Süni intellekt həkimlik edir  
17.07.2025 16:21

Süni intellektin səhiyyəyə inteqrasiyası tibb sahəsində son illərin ən diqqətəlayiq yeniliklərindəndir. Bu texnologiya tibbi xidmətlərin keyfiyyətini artırmaqla yanaşı, onların daha əlçatan olmasına və səhiyyənin dayanıqlılıq səviyyəsinin yüksəlməsinə töhfə verir. Artıq dünyanın bir çox ölkələrində süni intellekt sistemləri tibbi müalicə proseslərinin ayrılmaz hissəsinə çevrilir.

 

Tətbiq imkanları geniş olan bu texnologiya diaqnostikadan cərrahiyyəyə, tibbi məsləhətləşmələrdən reabilitasiya proseslərinə qədər sahələri əhatə edir. Süni intellektin səhiyyədə ən diqqətçəkən tətbiq sahələrindən biri vaxtında qərar verməkdir. Bu, pasiyentin təqdim etdiyi simptomlar, tibbi tarixçə və analiz nəticələri əsasında xəstəliyin diaqnozunu formalaşdırmaqda həkimə yardım edir. Sürətli və dəqiq analiz bacarığına malik olan süni zəka səhvlərin sayını azaldır, xəstənin vaxtında düzgün müalicə almasını təmin edir.

 

Qeyd edək ki, süni intellektin ən mühüm tətbiq sahələrindən biri də cərrahiyyədir. Beyin cərrahiyyəsi dəqiqlik tələb edən və zəhmətli əməliyyatdır. Belə ki, cəmi bir millimetrlik şişi yanlış çıxarmaq xəstəni dərhal öldürə bilər. Beyinin mərkəzində yerləşən hipofiz vəzini zədələməkdən də çəkinmək vacibdir. O, orqanizmin bütün hormonlarını idarə edir və onunla bağlı hər hansı problem korluğa səbəb olur. Ona görə də əməliyyat dəqiqlik tələb edir. Bu sahədə robot texnologiyaları köməyə gəlir və yüksək dəqiqliklə müdaxilə imkanları yaradır. Ənənəvi cərrahiyyə ilə müqayisədə, robot yardımlı əməliyyatlar daha az invaziv olur, bu isə pasiyent üçün daha az qan itkisi və qısa bərpa müddəti deməkdir. Çünki əməliyyatdan əvvəl süni intelekt sistemi cərrahın tibbi qeydlərini analiz edir, oxşar hallar üzrə mövcud məlumat bazasını araşdırır və cərrahın qərarvermə prosesinə real vaxtda yardım edir.

 

Süni intellekt həm də toxuma hüdudlarını daha dəqiq müəyyənləşdirmək, ən uyğun cərrahi alətləri seçmək və əməliyyatın gedişində riskləri qabaqcadan proqnozlaşdırmaq kimi üstünlüklərə malikdir. Artıq süni intellektin iştirakı ilə beyin əməliyyatları uğurla həyata keçirilir.

 

Onu da qeyd edək ki, hazırda xərçəngin patoloji görüntülərini ətraflı “oxuya bilən” çoxyönlü süni intellekt modeli fəaliyyət göstərir. Belə ki, bu modeli “SenseTime” şirkətinin tədqiqatçıları ərsəyə gətiriblər. Onlar bunun üçün təxminən 300 min rəqəmsal patoloji təsvirdən istifadə ediblər. Çoxyönlü süni intellekt modeli 20-dən artıq orqanı analiz edə bilir. Həmçinin buraya xərçəng təsnifatı, lezyonların tanınması, çoxsaylı xərçəng və biomarkerlərin qiymətləndirilməsi də daxildir.

 

“PathOrchestra” adlandırılan çoxyönlü süni intellektin tətbiqi 50-yə yaxın xərçəng hadisəsində 95 faizdən çox dəqiqliklə diaqnoz qoyub.

 

Maraqlıdır ki, bəzi beyin metastazlarının adi üsullarla müəyyən edilməsi çətin olan erkən mərhələlərdə süni intellektin köməyi yerinə düşür. Niderland Xərçəng İnstitutu ilə “Robovision Healthcare” şirkətinin birgə apardığı tədqiqat göstərib ki, süni intellekt beyin MRT skanlarında indiyədək asanlıqla nəzərdən qaça bilən kiçik şişləri yüksək dəqiqliklə müəyyən edə bilir.

 

Bu inkişafın əhəmiyyətini artıran amillərdən biri də şişlərin tezliyidir. Beyin metastazları mərkəzi sinir sistemində ən geniş yayılmış şiş növüdür. Bu cür şişlər böyüklərdə xərçəng xəstələrinin təxminən 17 faizində rast gəlinir. Lakin onların erkən mərhələdə aşkarlanması olduqca çətindir. Şişlər adətən 3 millimetrdən kiçik ölçüdə yaranır və sürətlə böyüyə bilir. Tək bir MRT skanı zamanı əldə edilən yüzlərlə şəkil arasında bu ölçüdə törəməni insan gözü ilə fərqləndirmək həmişə mümkün olmur. Lakin “Radiology” jurnalında dərc edilən tədqiqata görə, süni intellektlə bu çətinlik aradan qaldırılmaq üzrədir. “Robovision Healthcare” tərəfindən hazırlanan “BrainMets.ai” adlı süni intellekt sistemi MRT şəkillərində kiçik leziyaları belə yüksək dəqiqliklə “tanıya bilir”. Sistemin ümumi həssaslığı 97,4 faiz təşkil edir. Uğur nisbəti şişlərin ölçüsündən asılı olaraq dəyişsə də, nəticələr, ümumiyyətlə, olduqca təsirlidir. Bu göstəricilər adi üsullarla asanlıqla nəzərdən qaça bilən kiçik ölçülü metastazların belə indi daha erkən mərhələdə müəyyən edilə biləcəyini sübut edir.

