Qaraciyər insan orqanizmində maddələr mübadiləsini tənzimləyən, ksenobiotiklərin zərərsizləşdirilməsində, enerji homeostazının təmin edilməsində və immun sisteminin fəaliyyətində mühüm rol oynayan həyati vacib orqandır. Lakin son onilliklərdə urbanizasiya, oturaq həyat tərzi və yüksək kalorili qidalanma vərdişləri qlobal miqyasda qaraciyər xəstəliklərinin epidemiologiyasını əhəmiyyətli dərəcədə dəyişdirib. Əvvəllər əsas diqqət mərkəzində virus hepatitləri dayanırdısa, bu gün metabolik pozğunluqlarla əlaqəli qaraciyər xəstəlikləri müasir qastroenterologiya və hepatologiyanın ən aktual probleminə çevrilib.
Bu qlobal tendensiyanı nəzərə alaraq, xəstəliyin patogenezini daha dəqiq əks etdirmək məqsədilə beynəlxalq konsensus əsasında yeni nomenklatura qəbul edilib. Uzun illər istifadə edilən Qeyri-alkoqol mənşəli qaraciyər yağlanması xəstəliyi (NAFLD) termini artıq Metabolik disfunksiya ilə əlaqəli steatotik qaraciyər xəstəliyi (MASLD) olaraq yenidən təsnif edilib. Qlobal miqyasda böyüklərin təxminən 30%-ni əhatə edən bu patologiya və onun daha proqressiv forması olan MASH (Metabolik disfunksiya ilə əlaqəli steatohepatit) hazırda qaraciyər sirrozu və hepatosellülyar karsinomanın aparıcı səbəblərindən biri hesab olunur. Buna görə də müasir klinik praktikada xəstəliyin spesifikliyini anlamaq, metabolik risk faktorlarını (piylənmə, tip 2 şəkərli diabet, dislipidemiya) vaxtında identifikasiya etmək və erkən diaqnostikaya fənlərarası yanaşma tətbiq etmək mütləq zərurətə çevrilib.
Müasir klinik müşahidələr göstərir ki, hepatoloqa müraciət edən pasiyentlər arasında qaraciyər yağlanması ən çox rast gəlinən patologiyalardandır. Bu xəstəlik yalnız artıq çəkili insanlarda deyil, normal bədən kütlə indeksinə malik şəxslərdə də müşahidə olunur. Qidalanma vərdişlərinin dəyişməsi, yüksək kalorili və emal olunmuş qidaların geniş yayılması, oturaq həyat tərzi və metabolik sindromun artması bu xəstəliyin sürətlə yayılmasının əsas səbəbləri hesab edilir.
Qaraciyər yağlanması əksər hallarda uzun müddət heç bir klinik əlamət vermədən inkişaf edir. Məhz bu xüsusiyyət xəstəliyin ən təhlükəli cəhətlərindən biridir. Vaxtında aşkar edilmədikdə qaraciyər yağlanması iltihabi prosesə,fibrozun inkişafına, sirroza və hətta hepatosellülyar karsinomaya qədər irəliləyə bilər Buna görə də erkən diaqnostika və risk qruplarında müntəzəm müayinələrin aparılması xüsusi əhəmiyyət daşıyır. Metabolik pozğunluqlar qaraciyər sağlamlığı ilə sıx bağlıdır. Xüsusilə şəkərli diabet, piylənmə, arterial hipertenziya və dislipidemiya qaraciyər yağlanmasının inkişafını sürətləndirən əsas risk faktorlarıdır. Qaraciyər və şəkərli diabet arasında ikitərəfli əlaqə mövcuddur. Diabet qaraciyərin zədələnmə riskini artırdığı kimi, qaraciyər funksiyasının pozulması da gələcəkdə metabolik xəstəliklərin yaranmasına şərait yaradır. Bu səbəbdən belə pasiyentlərin kompleks yanaşma ilə izlənilməsi və müalicəsi vacib hesab olunur.
Qaraciyər xəstəliklərinin yaranmasında genetik amillər də mühüm rol oynayır. İrsi metabolik xəstəliklər, bəzi gen mutasiyaları və qohum nikahları nəticəsində rast gəlinən genetik patologiyalar erkən yaşlardan qaraciyərin zədələnməsinə səbəb ola bilir. Bu baxımdan genetik məsləhət xidmətinin genişləndirilməsi, ailələrin maarifləndirilməsi və risk qruplarının vaxtında müayinədən keçirilməsi gələcək nəsillərin sağlamlığının qorunması üçün mühüm əhəmiyyət kəsb edir.
