Həkim-radioloq: Şüa diaqnostikası tibbin görən gözüdür - MÜSAHİBƏ
02.11.2021 17:41

Tibbi radiologiya müxtəlif şüaların diaqnostika və müalicə məqsədilə istifadə edildiyi, texnoloji yeniliklərin uğurlu nəticələrinin tətbiqinə əsaslanan və bütün sahələrlə sıx əlaqədə olan elm sahəsidir.

 

Müasir dövrdə şüa diaqnostikası xəstəliklərinin və orqan sisteminin zədələmə dərəcəsinin aşkarlanması məqsədilə tibbdə geniş istifadə edilir.

 

Aztibb.az-ın budəfəki müsahibi İstanbul Hospitalın direktoru, həkim-radioloq Aydın Əliyevdir.

 

Aydın həkim, bu gün radiologiya sürətli inkişaf mərhələsindədir. Özündə kompleks diaqnostik müayinələri birləşdirən şüa diaqnostikasının üstünlükləri, riskləri və fəsadları barədə məlumat verməyinizi istərdik.

 

Bəli, müasir dövrdə həqiqətən də radiologiya, eləcə də tibbin bütün sahələri sürətlə inkişaf edir. Şüa diaqnostikası tibbin görən gözüdür. Yəni, canlı orqanizmdə, demək olar ki, bütün orqanların xəstəliklərinin vizualizasiya edilməsinə kömək edir. Patoloji prosesin lokalizasiyası, sayı, forması, ölçüləri, yayılması, strukturu, konturları və qonşu strukturlarla münasibəti barədə geniş informasiya verir.

 

Müasir şüa diaqnostik müayinə üsulları içərisində ionlaşdırıcı və ionlaşdırmayan şüalar tətbiq edilir. İonlaşdırıcı, yəni insan orqanizminə təsir edə biləcək şüalar istifadə edilən əsas müayinə üsulları Rentgen, KT, angioqrafiya, mamoqrafiya, PET və digər üsullardır.

 

Əlavə edim ki, USM, MRT və termoqrafiya müayinələri tam ziyansızdır.

 

Ümumiyyətlə KT, MRT və Rentgen müayinəsi üçün hansı vaxt aralığında müraciət doğru olar?

 

Müayinələrin aparılması göstərişlərə bağlıdır. Göstəriş varsa müayinə hər həftə də ola bilər, göstəriş yoxdursa ehtiyac görülmür.

 

Təcrübənizdə diaqnostik radiologiya sahəsində hansı yenilikləri tətbiq edirsiniz?

 

 

 

Mən şəxsən rentgen müayinəsi ilə bir neçə dəfə plevra boşluğundan maye boşaltmışam. Ən çox rəqəmsal rentgen müayinəsini tətbiq edirəm.

 

Qeyd edim ki, plevra, yəni ağciyər pərdəsinin iltihabı xəstəliyi olan plevrit plevral boşluqda mayenin yığılması, yaxud plevra vərəqlərinin üzərində fibrinli çöküntülərin əmələ gəlməsi ilə müşahidə edilən xəstəlikdir.

 

Koronavirus xəstələrinin müayinəsi zamanı radioloqlar hansı məqamlara diqqət yetirməlidirlər? Təcrübəli radioloq kimi məsləhətləriniz dəyərlidir.

 

COVID-19 xəstəliyi zamanı əsas ağırlaşma ağciyərlərdə olur. Ağciyərlərin müayinəsində isə əsas rolu KT müayinəsi tutur. Xüsusən şübhəli hallarda, məsələn testin nəticəsi neqativ çıxdıqda KT müayinəsi həlledici ola bilər.

 

Pandemiya dövründə mediada dəfələrlə insanları sosial məsuliyyətlərini dərk etməyə yönəldən çağırışlarınız olub. Bugünkü reallıqla insanlarımıza nələri tövsiyə edərdiniz?

 

Təəssüflər olsun ki, bu günlərdə yenə də şəxsi gigiyena qaydalarına riayət edilməməsinə və sosial məsafənin saxlanılmamasına çox rast gəlirik. Hazırkı reallıqla pandemiya ilə ən səmərəli mübarizə vətəndaşların davranışı və qaydalara məsuliyyətlə yanaşmasından birbaşa asılıdır.

 

Beynəlxalq Atom Enerjisi Agentliyi (İAEA), eləcə də digər beynəlxalq ekspertlər ötən əsrdə Ermənistanda inşa edilmiş Metsamor Atom Elektrik Stansiyasının müasir radiasiya təhlükəsizliyi qaydalarına cavab verməməsi barədə dəfələrlə xəbərdarlıq edib. Regionda eko sistemi hansı təhlükələr təhdid etməkdədir?

 

 

 

Bu çox vacib məsələdir. Mən bu barədə məqalə də yazmışdım. Metsamor Atom Elektrik Stansiyası region və eləcə də dünya üçün çox təhlükəlidir. Ermənistan tərəfi enerji çatışmazlığını əsas gətirərək bu stansiyanın fəaliyyətinin onlar üçün vacib olduğunu bildirsə də, orada istifadə edilən uran izotopunun buraxdığı qamma şüaların onlarla kilometr hərəkət edərək ətrafdakı bütün canlılara, flora və faunaya ziyan vurduğunu dəfələrlə region və dünya ekspertləri vurğulayıblar.

 

Son zamanlar Azərbaycanda həkim sayının azalması diqqət mərkəzindədir. Bununla bağlı rəqəmlər Dövlət Statistika Komitəsinin məlumatlarından da aydın görünür. Başlıca səbəblər nədir və hansı ixtisas sahələrində həkim çatışmazlığı daha çox narahatlıq doğurur?

 

Ölkəmizdə həkim-mütəxəssis sayının azalması reallıqdır və bunun əsas səbəbi bir çox hallarda professional həkim-mütəxəssislərə qarşı qısqanclıq, dəyər verilməməsi və onların fəaliyyətinə məhdudiyyətlərin qoyulmasıdır.

ÇOX OXUNANLAR
İnsan orqanizmi hansı səbəbdən iki əsas mərhələdə qocalır - Alimlər müəyyənləşdiriblər
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Tibb işçilərinin əməkhaqlarının artırılmasına QHT sədrindən münasibət
Müasir neyrocərrahiyyə yanaşmalarını daim izləyən və peşəkar inkişafını davam etdirən həkim - Toğrul Qasımlı
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
 Saatlı RMX-da tanınmış cərrah Əhədağa Soltanovun 75 illik yubileyi qeyd edilib   
Yüksəkixtisaslı anestezioloq-reanimatoloq Xəyal Məmmədov - Həkimlərimizi tanıyaq!
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər
Şirvanda daha bir mürəkkəb travmatoloji əməliyyat uğurla icra olunub
TƏBİB beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində görüşləri davam etdirir
Laçında “Hiperqlikemik və hipoqlikemik komalar zamanı yardım” mövzusunda təlim keçirilib
Qazaxda ana və körpənin həyatı xilas edilib
8 saatlıq mikrocərrahi əməliyyat - Səhiyyə Nazirliyinin həkimləri 3 yaşlı uşağın qopmuş əlini bərpa etdi
ATU tələbələri Türkiyədə növbəti yay məktəbi proqramını uğurla başa vurublar
Küləkli hava şəraiti ilə əlaqədar iki nəfər xəsarət alıb