Qadınlar antidepressantların qəbulu zamanı sürətlə çəki artımından şikayətlənir və həkimlərdən təyin olunmuş müalicəni yenidən nəzərdən keçirməyi xahiş edirlər.
Aztibb.az "Life" portalına istinadən yazır ki, SHOT-un apardığı sorğuya görə, pasiyentlərdən biri bir il ərzində 10 kiloqram çəki alıb və hətta dərman qəbulunu dayandırmağı düşünüb.
Bu problemlə Moskva sakini olan 36 yaşlı qadın üzləşib. O, təşviş-depressiv pozuntu və siklotimiyadan əziyyət çəkir. Psixiatr ona fərdi dozada dərman təyin edib. Preparatın təlimatında mümkün yan təsirlər arasında bədən çəkisinin artması da qeyd olunub. 12 ay sonra qadın görünüşündə ciddi dəyişikliklər müşahidə edib və başqa mütəxəssisə müraciət etmək qərarına gəlib. Lakin həkim əvvəlki müalicə sxemini davam etdirməyi tövsiyə edib.
Zaman keçdikcə artıq çəki onun emosional vəziyyətinə o qədər mənfi təsir göstərib ki, o, müalicəni dayandırmaq istəyib. Bununla belə, həkimlər bu cür dərmanların özbaşına dayandırılmasının təhlükəli olduğu barədə xəbərdarlıq edirlər. 2–3 kiloqramlıq cüzi çəki artımı hər zaman müalicənin dəyişdirilməsini tələb etməsə də, 10 kiloqram artım olduqda alternativ müalicə variantlarını həkimlə müzakirə etmək məsləhətdir.
Psixiatr və psixoterapevt Yelizaveta Jestkova bildirib ki, orqanizmin antidepressantlara reaksiyası fərdi xarakter daşıyır. Onun sözlərinə görə, eyni preparat müxtəlif pasiyentlərdə tamamilə fərqli dəyişikliklərə səbəb ola bilər. Belə ki, müalicə zamanı bir nəfər çəki ala, digər pasiyent isə əksinə, arıqlaya bilər.