 

Statistik məlumatlar da yeni texnologiyaların effektivliyini sübut edir. Araşdırmalara görə, süni intellektlə dəstəklənən robot yardımlı əməliyyatlardan sonra xəstələrin stasionarda qalma müddəti orta hesabla 21 faiz azalır. Bu isə xəstə üçün daha qısa bərpa dövrü, həm də səhiyyə sistemi üçün daha az xərc deməkdir. Ortopediya sahəsində aparılan bir tədqiqatda 379 nəfər üzərində həyata keçirilən əməliyyatların nəticələri göstərib ki, süni intellektin tətbiqi ilə komplikasiya (baş verməsi qabaqcadan müəyyən edilə bilməyən fizioloji ağırlaşmalar-red.) halları ənənəvi üsullara nisbətən 5 dəfə az müşahidə olunub.

 

Hazırda tibb texnologiyalarında “Da Vinci” və “Heartlander” kimi robotlar xüsusi yer tutur. “Da Vinci” robotu artıq dünyanın bir çox klinikasında mürəkkəb cərrahi əməliyyatların icrasında istifadə olunur. Bu sistem həkimə yüksək dəqiqlik, sabitlik və nəzarət imkanı verir. “Heartlander” isə miniatür ölçülərinə baxmayaraq, ürək səthində və sinə boşluğunda incə müdaxilələrin həyata keçirilməsində əvəzsizdir. Bu tip texnologiyalar insanın əli ilə mümkün olmayan incə və dəqiq müdaxilələri asanlıqla həyata keçirə bilir.

 

Tibb sahəsində tətbiq olunan texnologiyaların maliyyə dəyəri də diqqətəlayiqdir. Hazırda təxminən 40 milyard dollar dəyərində qiymətləndirilən bu sektor yalnız gəlir gətirən sahə deyil, eyni zamanda səhiyyə xidmətlərinin davamlı və qənaətli inkişafına yönəlmiş strateji bir addımdır. Sonda qeyd etmək olar ki, süni intellekt və robot texnologiyalarının səhiyyəyə inteqrasiyası sadəcə texnoloji yenilik deyil, bu, səhiyyənin mahiyyətcə yenidən formalaşması deməkdir. Bu texnologiyalar təkcə həkimlərin işini asanlaşdırmır, həm də pasiyentlərin həyat keyfiyyətini yüksəldir, səhiyyənin daha ədalətli və effektiv olmasına zəmin yaradır. Gələcəyin səhiyyəsi artıq bu gündən başlayır.

 

"Xalq qəzeti"

ÇOX OXUNANLAR
 Azərbaycanda transplantasiyanın tarixi   
Azərbaycan-Britaniya Peşəkarlar Assosiasiyası və Böyük Britaniya Rəqəmsal Səhiyyə Şurası Londonda tarixi elmi konfransa imza atıb
ATU tələbələri və Hərbi Tibb fakültəsinin rezidentləri üçün “Hərbi psixiatriya” adlı dərs vəsaiti hazırlanıb
Professor Məhəmməd Kərimov Fransada EVF 2026 beynəlxalq konqresində iştirak edib
Respublika QİÇS-lə Mübarizə Mərkəzi Salyanda İİV-ə görə müayinələr aparıb
İnfeksion və parazitar xəstəliklər çox vaxt qeyri-spesifik əlamətlərlə başlayır - İnfeksionist Elvira Əliyeva
Böyük Britaniyada yaradılmış ilk Azərbaycan təşkilatı olan AABP
Samux Rayon Mərkəzi Xəstəxanasında BLS təlimi keçirilib
Respublika QİÇS-lə Mübarizə Mərkəzi Şamaxıda İİV-ə görə müayinələr aparıb
Laçın RMX-da maarifləndirici təlim: “Allergik xəstəliklərin profilaktikası, erkən diaqnostikası, müalicəsi və risk faktorları” 
Səmimiyyəti və peşəkarlığı ilə seçilən həkim  Minirə Baxşəliyeva - “Həkimlərimizi tanıyaq!” rubrikası 
Quba rayonunun Qonaqkənd kəndində səyyar tibbi müayinələr təşkil edilib
 XMTU nümayəndə heyəti ATU-nun klinikalarında olub   
 ATU-da “Uşaqlarda genetik və irsi metabolik xəstəliklər” fənnini tədris edən nevroloq İspaniyada magistraturanı uğurla başa vurub   
“Elektron resept” tətbiqinin istifadə dairəsinin genişləndirilməsi məqsədilə maarifləndirici seminar təşkil olunub