Quba Regional Perinatal Mərkəzin rəhbəri: Körpə ölümünü ölkə üzrə ən aşağı rəqəmlərə endirməyə müvəffəq olmuşuq” - MÜSAHİBƏ
04.10.2021 08:43

Hər il minlərlə körpə vaxtından əvvəl dünyaya gəlir. Böyük həyat mücadiləsi aparan belə körpələr çox vaxt ciddi sağlamlıq problemləri ilə üzləşirlər. Erkən doğulmuş körpələrini bir an olsun qoynuna almaq istəyən  valideynləri isə çətin günlər gözləyir. 

 

Aztibb.az patoloji hamiləlik, vaxtından öncə doğulmuş körpələrin risk daşıdığı xəstəliklər və belə körpələrə qulluq zamanı valideyinlərin diqqətdə saxlamalı olduğu mühüm məqamlarla bağlı mövzuda Quba Regional Perinatal Mərkəzin direktoru Şəhla Həsənova ilə müsahibəni təqdim edir:

 

- Şəhla xanım, rəhbərlik etdiyiniz mərkəzdə son dövrdə perinatal yardımın keyfiyyətinin yaxşılaşdırılması və bu xidmətdə çalışan mütəxəssislərin hazırlığı istiqamətində fəaliyyət barədə məlumat verərdiniz.

 

- Ölkəmizdə ana və uşaqlara göstərilən tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması, perinatal xidmətlərdən istifadənin əhali arasında bərabər şəkildə bölünməsinin təmini məqsədilə şəhər və rayonlarda perinatal mərkəzlər yaradılıb. 2011-ci ildə yaradılan Quba Regional Perinatal Mərkəzi də şimal bölgəsinin 6 rayonuna xidmət göstərir.

 

Dövlətin daim diqqət mərkəzində olan ana və uşaqların sağlamlığının qorunması məqsədilə burada mütəmadi elmi-praktik tədbirlər təşkil olunur. Son illər regionda ondan çox konfrans keçirilib. Konfranslarda mamalığın və neonatologiyanın aktual məsələlərinə, ölkəmizdə ana və körpə ölümlərinə səbəb olan patologiyalara dair müzakirələr aparılıb. Konfranslarda ölkənin aparıcı həkimlərinin mühazirələri dinlənilib və mütəxəssislərimiz fəal iştirak ediblər.

 

Son dönəm Quba Regional Perinatal Mərkəzin uğurlu fəaliyyəti və tibbi personalın səyi nəticəsində bura kritik ağır vəziyyətdə daxil olan hamilələrin sayı azalmaqdadır. Qeyd edim ki, hamilələr vaxtında hospitalizasiya olunduğuna görə müalicələrin nəticələri də qənaətbəxşdir. Eyni zamanda, körpə ölümlərinin də sayı azalaraq 6.5 promilliyə enib, ana ölümü isə 0-a çatdırılıb.

 

 

 

- Hamiləlik zamanı ən çox rast gəlinən patologiyalar hansılardır. Normal hamiləlik sonradan hansı səbəblər üzündən patoloji hamiləliyə çevrilir?

 

- Hamiləlikdə ən cox rast gəlinən patologiyalardan anemiya və sidik-cinsiyyət orqanlarının infeksiyasını qeyd edə bilərik. Mərkəzimizdə qeyd etdiyim bu patologiyalardan hamilələr müvəffəqiyətlə müalicə olunurlar. Adətən normal inkişaf edən hamiləliyin 20-ci həftəsindən sonra patoloji gedişat preeklampsiyalı hamilələrdə müşahidə olunur. Bu hamiləliyin ağır patologiyası hesab edilir. Statistikaya nəzər yetirsək, dünyada və bizim ölkədə ana ölümünə səbəb olan ilk 3 patologiyadan biridir. Quba Regional Perinatal Mərkəzinə orta ağır və ağır preeklampsiya diaqnozu ilə bütün şimal bölgəsindən hamilələr köçürülür, lazımi müalicə tədbirləri görülür və xəstələrimiz sağlam evə yazılırlar.

 

- Yarımçıq doğuşların bəlli səbəbləri var. Məhz regionlarda erkən doğuş hansı amillərdən qaynaqlanır?

 

- Ümumiyyətlə, vaxtından əvvəl doğuşların 99%-i sidik-cinsiyyət orqanlarının infeksiyası ilə əlaqədar baş verir. Bu, xəstənin rayonda və ya şəhərdə yaşamasından asılı olmayan bir patologiyadır. Ölkə üzrə götürsək, bütün doğuşların 10%-i vaxtından əvvəl baş verir. Bizim mərkəz 3-cü səviyyəli doğuşayardım tibb müəssisəsi olduğu ücün burada doğuşların 12%-i vaxtından əvvəl baş verən doğuşlardır. Onu da əlavə edim ki, bütün şimal bölgəsi üzrə vaxtından əvvəl doğuş təhlükəsi olan hamilələr Quba Regional Perinatal Mərkəzə təxliyyə olunurlar.

 

- Mərkəzdə vaxtından əvvəl doğulmuş uşaqlarda bir sıra problem və fəsadlar yarandığı təqdirdə ana və uşağa nə kimi tibbi yardım dəstək göstərilir?

 

- Bizim mərkəzdə vaxtından öncə doğuşlara və belə doğuşlar nəticəsində dünyaya gələn körpələrə tam həcmdə  yardım etmək ücün lazımi şərait və imkanlar yaradılıb. Ona görə də mərkəzimiz ölkə üzrə körpə ölümünə ən az rast gəlinən qurumdur. Ana ölümünə isə rast gəlinmir.

