Yaponiyada yaşlı nəslin nümayəndələri üzərində 28 il ərzində aparılan uzunmüddətli tədqiqat insanların öz ömür uzunluğunu təəccüblü dərəcədə real proqnozlaşdırdığını üzə çıxarıb. Daha çox yaşayacağını gözləyənlər bir qayda olaraq faktiki olaraq daha uzun ömür sürüblər.
Aztibb.az "Planet today" nəşrinə istinadən yazır ki, bununla belə, tədqiqat maraqlı bir təhrifi də ortaya qoyub: insanların böyük əksəriyyəti öz qalan ömrünü olduğundan az qiymətləndirib. Nəticələri tam dəqiqləşdirilən iştirakçıların təxminən 59 faizi öz ehtimal etdikləri ömür həddindən daha çox yaşayıb.
Tsukuba Universitetinin sosioloqu Şohey Okamotonun rəhbərlik etdiyi tədqiqatçılar qrupu Yaponiya üzrə 60 və daha yuxarı yaşda olan vətəndaşları əhatə edən reprezentativ milli sorğunun məlumatlarını təhlil edib.
1996-cı ildə 2447 iştirakçıya neçə yaşa qədər yaşayacaqları barədə sual ünvanlanıb. Onlardan 393 nəfər suala cavab verə bilmədiyini desə də, 2054 nəfər 63 ilə 120 yaş aralığında konkret rəqəm göstərib.
Növbəti 28 il ərzində proqnoz verən həmin şəxslərdən 1514-ü vəfat edib. Rəsmi reyestr və ailə məlumatları əsasında ölüm tarixlərinin 98 faizi dəqiqləşdirilib ki, bu da ehtimal olunan ömür uzunluğu ilə faktiki göstəricini birbaşa müqayisə etməyə imkan verib.
Gözləntisi yüksək olan fərdlərin daha uzun yaşaması tendensiyası yaş, cins, sosial-iqtisadi göstəricilər və mövcud səhhət amilləri nəzərə alındıqdan sonra da öz statistik əhəmiyyətini qoruyub saxlayıb.
Bəs uzun ömür gözləntisi insanın ömrünü birbaşa uzada bilərmi?
Hələlik «medRxiv» preprint platformasında yerləşdirilən və resenziyadan keçməmiş bu müşahidə xarakterli tədqiqat həmin suala birmənalı cavab vermir. Yəni, pozitiv düşüncənin birbaşa həyatı uzatdığı iddia edilmir. Məsələ ondadır ki, fərdlər öz səhhəti, zərərli və ya faydalı vərdişləri, eləcə də ailə anamnezi barədə daxili məlumatlılığa malikdirlər; özünü gümrah hiss edən insanın uzun ömür gözləməsi və müvafiq olaraq daha çox yaşaması təbiidir. Statistik modelə əsasən, gözlənilən hər əlavə ömür ili faktiki olaraq təxminən 0,12 əlavə yaşama ilinə təsadüf edib.
Proqnozlardakı səhvlər kateqoriyalara görə də fərqlənib: qadınlar və ali təhsillilər öz ehtimal etdiklərindən daha çox yaşayıb, səhhəti zəif olanlar isə bu həddi daha az keçiblər.
Buradakı əsas yayınmalardan biri "80 yaş" stereotipi ilə bağlıdır. Belə ki, respondentlərin xeyli hissəsi məhz 80 yaş həddini göstərib — bu da 1996-cı ildə Yaponiyada orta ömür uzunluğuna yaxın rəqəm idi. Lakin doğuş zamanı hesablanan orta ömür uzunluğu ilə artıq ahıl yaşa çatmış fərdin gözlənilən ömrü eyni deyil, 70 yaşına çatan şəxs erkən yaşların ölüm risklərini artıq geridə qoymuş sayılır.
Tədqiqatçılar vurğulayırlar ki, insanın öz ömrünü olduğundan az qiymətləndirməsi praktiki həyatda mühüm fəsadlar doğurur, ömrünü az təxmin edən şəxslər pensiya dövrü üçün kifayət qədər vəsait toplamır və ya əksinə, həddən artıq qənaət edərək sosial çətinliklə üzləşirlər. Yaşa və cinsə uyğun real ömür gözləntisi barədə maarifləndirmə insanların pensiya və maliyyə planlamasını daha düzgün qurmasına imkan verə bilər.

