İnvaziv kardioloq: Dünya əhalisinin təxminən yarısı bu 4 risk faktorundan ən azı birini daşıyır 
25.10.2021 15:23

Kardioloji xəstəliklər bütün dünyada daha çox ölümlə nəticələnən xəstəliklər sırasındadır. Cavanlaşmaqda olan ürək-damar xəstəlikləri həyat keyfiyyətini aşağı salır, dərman qəbulu və cərrahi müdaxilələrə göstəriş yaradır. Halbuki, həyat tərzini dəyişdirməklə və xəstəlik yaradan risk faktorlarına nəzarət etməklə ürək-damar xəstəlikləri səbəbindən baş verən ölümlərin qarşısı əhəmiyyətli dərəcədə alına bilər. 

 

Aztibb.az bu mövzuda Mərkəzi Gömrük Hospitalının invaziv kardioloqu Samir Mustafayevlə müsahibəni təqdim edir. 

 

Bir sıra xəstəliklər var ki, əlamətlərinə görə insulta çox bənzəyir. Ağır fəsadlar baş vermədən ilk olaraq hansı addımlar atılmalı, hansı müayinədən keçilməlidir?  

 

Dünyada hər il 17 milyon insan insult keçirir və bunlardan 6 milyonu insult səbəbindən dünyasını dəyişir. Ölkəmizdə də bu vəziyyət fərqli deyil.  

 

İnsult – beyin qan dövranının kəskin pozulması nəticəsində baş beyində ocaqlı zədələnmənin yaranması ilə xarakterizə olunur. İnsult əksər hallarda bədənin sağ və ya sol yarısında ətraflarda qəfil zəiflik, üzün asimmetriyası, huşun, nitq və görmənin pozulması, başgicəllənmə və kəskin baş ağrıları ilə təzahür edir. Bu hallar yarandığı zaman vaxt itirmədən həkimə müraciət etmək lazımdır.  

 

Diaqnoz klinik, laborator, tomoqrafik və damar müayinələrinin nəticələri əsasında qoyulur. Müalicə orqanizmin həyat fəaliyyətinin təmin edilməsindən, ürək, tənəffüs funksiyaları və metabolik pozğunluqların korreksiyasından, serebral ödəmlə mübarizədən, spesifik patogenetik, neyroprotektor və simptomatik terapiyadan, ağırlaşmaların qarşısının alınmasından ibarətdir.   

 

İnsultun işemik və hemorragik tipləri var. Hemorragik – beyinə qansızma, işemik – beyin infarktı kimi qeyd edilir. Hemorragik insultun rast gəlmə faizi işemik insultdan daha azdır. Ancaq buna baxmayaraq, insult nəticəsində ölümlərin 30%-i bu növdən qaynaqlanır. Hemorragik insultda isə əksər hallarda arterial təzyiqin kəskin artması qansızmaya səbəb olur. Bu təzyiqə davam gətirməyən qan damarı cırılır və qan beyin toxumasına, yaxud beyin qişalarının altına sızır. İşemik insultda isə nə damar cırılması, nə də qansızma baş vermir. Lakin qanın damarla hərəkəti əhəmiyyətli dərəcədə azalır və ya tam dayanır. Səbəbi isə damarın kəskin daralması (spazm) və ya tutulması (tromb) olur.   

 

Qeyd edim ki, serebral işemiya nəticəsində yaranan ocaqlı dəyişikliklər 24 saat ərzində tam keçib gedirsə, bu sindrom tranzitor işemik həmlə kimi təsnifata daxil edilir.   

 

İnsultların demək olar ki 85 %-i işemik insultlardır. İşemik  insultun müalicəsi ən qısa zamanda aparılmalıdır. Çünki beyin damarı tıxandıqda beyin toxumasında zədələnmələr başlayır. Bu zədələnmələr müalicənin ləngidiyi müddətdə genişlənir. Tıxanan damarın ən qısa zamanda açılması beyində olan zədələnmənin genişlənməsinin qarşısını alır, beyin toxumasının sürətli bərpasına zəmin yaradır. Tromb əridən dərmanların venadaxili tətbiqi, insult simptomları başlayandan sonra ilk 4-5 saat ərzində edilə bilər. Yaxşı olar ki, bu prosedur ən qısa müddətdə yerinə yetirilsin. Damarda tromb kütləsi çox olduqda, venadaxili tromboliz laxta kütləsini əritmək üçün yetərli olmur. Bu vəziyyətdə müalicənin əsas məqsədi angioqrafiya üsulu ilə tıxanan beyin damarını tapmaq və laxtanı xüsusi cihazlarla çıxarmaqdır. İlk 6 saatda tətbiq olunan angioqrafik müdaxilə o qədər effektivdir ki, hər üç xəstədən biri tamamilə əvvəlki həyatına qayıdır. Bu iki müalicə üsulundan biri digərinə alternativ olaraq istifadə edilmir.

