasının vacibliyini vurğulayıb. O, maddi-texniki bazanın gücləndirilməsi ilə yanaşı, mövcud resursların səmərəli idarə edilməsinin və inkişaf layihələri üçün zəruri maliyyə imkanlarının yaradılmasının əhəmiyyətini qeyd edib.
Rektorun diqqətə çatdırdığı mühüm məqamlardan biri universitetin maliyyə resurslarının bölüşdürülməsi olub. Qeyd olunub ki, inkişaf layihələrinin maliyyələşdirilməsi üçün maliyyə vəsaitlərinin daha optimal bölüşdürülməsi, xərclərin səmərəliliyinin artırılması xüsusi əhəmiyyət daşıyır.
G.Gəraybəyli kadr siyasətinin əmək qanunvericiliyinə uyğun tənzimlənməsinin və müasir idarəetmə mexanizmlərinin tətbiqinin də vacibliyini vurğulayıb. O, kafedraların və elmi laboratoriyaların fəaliyyətinin konkret nəticələr əsasında qiymətləndirilməsini, elmi nəşrlərin və tədqiqatların təhlilini, klinikaların fəaliyyətinin və maliyyə dayanıqlığının gücləndirilməsini prioritet vəzifələr sırasında qeyd edib.
Rektor, həmçinin tələbə yataqxanalarında yaşayış şəraitinin müasirləşdirilməsi, təhlükəsizlik sistemlərinin təkmilləşdirilməsi və nəzərdə tutulan infrastruktur layihələrinin həyata keçirilməsi üçün struktur bölmələrin əlaqələndirilmiş fəaliyyətinin zəruriliyini diqqətə çatdırıb.
Akademik və təşkilati məsələlərlə bağlı mühüm qərarlar
İclasın davamında gündəlikdəki digər məsələlər müzakirə olunub və bir sıra mühüm qərarlar qəbul edilib. Qərarlardan biri professor-müəllim heyətinin və digər əməkdaşların xarici dil biliklərinin təşviqi ilə bağlı olub. Belə ki, universitet tərəfindən təşkil olunan kurslarda ingilis dili üzrə B2 səviyyəsi göstərən professor-müəllim heyətinə, baş laborantlara, doktorant və dissertantlara diferensial əməkhaqqının tətbiqi qərara alınıb.
Təhsil proqramlarının genişləndirilməsi və yeni ixtisaslaşmaların yaradılması ilə bağlı təkliflərə də baxılıb. Belə ki, universitetin müvafiq kafedralarında “Biologiya” ixtisası üzrə “Tibbi fiziologiya”, “İnsan anatomiyası”, “Histologiya və embriologiya”, həmçinin “Qidalanma və dietologiya” ixtisası üzrə “Nutrisiologiya” və “Qida keyfiyyəti və təhlükəsizliyi” magistratura ixtisaslaşmalarının açılması məsələsi müzakirəyə çıxarılıb.
Böyük Elmi Şura, həmçinin dərslik, dərs və metodik vəsaitlərin, tədris proqramlarının nəşri, elmi adların verilməsi və digər akademik məsələləri müzakirə edərək iclasını başa çatdırıb.

