Menopauza dövründə mioma və yumurtalıq kistaları xüsusilə diqqətlə izlənilməlidir. Çünki bu dövrdə estrogen hormonunun səviyyəsi azalır və əksər miomalar böyümək əvəzinə kiçilməyə başlayır.
Bu barədə Aztibb.az-a Xətai Tibb Mərkəzinin mama- ginekoloqu Yaqut Qasımova məlumat verib.
Həkim bildirib ki, menopauzadan sonra miomanın böyüməyə davam etməsi, uşaqlıq yolundan qanaxma olması, qarında davamlı ağrı və təzyiq hissi, miomanın ölçüsündə və strukturunda dəyişiklik aşkarlanması halları təhlükəlidir.
Yaqut Qasımova vurğulayıb ki, bu əlamətlər mütləq qiymətləndirilməlidir. Miomanın böyüməsi avtomatik olaraq xərçəng demək deyil, lakin nadir rast gəlinən uşaqlıq sarkoması kimi xəstəliklər istisna edilməlidir.
O, yumurtalıq kistasının nə zaman təhlükəli olmasına da aydınlıq gətirib:
"Menopauzadan sonra yeni kistanın yaranması;
Kistanın böyüməsi;
Ultrasəs müayinəsində bərk komponentlərin, arakəsmələrin və qanlanmanın görünməsi;
Qarında şişkinlik, tez doyma, çanaq ağrısı və səbəbsiz çəki itkisi".

