Azərbaycan Tibb Universitetinin (ATU) VI kurs tələbəsi Abdallah Gevaily Özbəkistanın Daşkənd şəhərində keçirilən III Beynəlxalq Tibb Olimpiadasında – “Gələcəyin təbabəti – 2026”- da iştirak edib.
ATU-dan Aztibb.az-a bildirilib ki, 25 ölkədən 500-dən çox tibb tələbəsini bir araya gətirən olimpiada gənc tibb mütəxəssislərinin nəzəri biliklərini, klinik təfəkkürünü, praktiki bacarıqlarını və komanda şəklində işləmək qabiliyyətini nümayiş etdirmələri üçün beynəlxalq platforma rolunu oynayıb.
Olimpiada çərçivəsində iştirakçılar nəzəri biliklərin qiymətləndirilməsi ilə yanaşı, müxtəlif tibb ixtisaslarını əhatə edən Obyektiv Strukturlaşdırılmış Klinik İmtahan (OSKİ) formatlı praktiki mərhələlərdə də iştirak ediblər.
Bundan əlavə, ATU tələbəsi “Millətin sağlamlığı – 2026” adlı beynəlxalq tibb konfransında da iştirak edib.
Səhiyyə sisteminin inkişafı, müasir klinik praktikanın aktual istiqamətləri, tibbi innovasiyalar və tibb təhsilinin gələcəyi ilə bağlı məsələlərin müzakirə olunduğu konfrans ATU tələbəsi üçün faydalı beynəlxalq təcrübə olub. Bu baxımdan, Azərbaycan Tibb Universiteti tələbələrinin beynəlxalq elmi və akademik tədbirlərdə iştirakını davamlı dəstəkləyir. Beynəlxalq tədbirlərə qatılmaq onların qlobal tibbi yeniliklərlə tanışlığına və gələcəyin səhiyyə sistemində rəqabətqabiliyyətli mütəxəssislər kimi formalaşmasına xidmət edir. Sözügedən fəaliyyət BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərindən 3-cü məqsəd – Sağlamlıq və rifah, 4-cü məqsəd – Keyfiyyətli təhsil və 17-ci məqsəd – Məqsədlər naminə tərəfdaşlıq ilə uzlaşır.