 

- Erkən doğulduğu üçün belə uşaqlar hansı xəstəliklərin riskini daşıyır, bu riskləri minimuma endirmək üçün analara tövsiyəniz nədir?

 

- Vaxtından əvvəl doğulmuş uşaqlarda bir cox fəsadlarla qarşılaşa bilərik. Quba Regional Perinatal Mərkəzi, eləcə də ölkədə digər bu kimi mərkəzlər belə fəsadların qarşısını almaq, körpə ölümünü azaltmaq, riskli hamilələrə yüksək ixtisaslı tibbi yardım göstərmək ücün yaradılıb. Mərkəzimiz bu məqsədlə lazımi tibbi avadanlıqla təmin olunub və vaxtaşırı tibbi personal müəyyən kurslarda iştirak edərək təkmilləşir. Xüsusilə vurğulayım ki, ölkədə vaxtından əvvəl doğuş təhlükəsi olduqda hansı tədbirlərin görülməsinin lazım olduğunu əks etdirən protokol mövcuddur. Bizim mərkəzdə fəaliyyət göstərən Hamiləliyin patologiyası şöbəsində hospitalizasiya olunan hamilələrə bu protokol tətbiq olunur və çox vaxt hamiləliyi davam etdirməyə müvəffəq oluruq. Nəticədə bu, dölün mümkün qədər yetişməsinə, yaşam şansının artmasına və ağırlaşmanın minimuma enməsinə imkan yaradır.

 

- Vaxtından öncə doğulmuş körpələrə qulluq həssaslıq tələb edir. Onların sağlam gələcəyi üçün böyük rol oynayan erkən reabilitasiya nədən başlayır, valideyin  nələrə diqqət etməlidir?

 

- Vaxtından əvvəl doğulmuş körpələrin valideyinləri körpələrini daim həkim nəzarəti altında saxlamalı və bu müddət ərzində həkimin tövsiyyələrinə riayət etməlidirlər. Doğulduğu həftəsindən asılı olaraq, skrining və müayinələr mütləqdir.

 

- Statistikaya görə, respublikada ana və körpə ölümü göstəriciləri azalıb. Quba Regional Perinatal Mərkəzində ana və uşaqların sağlamlığını xarakterizə edən göstəricilərdə nə kimi müsbət dinamika əldə olunub?

 

- Quba Regional Perinatal Mərkəzi şimalın yeganə 3-cü səviyyəli doğuşayardım tibb müəssisəsi olduğu üçün bölgə üzrə ən ağır hamilələrlə yanaşı, ağır doğulmuş körpələr də bura köçürülür. Mərkəzdə həm hamilə qadınlara, həm də yenidoğulmuşlara yardım göstərmək ücün tibbi-texnoloji təmin olunmuş xüsusi reanimasiya şöbələri mövcuddur.

 

Mərkəzimizdə son illərdə ana ölümlərini 0-a, körpə ölümünü isə ölkə üzrə ən aşağı rəqəmlərə endirməyə müvəffəq olmuşuq. Bu müddət ərzində heç bir ağır hamilənin regiondan Bakıdakı tibbi mərkəzlərə köçürülməsi məcburiyyəti də yaranmayıb. Qüsurlu körpələr olduğu halda isə təcili cərrahi müdaxilə məqsədilə Elmi-Tədqiqat Pediatriya İnstitutuna (ETPİ) köçürülüb. Bu il mərkəzdən 9 uşaq köçürülüb, 10 uşaq ölümü qeydə alınıb.

 

 

 

2015-ci ildə körpə ölümü 21 promilli idi, həmin il ərzində ETPİ-yə 39 körpə köçürüldü. Ətraf rayonlardan mərkəzə köçürülən körpələrin demək olar ki, 50%-ni itirirdik. Hazırda bu rəqəm 5-6% təşkil edir.

 

Ötən il erkən neonatal ölüm göstəricisi 8,9 promilli idisə, bu il 6,5 promilli təşkil edir. Bu da onu göstərir ki,  müqayisədə 2021-ci ildə körpə ölümünün azalmasına müvəffəq olmuşuq.

ÇOX OXUNANLAR
 Gənc həkim Samux Rayon Mərkəzi Xəstəxanasında işə başlayıb   
 Xalq yazıçısı Çingiz Abdullayev Mərkəzi Gömrük Hospitaldan evə buraxılıb
Tibb üzrə fəlsəfə doktoru Yazgül Abdıyevanı 50 illik yubileyi münasibətilə təbrik edirik!
Autizmdən əziyyət çəkən uşaqlar üçün təmənnasız müayinə və müalicə prosedurları həyata keçirilir - AKSİYA
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi İctimaiyyətlə əlaqələr şöbəsinə işçi axtarılır
Gözlərə nur bəxş edən fədakar həkim
Kardioloq Fikrət Sadıqzadə ürək çatışmazlığından vəfat edib  
 TƏBİB Daxili nəzarət və monitorinq departamentinin Monitorinq şöbəsinə işçi axtarır   
Dünya liderlərini bir araya gətirən
 Ümumdünya Hemofiliya Günü ilə əlaqədar Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində qanvermə aksiyası keçirilib   
Həddindən artıq su qəbulu beyin şişməsinə səbəb ola bilər
Anestezioloq-reanimatoloq Sevda Hüseynova- “Həkimlərimizi tanıyaq!” rubrikası
Quba rayonunun Hacı-Hüseyinli kənd sakinləri tibbi müayinədən keçiblər
Təcili tibbi yardım briqadasının vaxtında yardımı nəticəsində xəstə boğulma vəziyyətindən çıxarılıb