Qaraciyərin iltihabi xəstəlikləri olan hepatitlər müxtəlif mənşəli ola bilər. Viruslar, metabolik pozğunluqlar, dərman preparatları, alkoqol istifadəsi və autoimmun proseslər hepatitin əsas səbəbləri sırasındadır. Müasir tibbin imkanları göstərir ki, erkən mərhələdə aşkarlanan hepatitlər düzgün müalicə və həyat tərzi dəyişikliyi ilə uğurla idarə oluna, ağırlaşmaların qarşısı alına bilər.
Son illərdə Azərbaycanda hepatologiya sahəsində diaqnostika və müalicə imkanları əhəmiyyətli dərəcədə inkişaf edib. Beynəlxalq klinik protokolların tətbiqi, müasir antiviral preparatların istifadəsi və innovativ diaqnostik metodların ölkəmizdə əlçatan olması virus hepatitlərinin idarə olunmasında mühüm nailiyyətlərin əldə edilməsinə imkan yaradıb. Bu gün Hepatit B və Hepatit D infeksiyalarının müalicəsində müasir terapevtik yanaşmalar uğurla tətbiq edilir və xəstələrin həyat keyfiyyətinin yaxşılaşdırılmasına xidmət edir.
Qaraciyər xəstəliklərinin diaqnostikasında laborator müayinələrlə yanaşı, qeyri-invaziv instrumental üsulların rolu da durmadan artır. Qaraciyər elastoqrafiyası (FibroScan) fibroz və steatozun dərəcəsini yüksək dəqiqliklə müəyyən etməyə imkan verir. Bu üsul həm xəstəliyin erkən aşkarlanması, həm də müalicənin effektivliyinin izlənilməsi baxımından mühüm üstünlüklərə malikdir və bir çox hallarda invaziv müdaxilələrin sayını azaltmağa kömək edir.
Virus hepatitləri arasında Hepatit B, Hepatit C və Hepatit D ictimai sağlamlıq baxımından xüsusi əhəmiyyət daşıyır. Hepatit B infeksiyasına qarşı peyvəndləmə xəstəlikdən qorunmanın ən effektiv üsulu olmaqla yanaşı, Hepatit D virusuna yoluxma riskinin də qarşısını alır. Hepatit C-nin erkən aşkarlanması və müasir birbaşa təsir göstərən antiviral preparatlarla müalicəsi isə bu infeksiyanın tam sağalma ilə nəticələnməsinə imkan verən müasir hepatologiyanın ən mühüm nailiyyətlərindən biridir.
Bununla yanaşı, Hepatit B və Hepatit D viruslarının birgə yaratdığı infeksiya qaraciyərin daha sürətlə zədələnməsi və ağırlaşmaların inkişafı baxımından yüksək risk daşıyır. Son illərdə ölkəmizdə bu xəstələrin müalicəsində müasir dərman terapiyaları uğurla tətbiq olunur və əldə olunan klinik nəticələr olduqca qənaətbəxşdir.
Qaraciyər xəstəliklərinin profilaktikası yalnız xəstəlik yarandıqdan sonra deyil, sağlam insanlarda da müntəzəm nəzarət tədbirlərinin həyata keçirilməsini tələb edir. Xüsusilə piylənməsi, şəkərli diabeti, arterial hipertenziyası və digər metabolik pozğunluqları olan şəxslərin mütəmadi laborator və instrumental müayinələrdən keçməsi tövsiyə olunur.
Müasir hepatologiyanın əsas məqsədi yalnız xəstəliyi müalicə etmək deyil, onun yaranmasının qarşısını almaqdır. Sağlam qidalanma, normal bədən çəkisinin qorunması, müntəzəm fiziki aktivlik, alkoqol və nəzarətsiz dərman istifadəsindən uzaq durmaq, eləcə də ildə ən azı bir dəfə profilaktik müayinədən keçmək qaraciyər sağlamlığının qorunmasının əsas prinsipləridir. Qaraciyər uzun müddət heç bir əlamət vermədən zədələnə bilən "səssiz orqan" kimi tanınır. Məhz buna görə profilaktik yanaşma, erkən diaqnostika və vaxtında müalicə həm fərdi sağlamlığın qorunması, həm də qaraciyər xəstəliklərinin cəmiyyət üçün yaratdığı yükün azaldılması baxımından mühüm əhəmiyyət daşıyır. Sağlam qaraciyər isə sağlam və keyfiyyətli həyatın ayrılmaz şərtidir.
Hicran Xıdırova, ATU-nun III daxili xəstəliklər kafedrasının assistenti, t.ü.f.d, Tədris Terapevtik Klinikanın Hepatoloji şöbəsinin müdiri