 

 

İnsultun risk faktorları içərisində hansı xəstəliklər yer alır?  

 

Yüksək qan təzyiqi, diabet, yüksək xolesterol səviyyəsi, qulaqcıqların səyriməsi və titrəməsi olaraq bilinən ürək ritm pozğunluğu olan şəxslər risk qrupuna aiddir.
 

Siqaret çəkmə, oturaq həyat tərzi, düzgün olmayan qidalanma vərdişləri və artıq çəki dəyişdirilə bilən risk faktorlarıdır. Dəyişdirilməyən risk faktoru olaraq, yaşlanmanı göstərmək olar.  

 

Yüksək qan təzyiqi, yüksək xolesterol, diabet və siqaret çəkmə insult üçün ən təhlükəli risk faktorlarıdır. Dünya əhalisinin təxminən yarısı bu 4 risk faktorundan ən azı birini daşıyır.

 

Əksər mütəxəssislər yaş artdıqca insultun başvermə ehtimalının da artdığını bildirilər. Yaş amili bu xəstəlik üçün səbəb yaradırmı?

 

İnsult xəstələrinin 75 %-i yaşı 60-dan yuxarı olan şəxslərdir. 60 yaşdan sonra hər 10 ildən bir bu risk iki dəfə artır. Bu xəstəliyə 55 yaşa qədər olan kişilərdə qadınlara nisbətən daha çox rast gəlinir. Yaş artdıqca, qadınlarda insult nisbəti artır. Əvvəlki işemik insultdan və keçici bir işemik həmlədən sonra yeni bir insult riski olduqca yüksəkdir.  

 

Həkimlər payız və qış fəslində soyuqla əlaqədar ürək xəstəlikləri riskinin artmasına diqqət çəkirlər. Ürək xəstələrinə soyuq havalarda hansı önləyici tədbirləri görməyi tövsiyə edirsiniz?

 

Soyuq və şaxtalı havalar ürək-damar xəstəlikləri olan pasiyentlər üçün əlverişsiz və təhlükəli sayılır. Bura ürək çatışmazlığı olanlar, deyək ki, ağır ürək əməliyyatı  və ya AKŞ (aorta koronar şuntlama) keçirənlər, xroniki koronar sindromu olanlar, yaxın zamanda miokard infarktı keçirənlər, anadangəlmə və ya qazanılma ürək qüsurları olanlar, müxtəlif ritm pozğunluğu və ya paroksizmal aritmiya tutmaları olanlar və s daxildir. Belə xəstələrdə soyuq havalarda xəstəliyin kəskinləşməsi və ürək tutmaları 2 dəfə artmış olur.

 

Bundan əlavə, mütəxəssislər siqaret çəkən insanlarda soyuq havalarda ürək-damar xəstəlikləri riskinin artması səbəbindən, bu zərərli vərdişi buraxmağı və ya sayını önəmli dərəcədə azaltmağı məsləhət görürlər. Həmçinin xroniki ürək xəstəliyi olan insanlar soyuq havalarda, açıq məkanlarda idman və ya hər hansı bir fiziki aktivlikdən çəkinməli, bayıra çıxdıqları zaman isti geyinməli, sinə və başı isti saxlamalı, insanların toplaşdığı yerlərdə tibbi maskalardan istifadə etməlidirlər.

 

Ürək-damar xəstəlikləri ilə bağlı sizə müraciətlərin arasında ən sıx rast gəlinən problemlər hansılardır?

 

Bir invaziv kardioloq kimi mənə ən çox, ürəyin işemik xəstəlikləri, ürək çatışmazlığı, aritmiya və arterial təzyiqin yüksəlməsi şikayəti olan pasiyentlər müraciət edirlər.

 

İnvaziv kardiologiya Azərbaycanda nisbətən cavan bir sahədir. İnvaziv üsulla müalicə və kardioloji əməliyyat hansı üstünlükləri ilə fərqlənir?  

