Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzi S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasında "Sağlam gələcək sənin əlindədir" adlı maarifləndirmə aksiyası təşkil edib.
Bu barədə Aztibb.az-a Respublika QİÇS-lə Mübarizə Mərkəzindən xəbər verilib.
Bildirilib ki, fəaliyyət planına uyğun olaraq və “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın icrası çərçivəsində İİV/QİÇS və narkomaniyanın fəsadlarına həsr olunmuş maarifləndirici tədbir keçirilib.
Tədbirdə Respublika QİÇS-lə Mübarizə Mərkəzinin mütəxəssisi Samirə Vəliyeva xüsusi təqdimatla çıxış edərək İnsanın İmmunçatışmazlığı Virusu (İİV), Qazanılmış İmmun Çatışmazlığı Sindromu (QİÇS), yoluxma yolları, qorunma üsulları və müalicə imkanları barədə ətraflı məlumat verib.
Gənclər sağlam həyat tərzinə üstünlük verməyə və məsuliyyətli davranmağa çağırılıb, həmçinin narkomaniyanın fəsadlarından danışılıb.
Tədbir interaktiv formatda davam edib, şagirdlərin sualları cavablandırılıb, sonda maarifləndirici broşür və bukletlər paylanıb.

