Beynəlxalq Gözdən Əlillər Gününün qeyd edilməsi ətrafımızda bizdən fərqli insanların olduğunu bir daha xatırlamağa imkan verir.
Aztibb.az xəbər verir ki, bu günün qeyd olunmasında məqsəd görmə məhdudiyyətli şəxslərin cəmiyyətə inteqrasiyasını gücləndirmək, onlar üçün maneəsiz mühit və bərabər imkanlar yaratmağın vacibliyinə diqqət çəkməkdir.
Beynəlxalq Gözdən Əlillər Gününün noyabrın 13-də qeyd olunması ilk tiflopedaqoqlardan biri, görməyənlər üçün relyefli əlifbanın müəllifi, gözdən əlillər üçün ilk təhsil müəssisələrinin yaradıcısı, məşhur fransalı xeyriyyəçi Valentin Qayuinin doğum günü ilə əlaqədardır. O, 1745-ci ildə Fransanın Amyen şəhəri yaxınlığındakı Sen-Jüst kəndində, kasıb toxucu ailəsində anadan olub. Ümumdünya Səhiyyə Təşkilatını onun doğum tarixini Beynəlxalq Gözdən Əlillər Günü elan edib.
XVIII əsrə qədər dünyada gözdən əlillər üçün təhsil müəssisəsi yox idi. Valentin Qayui ilk dəfə Fransada gözü dünya işığından məhrum olanların təhsili üçün xüsusi üsul yaradıb. O, 1784-cü ildə dünyada ilk dəfə Parisdə hökumətin və xeyriyyə cəmiyyətlərinin köməyi olmadan öz evində şəxsi vəsaiti hesabına gözdən əlil uşaqlar üçün xüsusi emalatxana açıb. İlk dəfə həmin məktəbə kimsəsiz uşaqlar qəbul edilib.
Valentin Qayui gözdən əlil uşaqların təlim və tərbiyəsinə elmi cəhətdən yanaşıb. Onun işləyib hazırladığı “unsial” adlanan xüsusi qabarıq şriftin köməyi ilə uşaqlara oxumaq öyrətmək və onlar üçün kitablar çap etmək mümkün olub. Gözdən əlil uşaqlar həmin şriftlərlə mətn yığmaq bacarığına yiyələniblər. Bundan başqa, Valentin Qayui gözdən əlillər üçün cihazlar, qabarıq aşkar dərsliklərin, coğrafiya xəritələri və qlobusların istehsalı üçün matrislər qurub. Gözdən əlillər üçün kitabların yaradılması ideyası da ona məxsusdur.
Ciddi maddi çətinlik çəkməsinə baxmayaraq, Valentin Qayui mətbəə yaradaraq qabarıq-xətti şriftlə gözdən əlillər üçün ilk kitablar çap edib. 1829-cu ildə isə Paris Milli İnstitutunun şagirdi Lui Brayl gözdən əlil uşaqlar üçün nöqtə-relyef şriftinin universal sistemini hazırlayıb və həmin sistem bütün dünyada yayılıb.
2005-ci il dekabrın 9-da BMT-nin inkişaf Proqramı ilə Heydər Əliyev Fondu arasında görmək qabiliyyətini itirənlər və zəif görənlər üçün informasiya-rabitə texnologiyalarına çıxışı təmin edən razılaşma sənədi imzalanıb.
2025-ci ilin göstəricilərinə əsasən Azərbaycanda göz və gözün əlavə aparatının xəstəliklərindən 136 min 519 nəfər əziyyət çəkir. Əhalinin hər 10 min nəfərinə düşən xəstəliklərin sayında göz və gözün əlavə aparat xəstəlikləri 133,3 faiz təşkil edir. Eyni zamanda, ötən il statistikasına əsasən, 0-13 yaşlı uşaqlar arasında göz və gözün aparat xəstəliklərindən əziyyət çəkənlərin sayı 29 min 721 nəfərdir.
Azərbaycan Gözdən Əlillər Cəmiyyəti öz ətrafında 20 mindən çox görmə məhdudiyyəti olan şəxsi birləşdirir. Ölkəmizdə görmə qabiliyyəti məhdud olanların həyat və məişət şəraitinin yaxşılaşdırılması üçün hər il bir sıra layihələr həyata keçirilir, zəruri tədbirlər görülür.
Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılan DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi əlilliyi olan şəxslər (o cümlədən gözdən əlilliyi olan şəxslər) və digər həssas qrupların bacarıqlarının inkişafına, reabilitasiyası və cəmiyyətə inteqrasiyasına dəstək məqsədinə xidmət edir. Mərkəzdə, onun İsmayıllı və Bərdədəki DOST Evi filiallarında ötən dövrdə əlilliyi olan yüzlərlə şəxsin yaradıcı potensialının inkişafına dəstək işləri aparılıb. Heydər Əliyev Fondu tərəfindən gözdən əlilliyi olan şəxslər üçün Naxçıvan, Gəncə və Yevlax şəhərlərində yaradılan Regional İnformasiya Mərkəzləri həmin şəxslərin İKT vasitəsilə məlumat əldə etmək və biliklərini artırmaq imkanlarının genişləndirilməsinə xidmət göstərir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsində görmə qabiliyyəti məhdud şəxslər də tibbi, pedaqoji, idman, psixoloji və s. istiqamətlərdə reabilitasiya xidmətləri ilə təmin edilirlər. Əlilliyi olan şəxslərin Peşə-Əmək Reabilitasiyası Mərkəzində əlilliyi olan şəxslər, o cümlədən görmə imkanı məhdud şəxslər yeni peşələrə yiyələnirlər. Agentliyin “Danışan kitab” və “Tiflo TV” mobil tətbiqləri isə gözdən əlilliyi olan şəxslərin məlumat əldə etmək imkanlarını genişləndirir, onların audioformatlarda informasiyaya bərabər çıxışını təmin edir.
Bu kateqoriyadan olan şəxslərlə bağlı aktiv məşğulluq tədbirləri davam etdirilməklə yanaşı, özünüməşğulluq proqramı çərçivəsində həmin şəxslər üçün də kiçik bizneslər qurulur. Son illərdə Nazirliyin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən gözdən əlilliyi olan şəxslərin öz işlərini qurmalarına dəstək məqsədilə “Sosial notlar” layihəsi də icra olunub. Həmin şəxslərdən bir qrupu layihə əsasında və seçimlərinə uyğun olaraq musiqi alətləri ilə təmin edilib. Həmçinin, Azərbaycan Gözdən Əlilliyi Olan Şəxslər Cəmiyyəti ilə əməkdaşlıq çərçivəsində onlar üçün xüsusi proqram əsasında peşə hazırlığı kursları təşkil olunur.
Əlilliyi olan şəxslərə dövlət büdcəsi hesabına təqdim olunan reabilitasiya vasitələri növlərinin siyahısı son illər xeyli genişləndirilib. Siyahıya gözdən əlilliyi olan şəxslər üçün ağ əsa, Brayl sistemi ilə yazı üçün cihaz, ekran oxuyucuları və s. də daxil edilib.

