ABŞ-da alimlər anesteziya sahəsində yeni perspektivlər vəd edən nidradin adlı birləşmə üzərində aparılan tədqiqatın nəticələrini açıqlayıblar.
Aztibb.az "TRT Haber"ə istinadən xəbər verir ki, Kaliforniya Universitetinin San-Fransisko və San-Dieqo kampuslarının tədqiqatçılarının iştirak etdiyi araşdırmada nidradin maddəsinin aşağı dozalarda heyvanları yatırtmadan ağrıya reaksiyanı azaltdığı müəyyən edilib.
Tədqiqat ilkin olaraq yeni ümumi anestezik maddələrin aşkarlanması məqsədilə aparılıb. Alimlər minlərlə kimyəvi birləşməni məməlilər üzərində sınaqdan keçirməyin vaxt və maliyyə baxımından çətin olduğunu nəzərə alaraq araşdırmaya zebra balığının sürfələri ilə başlayıblar.
Təcrübə zamanı 12 min kimyəvi birləşmə yoxlanılıb və ilkin mərhələdə 69 maddə seçilib. Sonrakı sınaqlar nəticəsində tədqiqatçılar 28 kimyəvi variant sintez edərək onlardan birini – nidradini müəyyənləşdiriblər.
Siçanlar üzərində aparılan təcrübələr nidradinin yüksək dozalarda anestezik təsir göstərdiyini ortaya qoyub. Maddənin aşağı dozaları isə heyvanların oyaq qalmasına və hərəkət koordinasiyasını qorumasına baxmayaraq, ağrılı stimullara reaksiyasını zəiflədib.
Alimlər bu təsiri yoxlamaq üçün heyvanlara infraqırmızı lazer vasitəsilə qısamüddətli istilik stimulu veriblər. Nəticələrə əsasən, ağrı ilə əlaqəli reaksiya göstərilən sınaqların median göstəricisi nəzarət qrupunda 90 faiz, nidradin qəbul edən qrupda isə 40 faiz olub. Müqayisə üçün istifadə edilən etomidat maddəsi ilə belə statistik əhəmiyyətli azalma qeydə alınmayıb.
Hüceyrə səviyyəsində aparılan təcrübələr nidradinin sinir hüceyrələrinin fəaliyyətini tənzimləyən GABA-A reseptorları vasitəsilə təsir göstərdiyini üzə çıxarıb. Bununla belə, maddənin ağrıkəsici təsirinin dəqiq mexanizmi hələ müəyyən edilməyib. Tədqiqatçılar onun morfin kimi opioid ağrıkəsicilərin təsir göstərdiyi reseptorlara bağlanmadığını da bildiriblər.
Araşdırmanın digər maraqlı nəticəsi nidradinin stress hormonu olan kortizolun istehsalını azaltmaması ilə bağlıdır. Bu xüsusiyyət onu bəzi mövcud anestetik maddələrdən fərqləndirə bilər.
Tədqiqatçılar bildirirlər ki, araşdırmanın hazırkı mərhələsində nəticələr məhdud sayda heyvan üzərində aparılan sınaqlara əsaslanır. Xüsusilə aşağı dozalı ağrı sınağında hər qrupda cəmi dörd siçan iştirak edib. Buna görə də əldə olunan nəticələr hələlik insanlarda təhlükəsizlik və effektivliyi təsdiqləmir.
Nidradinin gələcəkdə tibbdə tətbiqi üçün onun orqanizmdə parçalanması, ürək və tənəffüs sisteminə təsirləri, həmçinin effektiv və zərərli dozalar arasındakı fərq ətraflı öyrənilməlidir.
Qeyd edək ki, tədqiqatın nəticələri “Nature Communications” elmi jurnalında dərc olunub.

