Alimlər kəllə sümüyü iliyində beyinə xas immun reaksiyasında mühüm rol oynayan və indiyədək elmə məlum olmayan strukturlar kəşf ediblər. Vaşinqton Universiteti Tibb Məktəbinin tədqiqatçıları tərəfindən aşkarlanan bu strukturların siçanlar üzərində aparılan sınaqlarda beyin şişlərinə qarşı immun cavabının formalaşmasına töhfə verdiyi müəyyən edilib.
Aztibb.az "Nature" jurnalında dərc olunan tədqiqatın nəticələrinə diqqət çəkib.
İnsan orqanizmindəki orqan və strukturların böyük ölçüdə tədqiq edildiyi düşünülsə də, elm adamları yeni bioloji strukturları və onların funksiyalarını üzə çıxarmağa davam edir. ScienceAlert portalının yaydığı məlumata görə, ABŞ-nin Vaşinqton Universiteti Tibb Məktəbinin tədqiqatçıları kəllə sümüyünün daxilində immun sistemi ilə əlaqəli, əvvəllər təsvir olunmamış strukturlar qeydə alıblar.
Mütəxəssislərin bildirdiyinə görə, kəllə sümüyü iliyində yerləşən bu törəmələr beynin immun müdafiəsini təmin edir və xüsusilə beyin xərçənginin erkən mərhələlərində immun cavabının formalaşmasına yardımçı olur.
Tədqiqat zamanı sözügedən strukturlar hələlik yalnız siçanlarda nümayiş etdirilib. Bununla belə, tədqiqatçılar insan kəllə sümüyü iliyində də oxşar strukturların mövcudluğuna işarə edən mühüm tapıntıların olduğunu vurğulayıblar.
Tədqiqatın aparıcı müəllifi, beyin immunologiyası üzrə mütəxəssis Conatan Kipnis kəllə sümüyü iliyinin təkcə mexaniki-struktur funksiya daşımadığını, eyni zamanda beyinə xas immun reaksiyalarının formalaşdığı mərkəzlərə ev sahibliyi etdiyini bildirib.
Beyin ilə kəllə sümüyü arasındakı əlaqə araşdırılıb
Uzun illər mərkəzi sinir sisteminin immun sistemi ilə bədənin digər nahiyələrindəki immun sisteminin bir-birindən böyük ölçüdə təcrid olunduğu qəbul edilirdi. Lakin son illərdə aparılan tədqiqatlar bu iki sistem arasında daha sıx qarşılıqlı əlaqənin olduğunu göstərir.
Tədqiqat qrupu əvvəlki araşdırmalarında beyin toxumasından başlayaraq beynin ən xarici qoruyucu qişası olan sərt qişadan (dura mater) keçən və kəllə sümüyünə çatan mikrokanallar aşkarlamışdı.
Yeni elmi işdə tədqiqatçılar flüoresan marker zülallardan istifadə edərək molekulların bu kanallar boyunca hərəkətini izləyiblər. Nəticədə molekulların neyronlardan kəllə sümüyü iliyinə qədər irəlilədiyi müşahidə olunub.
Alimlər burada limfa düyünlərində rast gəlinən "germinal mərkəzlərə" bənzər strukturlar müəyyən ediblər. Germinal mərkəzlər B hüceyrələrinin çoxaldığı və spesifik xəstəlik törədicilərinə qarşı immun cavabı yaratmaq üçün formalaşdığı sahələr kimi tanınır.
Tədqiqatın birinci müəllifi Canq Hyun Park sağlam sümük iliyində indiyədək bu cür strukturlara rast gəlinmədiyini bildirərək, bu tapıntıların beynin özünü qorumaq üçün ixtisaslaşmış immun strukturlarına malik olduğunu göstərdiyini vurğulayıb.
Beyin şişi olan siçanlar üzərində sınaqdan keçirilib
Tədqiqatçılar bu strukturların funksiyasını beyin xərçəngi növü olan qlioma modeli yaradılmış siçanlar üzərində araşdırıblar.
Kəllədəki limfoid strukturların fəallığını tənzimləmək məqsədilə siçanların baş dərisinin altına immuniteti gücləndirən və ya zəiflədən maddələrdən ibarət hidrogel yeridilib.
Kəllə nahiyəsindəki limfoid strukturların funksiyası pozulmuş siçanlarda şişlərin daha aqressiv inkişaf etdiyi və sağqalma müddətinin nəzarət qrupu ilə müqayisədə xeyli aşağı olduğu görülüb.
Əksinə, üç fərqli immunitet gücləndirici zülal verilən siçanlarda kəllədəki limfoid strukturlardan daha güclü immun cavabı alınıb. Bu siçanların şişlə daha effektiv mübarizə apardığı və ömür müddətlərinin əhəmiyyətli dərəcədə uzandığı qeydə alınıb.
İnsanlarda da mövcudluğuna dair işarələr var
Alimlər siçanlar üzərində əldə olunan nəticələrin birbaşa insanlara şamil edilə bilməyəcəyini vurğulayırlar. Bununla belə, daha əvvəl insan kəllə sümüyü iliyində follikulyar T hüceyrələrinin aşkarlanması oxşar immun strukturlarının insan orqanizmində də mövcud ola biləcəyini göstərir.
Bu strukturların insanlarda da təsdiqlənməsi gələcəkdə beyin şişlərinin müalicəsində tamamilə yeni üsulların hazırlanmasına təkan verə bilər. Tədqiqatçılara görə, baş dərisi altından tətbiq edilən metodlarla immun mərkəzlərinə birbaşa təsir göstərmək beyin əməliyyatları ilə müqayisədə daha az invaziv müalicə imkanları yaradacaq.
C. Kipnis əldə edilən nəticələrin neyroimmunologiya sahəsindəki mövcud baxışları dəyişdirə biləcəyini qeyd edib. O, kəllədəki bu immun mərkəzlərinin beyin şişləri ilə yanaşı, Altsheymer, Parkinson, şizofreniya və uzunmüddətli COVID kimi immun sistemi ilə bağlı nevroloji xəstəliklərin tədqiqində də həlledici rol oynaya biləcəyini ifadə edib.

