Səadət Bayramova: Səhiyyədə QHT–dövlət əməkdaşlığı daha sistemli qurulmalıdır
13.08.2026 13:43

Səhiyyə sahəsində vətəndaş cəmiyyətinin rolunun gücləndirilməsi, xüsusilə pasiyentlərin ehtiyaclarının müəyyənləşdirilməsi və onların problemlərinin aidiyyəti qurumlara çatdırılması baxımından QHT-lərin fəaliyyəti mühüm əhəmiyyət daşıyır. Bu baxımdan Səhiyyə Nazirliyi və QHT-lərə Dövlət Dəstəyi Agentliyinin səhiyyə sahəsində fəaliyyət göstərən QHT-lər üçün birgə qrant müsabiqəsi dövlət–vətəndaş cəmiyyəti əməkdaşlığının inkişafı istiqamətində mühüm addım kimi qiymətləndirilir.

“Səhiyyə Nazirliyi və QHT-lərə Dövlət Dəstəyi Agentliyinin səhiyyə sahəsində fəaliyyət göstərən QHT-lər üçün birgə qrant müsabiqəsini çox müsbət qiymətləndirirəm. Çünki səhiyyə yalnız dövlət qurumlarının deyil, vətəndaş cəmiyyətinin də fəal iştirakını tələb edən bir sahədir. Xüsusilə xroniki və uzunmüddətli müalicə tələb edən xəstəliklərdə QHT-lər xəstələr və onların ailələri ilə dövlət qurumları arasında mühüm körpü rolunu oynayırlar”.

 

Bu barədə Aztibb.az-a açıqlamasında “Kistoz Fibroz Xəstələrinə Yardım” İctimai Birliyinin sədri Səadət Bayramova bildirib.

 

Onun sözlərinə görə, Səhiyyə Nazirliyi ilə QHT Agentliyinin birgə qrant müsabiqəsi sadəcə maliyyə dəstəyi kimi qəbul edilməməlidir:

 

“Mən düşünürəm ki, bu, dövlət–vətəndaş cəmiyyəti əməkdaşlığının səhiyyə sahəsində daha sistemli qurulması üçün mühüm addımdır.

Ən böyük üstünlük odur ki, QHT-lər problemləri birbaşa pasiyentlərin həyatından görürlər. Biz xəstələrin hansı çətinliklərlə üzləşdiyini, hansı xidmətlərin çatışmadığını, hansı məsələlərin onların həyat keyfiyyətinə təsir etdiyini gündəlik fəaliyyətimizdə müşahidə edirik.

 

QHT-lər məhz bu ehtiyacları görünən edə və dövlət qurumlarına real məlumatlarla çatdıra bilərlər. Dövlətin imkanları ilə QHT-lərin sahədəki təcrübəsi birləşəndə daha effektiv nəticə əldə etmək mümkündür”.

 

Səadət Bayramova qeyd edib ki, səhiyyə sahəsində çalışan QHT-lər yalnız tədbirlər keçirən təşkilatlar kimi fəaliyyət göstərməməlidir:

 

“QHT araşdırma aparmalı, xəstələrin ehtiyaclarını sənədləşdirməli, məlumat toplamalı, maarifləndirmə aparmalı, dövlət qurumları ilə dialoq qurmalı və nəticələri ölçə bilməlidir.

 

Belə qrant imkanları QHT-lərə məhz bu institusional potensialı inkişaf etdirmək imkanı verir. Layihələrin hazırlanması, monitorinqi, nəticələrin qiymətləndirilməsi, hesabatlılıq və beynəlxalq təcrübənin tətbiqi sahəsində QHT-lərin peşəkarlığı artır.

 

Məncə, ən vacib məsələ real problemdən çıxış etməkdir. Layihə “biz nə etmək istəyirik?” sualından daha çox, “cəmiyyətdə hansı real problemi həll edəcəyik və bunun nəticəsini necə ölçəcəyik?” sualına cavab verməlidir”.

 

O vurğulayıb ki, səhiyyə layihələrində nəticə göstəriciləri konkret olmalıdır. Onun fikrincə, layihə çərçivəsində neçə insanın maarifləndiriləcəyi, neçə pasiyentin xidmətə çıxış əldə edəcəyi, hansı bilik və davranış dəyişikliklərinin baş verəcəyi əvvəlcədən müəyyənləşdirilməlidir.

 

Səadət Bayramova həmçinin layihələrin ölkənin səhiyyə prioritetləri ilə uyğunlaşdırılmasının və davamlılığının təmin edilməsinin vacibliyini diqqətə çatdırıb.

 

“Layihələr hazırlanarkən həkimlər, tibb müəssisələri, pasiyent təşkilatları və digər aidiyyəti tərəflər bir masa arxasında olmalıdırlar. Bu zaman layihə həm pasiyentin real ehtiyacını, həm də tibbi baxımdan düzgün yanaşmanı özündə birləşdirə bilər. Xüsusilə nadir xəstəliklərdə multidissiplinar yanaşma çox vacibdir.

 

QHT-lərlə dövlət qurumları arasında mütəmadi dialoq mexanizmləri yaradılmalıdır. Əməkdaşlıq yalnız qrant müsabiqəsi zamanı deyil, il ərzində davam etməlidir.

 

Mən inanıram ki, Səhiyyə Nazirliyi ilə QHT Agentliyinin bu əməkdaşlığı gələcəkdə səhiyyə sahəsində QHT-lərin rolunu daha da gücləndirə bilər. Ən böyük nəticə isə o zaman olacaq ki, bu əməkdaşlığın bəhrəsini konkret olaraq pasiyent, onun ailəsi və bütövlükdə cəmiyyət hiss etsin”.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır