Ramin Rzayev: “Məqsədimiz travmatologiya-ortopediya sahəsində yenilikləri gündəlik praktikamızda tətbiq etməkdir” 
12.10.2021 17:21

Travmatologiya tibb elminin mühüm sahələrindən biri olub, travma nəticəsində əmələ gələn xəstəliklərin müalicəsini öyrənir. Bu xəstəliklərə travma nəticəsində əzələ sümük toxumasında baş verən xəstəliklər aiddir.

 

Yayılma dərəcəsinə görə bu gün dayaq-hərəkət aparatın pozuntuları, yalnız ürək-damar xəstəliklərindən geridə qalır.

 

Aztibb.az-a müsahibəsində bu sahə ilə bağlı insanları ən çox narahat edən aktual sualları Mərkəzi Gömrük Hospitalının Travmatologiya və Ortopediya şöbəsinin rəisi, tanınmış travmatoloq-ortoped, tibb üzrə fəlsəfə doktoru Ramin Rzayev cavablandırıb. Müsahibəni təqdim edirik.

 

Sümük-əzələ və oynaqların qarşılıqlı sağlam əlaqəsi sağlam hərəkəti tənzimləyir. Bunun üçün zəruri olan ilkin şərtlər nədir?

 

Bildiyimiz kimi, sümük-əzələ sistemi və oynaqlar dayaq-hərəkət sistemimizin tərkib hissələridir və sıx, qarşılıqlı əlaqədə olub gündəlik dinamikamızı təmin edirlər. Sağlam sümük-əzələ sistemi oynaqlarda sağlam hərəkəti təmin etmək baxımından əhəmiyyətli oluduğu qədər, sağlam oynaqlar da əzələ-sümük sisteminin sağlam olması üçün bir o qədər vacibdir.

 

Ümumiyyətlə, dayaq-hərəkət sistemimizdə bütün oynaqlar əzələ-bağ aparatı ilə təmin edilib. Oynaqlarda dolğun, ağrısız hərəkətliliyin təminatı üçün oynaqətrafı bağların elastik, möhkəm və əzələlərin daha güclü olması şərtdir. Bunu gündəlik və yaxud sistemli idman hərəkətləri vasitəsilə təmin edə bilərik. Əlbəttə ki, müəyyən səbəblərdən, deyək ki, oynaqətrafı, oynaqdaxili postravmatik zədələnmələr və digər oynaq xəstəlikləri fonunda oynaqlarda hərəkətin qismən və yaxud tam məhdudlaşması yaranırsa, bu, qarşılıqlı olaraq oynaq bağlarının sərtləşməsinə, ətraf əzələlərin zəifləməsinə, sümük və qığırdaqlarda patoloji dəyişikliklərə gətirib çıxarır. Belə hallarda oynaq patologiyalarının vaxtında müalicəsinə başlamaq da vacib şərtlərdən biridir.

 

Hansı hərəkətlər qəti şəkildə edilməməmlidir? Ehtiyyat tədbiri olaraq tövsiyyələrinizi bilmək istərdik.

 

Əlbəttə ki, qəti şəkildə hər hansı bir hərəkətin edilməməsi dayaq-hərəkət sistemimizin kəskin və yaxud xroniki zədələnməsinə gətirib çıxaran travmaların profilaktikası üçündür. Odur ki, dayaq-hərəkət sistemimizi idman hərəkətlərinə tədricən hazırlayaraq idmana başlamaq lazımdır. Xüsusən də çox yorğun olduqda, həmçinin səhər yuxudan oyandıqdan dərhal sonra ağır idman növləri ilə məşğul olmaq məsləhət görülmür. Əvvəlcə oynaqətrafı əzələləri, bağları elastikləşdirmək üçün yüngül idman hərəkətləri etmək məqbuldur. Əks halda, bağlarda, əzələlərdə kiçik və ya ciddi zədələnmələr baş verə bilər.

 

Bəzən onurğa üçün tətbiq olunan və qəti şəkildə tövsiyyə olunmayan hərəkətlərdən biri də xalq arasında “bel-qulunc sındırma” kimi adlandırılan hərəkətdir. Ətraf oynaqlara vərdiş olaraq sərt şəkildə “şaqqıldatma”  kimi psevdo-rahatlıq yarada bilən hərəkətlərin edilməsi də məsləhət görülmür. Bu kimi hərəkətlər vərdiş kimi gündəlik edilərsə oynaq qığırdağı və bağlarının zədələnməsinə səbəb ola bilər.

 

 

 

Son illər gənclərdə oynaq və onurğa problemləri daha çox müşahidə olunur. Bunun əsas səbəbləri nədir?

 

Ümumiyyətlə, bir çox xəstəliklər “cavanlaşdığı” kimi onurğa və oynaq problemləri də artıq gənc yaşlarda çox rast gəlinir. Onurğanın skoliotik, kifotik əyrilikləri, həmçinin fəqərəarası diks protruziyaları, yırtıqları və oynaqların reaktiv sinovitləri, eləcə də qığırdaq patologiyaları buna misal ola bilər.

 

Müasir dövrümüzdə az hərəkətli həyat tərzi, çəki artımı və eyni zamanda, ağır fiziki iş onurğa problemlərinin artmasına səbəb olub. Qeyd etmək istərdim ki, qeyri düzgün qidalanma və maddələr mübadiləsinin pozulması nəticəsində yaranmış digər yanaşı xəstəliklər də dolayısı ilə onurğa və oynaq problemlərinin yaranmasına gətirib çıxara bilir.  

 

Sadaladığım səbəbləri aradan qaldırmaq mümkün olduğu halda, yarana biləcək müəyyən problemlərin də qarşısını almaq mümkündür.

           

Bu gün sizə hansı xəstəliklərlə bağlı daha çox müraciət olunur?

 

Qeyd etdiyimiz kimi hazırda ən çox oynaq xəstəlikləri, onurğa problemləri ilə bizə daha çox müraciətlər olunur. Bu qrup xəstələr daha çox cavan və yaşlı nəsilə aiddirlər. Uşaqların ortoped-travmatoloqa müraciəti daha çox yastıpəncəlik, onurğa əyrilikləri ilə əlaqəli olur. Təbii ki, gündəlik praktikamızda travma almış və postravmatik problemləri yaranmış hər bir yaş qrupuna aid xəstələr bizə daha sıx müraciət edirlər.

 

 

 

Peşə xəstəliklərinin 50%-i işlə əlaqəli sümük-əzələ sistemindən qaynaqlanır. Bununla bağlı fikirləriniz maraqlı olardı.

 

Peşə xəstəlikləri uzun müddət ərzində orqanizmə peşəsindən irəli gələn mənfi faktorların təsiri nəticəsində yaranır. Bu xəstəlikləri xroniki xəstəlik hesab etmək olar. Əzələ-sümük sistemində yaranmış problemlər oturaq iş şəraitinə bağlı və yaxud əksinə uzun müddət statik olaraq ayaq üstə qalmaqdan və eyni zamanda, ağır fiziki işin təsirindən qaynaqlanır.

 

Radikulopatiya, oynaqlarda yaranmış deformasiyaedici osteoartrozları daha ağır dəyişikliklər hesab etmək olar. Bəzən dayaq-hərəkət sistemimizin hər hansı bir nahiyyəsinə peşəsi ilə əlaqədar xroniki mikrotravmalar həmin nahiyyədə patoloji dəyişikliklərin yaranmasına gətirib çıxarır. Buna oynaqətrafı bursitlər, kiçik hiqromlar, tenosinovitlər, stenozlaşan liaqmentitlər misal ola bilər.

 

Uşaqlarda oynaq ağrısının səbəbini çox vaxt boy artımı ilə əlaqələndirirlər. Bəs digər hansı səbəblər ağrıya əsas yaradır?

 

Uşaqlarda oynaqlarda yaranmış ağrı sadəcə xalq arasında boyatma ilə əlaqələndirilir, lakin boyatmanın oynaq ağrısı ilə heç xoş xasiyyətli bir əlaqəsi yoxdur. Orqanizmimizdə bütün sümüklərdə böyümə zonaları vardır və böyümə zonalarında yaranmış patoloji dəyişikliklər ağrılara səbəb olur. Bu patoloji dəyişikliklər xoşxassəli və aqressiv xarakterli ola bilir. Misal üçün, diz qabarıqlığının böyümə zonasının osteoxondropatiyası, yəni, “Osgoot-Schlatter” adlanan xəstəlik daha çox 10-15 yaşlı oğlan uşaqlarında rast gəlinir və adətən diz qabarıqlığı nahiyyəsində şişkinlik və ağrı ilə müşaiyət olunur.

 

Verdiyimiz tövsiyyələrimizlə xəstəliyin aqressiv gedişatının qarşısını almaq mümkündür və 18 yaşına qədər böyümə zonası sümükləşərək qapandıqdan sonra xəstəlik də tam sağalmış hesab edilir. Lakin bud sümüyünün proksimal-yuxarı hissəsinin böyümə zonasında yaranmış problemlər daha ciddi fəsadlara yol açır.

 

Bəzən bud sümüyünün başının böyümə zonasında sürüşməsi, onun defromasiyası, oynaqda hərəkət məhdudluğu, aşağı ətrafın qısalması ilə nəticələnir və əlilliyə qədər gətirib çıxarır. Buna görə xüsusən də uşaqlarda sümük-əzələ sistemində, oynaqlarda ağrı, şişkinlik və digər problemlər müşahidə olunduqda ortoped-travmatoloqa müraciət etmək vacibdir.

 

 

 

Ortopediya və travmatologiya texnologiya və elmin inkişafı nəticəsində tibbin ən sürətli irəliləyən sahələrindən biridir. Bu sahə xəstəliklərinin müalicə və diaqnostikasında yenilikləri özündə əks etdirən hansı müasir terapevtik və cərrahi üsulları tətbiq edirsiniz?

 

Əlbəttə, tibbin digər sahələri kimi travmatologiya-ortopediya da müasir tibbin tələblərinə görə irəliləyir. Travmatologiya-ortopediyada tətbiq edilən endoskopik əməliyyatlar, endoprotez əməliyyatlar son iyirmi il ərzində icra edilsə də, lakin istifadə edilən avadanlıqlar və implantlar hər il daha da təkmilləşdirilir və bu tip əməliyyatların icra edilməsini asanlaşdırmaqla yanaşı, effekliliyini artırır. Misal olaraq, diz oynağının çarpaz bağının bərpası, bazu oynağının vərdişli çıxıqlarının cərrahi müalicəsi müasir implantlardan istifadə edilməklə qapalı üsulla artroskopik aparılır. Eyni zamanda, Mərkəzi Gömrük Hospitalında oynaq ednoprotez əməliyyatlarını dünya markaları sayılan ən müasir oynaq implantlarından istifadə etməklə icra edirik.

 

Konservativ müalicə üsullarına nümunə olaraq, daha çox oynaq qığırdaq xəstəliklərinin müalicə üsullarını qeyd etmək istəyirəm. Bir çox inkişaf etmiş ölkələrdə geniş tətbiq edilən plazmaterapiya (PRP) üsulu tərəfimizdən də geniş tətbiq olunur. Kök hüceyrə texnologiyasını müasir avadanlıqlarla təmin edilmiş, geniş imkanları olan hospitalımızda tətbiq etmək planımızdadır. Məqsədimiz tavmatologiya-ortopediya sahəsində texnologiya və elmin nailiyyətlərini mənimsəyərək ölkəmizdə tibbin inkişafı üçün hər zaman yenilikləri gündəlik praktikamızda tətbiq etməkdir.

ÇOX OXUNANLAR
 Gənc həkim Samux Rayon Mərkəzi Xəstəxanasında işə başlayıb   
 Xalq yazıçısı Çingiz Abdullayev Mərkəzi Gömrük Hospitaldan evə buraxılıb
Tibb üzrə fəlsəfə doktoru Yazgül Abdıyevanı 50 illik yubileyi münasibətilə təbrik edirik!
Autizmdən əziyyət çəkən uşaqlar üçün təmənnasız müayinə və müalicə prosedurları həyata keçirilir - AKSİYA
 6 yaşlı pasiyent üzərində cərrahi əməliyyat uğurla icra edilib   
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi İctimaiyyətlə əlaqələr şöbəsinə işçi axtarılır
 Naftalanda “Zirvələrə yüksələn zərif insan ömrü” adlı tədbir keçirilib   
Kardioloq Fikrət Sadıqzadə ürək çatışmazlığından vəfat edib  
Gözlərə nur bəxş edən fədakar həkim
 TƏBİB Daxili nəzarət və monitorinq departamentinin Monitorinq şöbəsinə işçi axtarır   
 Sumqayıt Tibb Mərkəzini seçən həkimlərin sayı artır   
 Ümumdünya Hemofiliya Günü ilə əlaqədar Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində qanvermə aksiyası keçirilib   
Dünya liderlərini bir araya gətirən