 

İnvaziv kardiologiya nisbətən gənc bir sahədir. Bizdə bu sahə 2000-ci ildən etibarən geniş yayılmağa başlayıb. İnvaziv kardiologiya qeyri-invaziv, yəni sadə dərman müalicəsi ilə bədənə müdaxilə olmadan aparılan müalicə və cərrahi əməliyyat arasında orta bir mövqe tutur. İnvaziv kardioloqlarda əməliyyatlar aparırlar, bədənə müdaxilə edirlər, xüsusi alətlər və cihazlarla damar daxilində əməliyyatlar yerinə yetirirlər. Lakin bütün bu prosedurlar cərrahi əməliyyatlardan fərqli olaraq kəsiksiz və əksəriyyəti narkozsuz həyata keçirilir. Cərrahi əməliyyatla invaziv kardiologiya arasındakı fərq budur.

 

İnvaziv sözünün mənası müdaxilə deməkdir. Yəni bədənə bir müdaxilə var, amma bütün bu müdaxilələr qapalı yolla aparılır. Bu gün artıq əksər ürək-damar xəstəlikləri açıq cərrahi əməliyyatlar olmadan, invaziv yolla həm diaqnoz qoyulur, həmdə müalicə olunur. Bu üsul həm anadangəlmə ürək qüsurlarında, həm də qazanılmış ürək-damar xəstəliklərində uğurla tətbiq edilir. 

 

 

Təcrübənizdə invaziv kardiologiya sahəsində son yenilikləri özündə əks etdirən hansı müasir terapevtik və cərrahi üsulları tətbiq edirsiniz?  

 

Ötən əsrin sonlarından tibbin heç bir sahəsi kardiologiyada olduğu qədər köklü dəyişikliklərə uğramayıb. Bu dəyişikliklər ürəyin kateterizasiyası metodlarının sürətli inkişafı sayəsində gerçəkləşib. Dəyişikliyə uğramış və yenilənmiş kardiologiya invaziv (müdaxilə) kardiologiya adını alıb. Müasir dövrdə tibbdə yeni sahə olan invaziv kardiologiyanı ürək-damar xəstəliklərindən əziyyət çəkənlərin nicat yeri adlandırmaq olar.  

 

Mərkəzi Gömrük Hospitalının dünya standartlarına uyğun yaradılmış İnvaziv Kardiologiya şöbəsi ürək sağlamlığının qorunması, ürək-damar xəstəliklərinin aşkar edilməsi və müalicə olunması məqsədilə insanlara xidmət göstərir. Hospitalımızda olan kardioloqlar müasir kardiologiyanın ən qabaqcıl metodlarından sayılan koronar angioqrafiya, exokardioqrafiya, transezofagial exo, stress exokardioqrafiya, kardioversiya, müvəqqəti və daimi süni ritm aparıcısı tətbiqi, intraaortik balon pompası tətbiqi, PTKA+STENT tətbiqi, ürək boşluqlarının kateterizasiyası, döş qəfəsi və qarın aortaqrafiyası, mərkəzi və periferik angioqrafiya üsullarından uğurla istifadə edirlər. 

 

Son olaraq, ürək-damar xəstələrinin qidalanması məsələsinə toxunmağınızı istərdik. Hansı qidaları ürək sağlamlığının “düşməni” hesab etmək olar?

 

Qidalanma ürəyin sağlam olmasında çox vacib rol oynayır. Ürək üçün faydalı olan dərmanlardan əlavə, digər yanaşmalar da var. Bunlardan məşq və pəhriz aparıcı rol oynayır. Həftədə minimum 150 dəq sürətli tempdə gəzmək kifayətdir. İstər həftədə 2 dəfə 75 dəqiqə, istərsə də 5 gün ərzində 30 dəqiqə idmanla məşğul olmaq və bunu həyat tərzinə çevirmək lazımdır. Ürək-damar xəstələri əsasən tərəvəz və meyvələrə üstünlük verməlidir, qırmızı əti mümkün qədər azaltmaq tövsiyə olunur. Burada iki qidalanma tərzini xüsusilə vurğulamalıyıq. Birincisi, duzun miqdarını azaltmaq lazımdır. Duz təzyiqin yüksəlməsinə yol açır, bu isə ürək çatışmazlığı, infarkt, insult və qəfil ölümə səbəb ola bilər. Duzdan nə qədər az istifadə etsəniz, ürəyiniz bir o qədər sağlam işləyəcək.

 

Digər vacib məqam yağsız yeməklərdir. Əsasən qızartma yeməklərdən uzaq durmağa çalışın, yağlı yeməklər damar divarlarında yağ lövhələrinin meydana gəlməsinə səbəb olur ki, bu da gələcəkdə infarkt və insultun yaranma riskini artırır. Qırmızı ət və ya digər qidaları yeyərkən, qızartmaq əvəzinə qaynatmağa və ya sobada bişirməyi məsləhət görürük.