Nature: Süni intellektdən həddindən artıq istifadə idrak bacarıqlarını zəiflədə bilər
15.07.2026 13:08

 

"Nature" jurnalında dərc olunan məqalədə bildirilir ki, süni intellekt alətlərindən intensiv istifadə edən həkimlər və proqram mühəndisləri bu vasitələrdən istifadə etmədikdə peşəkar fəaliyyətlərində daha aşağı nəticələr göstərirlər. Tədqiqat müəllifləri bunu GPS naviqasiyasından uzunmüddətli istifadənin insanın istiqamət tapmaq bacarığını zəiflətməsi ilə müqayisə edirlər.

 

Aztibb.az məqaləyə istinadən yazır ki, 2026-cı ilin iyununda ABŞ-da səhiyyə işçiləri arasında keçirilən sorğunun nəticələrinə görə, həkimlərin 77 faizi, tibb bacılarının isə 70 faizi süni intellektdən həddindən artıq asılılığın peşə bacarıqlarını zəiflədə biləcəyindən narahat olduqlarını bildiriblər. Ümumilikdə, sorğu iştirakçılarının 74 faizi bu risklə bağlı narahatlıq ifadə edib.

 

Oxşar nəticələr Polşada kolonoskopiya üzrə təcrübəli həkimlərin iştirakı ilə aparılan araşdırmada da əldə olunub. Süni intellekt dəstəyi ilə çalışan həkimlər sonradan eyni görüntüləri bu sistem olmadan qiymətləndirdikdə onların performansında əhəmiyyətli azalma müşahidə edilib. Xoşxassəli şişlərin (adenomların) aşkarlanma göstəricisi süni intellektdən əvvəl 28,4 faiz, sonrakı dövrdə isə 22,4 faizə enib.

 

Bundan əvvəl "The Lancet Gastroenterology & Hepatology" jurnalında dərc olunan araşdırmada da qeyd olunmuşdu ki, süni intellektə artan asılılıq hətta yüksək ixtisaslı mütəxəssislərin də peşə bacarıqlarına mənfi təsir göstərə bilər. Tədqiqatçılar hesab edirlər ki, süni intellektdən davamlı istifadə klinik qərarvermə zamanı mütəxəssislərin motivasiyasını, diqqətini və məsuliyyət hissini azalda bilər.

 

"Nature" jurnalında proqram mühəndisləri arasında aparılmış eksperimentin nəticələrinə də yer verilib. Təcrübədə iştirak edən 52 proqramçının bir hissəsinə kodlaşdırma tapşırıqlarını yerinə yetirərkən süni intellekt köməkçisindən istifadə etməyə icazə verilib. Sonrakı imtahanda süni intellektdən istifadə edən qrupun orta nəticəsi 50 faiz, istifadə etməyənlərin isə 67 faiz olub. Xüsusilə proqram kodundakı səhvlərin müəyyənləşdirilməsi ilə bağlı tapşırıqlarda süni intellektdən istifadə edənlər daha zəif nəticə göstəriblər ki, bu da alqoritmlərin yaratdığı kodun arxasındakı prinsipləri kifayət qədər mənimsəmədiklərini göstərir.

 

Məqalədə vurğulanır ki, generativ süni intellekt düşünmə, təhlil və şərh etmə kimi uzun illər yalnız insana məxsus hesab edilən idrak bacarıqlarının bir hissəsini avtomatlaşdıran ilk texnologiyalardan biridir. Müəlliflər bacarıqların zəifləməsinin qarşısını almaq üçün istifadəçilərə süni intellektin imkan və məhdudiyyətlərini yaxşı öyrənməyi, onun cavablarını tənqidi qiymətləndirməyi və qərar qəbul edərkən yalnız süni intellektə kor-koranə etibar etməməyi tövsiyə edirlər.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır