Bu uşaqların eşitmə skrininq müayinəsinə cəlb olunması MÜTLƏQDİR - Audioloq ilə MÜSAHİBƏ  
20.12.2020 11:44

Dünyada hər min yeni doğulmuşdan 1-3-də eşitmə qüsuruna rast gəlinir. Bu tam karlıq və ya eşitmə azlığı şəklində də ola bilər. 

 

Bunu Aztibb.az-a müsahibəsində eşitmə azlıqları, onların müayinə və müalicə metodlarından danışarkən audioloq İlahə Aslanova deyib.

 

Müsahibəni təqdim edirik:

 

- Eşitmə azlığının yaranma səbəbləri əsas nələrdir?

 

- Eşitmə azlığı həm anadangəlmə, həm də müəyyən səbəblərdən sonradan qazanılma ola bilər. Valideynlərindən birində və ya hər ikisində eşitmə qüsuru olan, hamiləlik vaxtı məxmərək, qızılca, sitomeqalovirus, toksoplazmoz aşkarlanan anadan olan, yarımçıq dogulmuş, çəkisi 1500 qramdan az olan, eləcə də əkiz hamiləlikdən dünyaya gələn uşaqlar anadangəlmə eşitmə qüsurunun yaranması üzrə risk qrupuna aiddirlər. 

 

Qazanılmış eşitmə qüsurlarının səbəbləri də müxtəlifdir. Yenidoğulma dövründə patoloji sarılığı olan, ağır hipoksiya keçirən, aminoqlikozid qrupundan olan antibiotik qəbul edən, qıcolma əleyhinə preparatlar qəbul edən şəxslərdə qazanılma eşitmə azlığı yarana bilər. Habelə uzun müddət səs küylü şəraitdə çalışan insanlarda akustik travmaya bağlı eşitmə azlığı aşkarlana bilər. 

 

- Eşitmə azlığının hansı növləri var?  

 

- Konduktiv, sensonevral, qarışıq tip eşitmə azlıqları mövcuddur.

 

Konduktiv eşitmə azlığı səsin ötürülməsinə mane olan səbəblərdən yaranır. 

 

Anadangəlmə olaraq qulaq seyvanının olmaması, xarici qulaq keçəcəyinin atreziyası xarici qulaq keçəcəyində qulaq kiri tıxacı, yad cisim, törəmənin olması, otit (qulağın iltihabı) otoskleroz, timpanoskleroz kimi xəstəliklər konduktiv tip eşitmə azlığının yaranmasına səbəb olur. Konduktiv tip eşitmə azlıqları bəzən müalicə ilə aradan qaldırılır. Problemdən asılı olaraq həm konservativ, həm də cərrahi müdaxilə edilə bilər.

 

Sensonevral tip eşitmə azlıqları anadangəlmə, sərbəst bilurubinin yüksək olması, aminoqlikozid qrupundan olan antibiotiklərin qəbulundan sonra, akustik travmalar və s. səbəblərdən eşitmə sinirinin zədələnməsi nəticəsində yaranır. Müalicə yolu yoxdur. Eşitmə azlığının dərəcəsindən asılı olaraq ya eşitmə cihazı ya da koxlear implantasiya məsləhət görülür.

 

Bu iki eşitmə azlığının birgə rast gəlinməsi isə qarışıq tip eşitmə azlığını formalaşdırır.

 

- Yenidoğulan körpənin eşitməsini müayinə etmək mümkündürmü?

 

- Yenidoğulan körpələrdə eşitmə azlığı gözlə görünən problem olmadığına görə, onu obyektiv müayinə olmadan dəyərləndirmək mümkün deyil. Ona görə də skrininq müayinəsini həyata keçirmək çox vacibdir.

 

Erkən diaqnostika məqsədilə aparılan eşitmə skrininq müayinəsi uşağın əlillikdən azad olunmasına yönəlik bir prosesdir. Eşitmə müayinəsində ilk və vacib etapdır.

 

Qeyd edim ki, bütün Azərbaycan üzrə ilk dəfə olaraq 2017-ci ilin dekabr ayından etibarən Respublika Diaqnostika Mərkəzində  kütləvi olaraq bütün yenidoğulmuş uşaqlar eşitmənin skrininq müayinəsinə cəlb olunur. Uşaqda eşitmə problemi 6 aya qədər dəqiqləşdirilir. Anadangəlmə karlıq müşahidə olunarsa, 6 ayından hər iki qulağa eşitmə cihazı verilir, 1 yaşında isə artıq əməliyyat məsələsi müzakirə olunur. Əgər əməliyyata uyğun namizəd hesab edilərsə, uşaq əməliyyat olunaraq əlillikdən azad olur. 

 

Eşitmənin skrininq müayinəsi 2 dəqiqə zaman alan müayinə metodudur, ağrı yaratmır, sedasiyaya ehtiyac yoxdur. Hətta körpə ana qucağında, süd əmərkən də müayinəni həyata keçirə bilirik. Əsas şərt uşağın sakit olmasıdır.

 

Bu testdən keçən uşaqlarda eşitmə problemi yoxdur deməkdir. Yəni daxili qulaq normal inkişaf edib. Bu testdən 3 dəfə neqativ cavab alarıqsa, o zaman körpənin 6 ayından BERA testi məsləhət görülür. 

 

- Bera testi nədir və necə həyata keçirilir?

 

- Bera testinin klinik BERA və diaqnostik BERA kimi növləri var. Ən dəqiq qərarı verə bilmək üçün diaqnostik məqsədlə aparılan BERA müayinəsi həyata keçirilir. 

 

BERA testi yuxu şəraitində (təbii yuxu və ya venadaxili sedasiya ilə) aparılan prosesdir. Venadaxili narkozla həyata keçirildikdə uşağın müayinəyə ac gətirilməsi mütləqdir. Müayinə 30 dəqiqə-1 saat müddətində davam edə bilər. Daxili qulaqdan eşitmə mərkəzinə qədər olan bütün eşitmə yolu dəyərləndirilir və bunun əsasında uşaqda eşitmə probleminin hansı səviyyədə olduğunu dəqiqləşdirmiş oluruq.

 

Bera testi zehni problemi, mental geriliyi olan və audiometriya müayinəsi həyata keçirilə bilməyən böyüklərdə də aparıla bilər.

 

- Hansı uşaqların eşitmənin skrininq müayinəsinə cəlb olunması mütləqdir?

 

Ən çox risk qrupuna  aid olan yenidoğulmuşlar:

 

- Vaxtından əvvəl doğulmuş uşaqlar;

- Çəkisi 1500 qramdan az olan uşaqlar;

- Valideynlərindən biri və ya hər ikisi eşitmə qüsurlu olan uşaqlar;

- Sarılığı olan uşaqlar;

- Hamiləlik dövründə ototoksik preparat qəbul edən anadan dünyaya gələn uşaqlar;

- Hamiləlik zamanı toksoplazma, rubella, sitomeqalovirus, herpes kimi infeksiyalar aşkarlanan anadan dünyaya gələn uşaqlar;

- Asfiksiya, hipoksiya ilə doğulan uşaqlar.

 

- Doktor, eşitmə aparatları barədə fikirləriniz də maraqlıdır. Bu aparatlar uşaqlara neçə yaşından taxılması məsləhətdir?

 

- Uşağın 6 ayında eşitmə qüsuru təsdiqlənirsə, artıq eşitmə cihazının istifadəsi tövsiyə edilir. Düzdür, uşaq balaca olduğundan cihazın istifadəsi müəyyən çətinliklər törədir. Amma zamanla uşaqlar buna alışır. Eşitmə cihazının satışı bir çox məkanlarda həyata keçirilsə də mənim məsləhətim odur ki, yalnız həkimin yönləndirdiyi güvənilən ünvandan alınsın. Çünki eşitmə cihazı eşitmə azlığına uyğun təyin edilib tənzimlənməlidir. 

 

- Son zamanlar bütün dünyanın bəlasına çevrilmiş COVID-19 infeksiyası zamanı eşitmə qüsurunun yaranması mümkündürmü?

 

- Öz praktikamda COVID-19 infeksiyası keçirmiş eşitmə probremli pasiyent ilə rastlaşmamışam. Lakin İngiltərədə aparılan araşdırmalarda koronavirusa yoluxub, müalicə alan şəxslərdə evə yazıldıqdan sonra qulaqda səs - tinnitus, qalıcı olaraq sensonevral tip eşitmə itkisi meydana çıxdığı aşkarlanıb. 

 

Mançestr Universitetində də öncədən heç bir eşitmə problemi olmayan 121 koronavirus xəstəsindən 16-da eşitmə problemi müşahidə edilib.

 

Sadəcə bunun bir başa koronavirusla əlaqəli olub-olmadığı və ya virus əleyhinə aparılan müalicələrin təsirindən və ya orqanizmin özünün immun sisteminə bağlı olub olmadıgını dəqiqləşdirmək mümkün olmayıb.

ÇOX OXUNANLAR
 Gənc həkim Samux Rayon Mərkəzi Xəstəxanasında işə başlayıb   
 Xalq yazıçısı Çingiz Abdullayev Mərkəzi Gömrük Hospitaldan evə buraxılıb
Pediatr Sevil Orucovanın məqaləsi:
Tibb üzrə fəlsəfə doktoru Yazgül Abdıyevanı 50 illik yubileyi münasibətilə təbrik edirik!
Bu hallarda qırmızı ət zərərli və ya sağlam hesab edilir
 Qaranlığa qalib gələn təbib - Rəşad Mahmudov yazır...   
 6 yaşlı pasiyent üzərində cərrahi əməliyyat uğurla icra edilib   
 Naftalanda “Zirvələrə yüksələn zərif insan ömrü” adlı tədbir keçirilib   
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi İctimaiyyətlə əlaqələr şöbəsinə işçi axtarılır
Autizmdən əziyyət çəkən uşaqlar üçün təmənnasız müayinə və müalicə prosedurları həyata keçirilir - AKSİYA
Maarifləndirici tədbir: “Məişət zorakılığına yox deyək!” 
Elmi-Tədqiqat Pediatriya İnstitutunda akademik Zərifə Əliyevaya həsr olunan konfrans keçirilib
Rəşad Nəsirli - Pasiyhentləri ağır vəziyyətdən maksimum dərəcədə ağrısız çıxarmağı bacaran anestezioloq-reanimatoloq